Yuxarı

Supergüclərdən nüvə təhdidi

Supergüclərdən nüvə təhdidi

"ABŞ tərəfindən keçirilən sınaqlar Rusiya üçün nüvə təhlükəsi riskini artırır”.

"Cümhuriyət” qəzeti xəbər verir ki, bunu istefada olan polkovnik, "Komsomolskaya Pravda” nəşrinin hərbi müşahidəçisi Viktor Baranes "Star” telekanalının saytına müsahibəsində deyib. "Amerika bombalarının sınağında heç bir anilik yoxdur. Daha 1,5-2 il əvvəl amerikalılar bildirdilər ki, Almaniya ərazisində yerləşdirilən nüvə bombaları müasirləşdiriləcək. Beləliklə, bu bombalar yüksək dəqiqliklə silaha çevrilir. Bu, Rusiya Müdafiə Nazirliyi və Baş Qərargah tərəfindən nəzərə alınacaq çox ciddi amildir. Amerikalılar Rusiya üçün nüvə təhlükəsinin potensialını artırdılar”, - o bildirib.

Dünya nüvə müharibəsi astanasında

Xatırladaq ki, ABŞ-ın Energetika Nazirliyinin Nüvə Təhlükəsizliyi Milli İdarəsi Hərbi Hava Qüvvələri ilə birlikdə Nevada ştatında B61-12 nüvə bombasının ikinci sınağını keçirib. Sınaqlar B61-12 bombalarının xidmət müddətinin uzadılması proqramı çərçivəsində avqustun 8-də keçirilib. Bombalar F-15E qırıcı-bombardmançıdan atılıb. Sınaqların gedişatında bombanın qeyri-nüvə imkanları, həmçinin bu bombardmançının bombanı çatdırmaq qabiliyyəti qiymətləndirilib. Birinci belə sınaq martda keçirilib. Qeyd edək ki, B61-12 B61 taktik nüvə təyyarə bombasının idarə olunan modifikasiyasını təşkil edir. Bombanın birinci versiyası silahlanmaya 1968-ci ildə qəbul edilib. B61-12 bombaları B61 ailəsinin taktik bombalarının əvvəlki versiyalarının əvəzetməsi çərçivəsində 2020-ci ildən sonra Avropada yerləşdiriləcək. B61-12 ABŞ-ın nüvə arsenalında B61 bombasının dörd modifikasiyasını əvəz edəcək.

Rusiyanın müharibə hazırlığı

Prezident Donald Trampın Konqresin sərt sanksiya layihəsini imzalanmasından sonra ABŞ - Rusiya münasibətləri istənilən an nəzarətdən çıxa biləcək məcraya yönəlib. Şübhəsiz ki, Suriya və Ukrayna üzərində müharibə perspektivi daşıyan düşmən münasibətlər rəqibləri qorxulu variantlara əl atmağa məcbur edəcək ölçüyə sahibdir. Hesab olunur ki, Rusiya ABŞ-ın Ukraynada hərbi baza tikmək qərarına və Pentaqonun Bəşər Əsədin mövqelərinə qarşı hücuma hazırlaşmasına cavab verəcəyi halda, müharibə ehtimalı özünü doğrulda bilər. Hərbi toqquşmada rəqiblərin nüvə silahlarına müraciət edəcəklərinə də inam çoxdur.

Hələ keçən il Rusiya belə bir mesajı nüvə başlıqları bərkidilmiş 3 ballistik raketlərini sınaqdan keçirməklə vermişdi. Birinci raketi Sakit okean sahillərində - Yaponiya ilə Şimal sərhədləri yaxınlarına, ikincini Şimal qütbünə (Barens dənizininin altına), üçüncüsünü isə Şimal-şərq Asiya istiqamətinə ataraq, Amerikanı hər tərəfdən vura biləcəyi fikrini formalaşdırdı. Artan riski nəzərə alan Rusiya hələ keçən ildən nüvə-kimyəvi, bioloji-kimyəvi müharibələrə qarşı tədbirlər görməyə başlayıb. Hökumətin göstərişi ilə strateji əhəmiyyətli bölgələrdə insanlara qoruyucu maskalar və geyimlər paylanılır, yeraltı sığınacaqlar nəzərdən keçirilir. Keçən ildən bu günədək 100 milyona yaxın insanın kimyəvi müharibə məsələsində maarifləndirildiyi bildirilir. Başqa bir tərəfdən isə Rusiya Kalininqrad bölgəsində nüvə başlığı bərkidilmiş "İsgəndər M” raketlərini yerləşdirib.

Amerikanın müharibə hazırlığı

ABŞ da rəqibinin savaş hazırlıqlarına qarşı səssiz dayanmır. Nüvə silahlarını sınaqdan və nəzərdən keçirməyə başlayan Amerika "Sarı həyəcan” vəziyyətində hazırlıqları davam etdirir. Görünən budur ki, Amerika yetkililəri nüvə müharibəsindən çəkinmirlər və ən pis varianta da hazırdılar. Polşa və Rumıniyada Ballistik Raketlərin Hücumundan Müdafiə Sistemləri (AEGIS) quraşdıran ABŞ bununla, Avropanı və qitədəki mövqelərini Rusiyanın nüvə hücumlarından qoruyacağını düşünür.

"Amerika buna məcburdur”

Politoloq Qabil Hüseynli "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, ABŞ-ın nüvə sınaqları Rusiyaya ünvanlanmış mesajdır. Politoloq bunu Rusiyanın silahlanma yarışına verdiyi sürətlə əlaqələndirib:

"Mesaj Rusiyaya ünvanlanıb. Ümumiyyətlə, dünyada silahlanma yarışını Rusiya başladıb. Bir tərəfdən nüvə silahlarını yeniləyən Rusiya digər tərəfdən də "İsgəndər M” raketlərinə nüvə başlıqları bərkidərək Avropanı hədəfə alıb. Rusiyanın Raqozin kimi yüksək rütbəli rəsmilərli dəfələrlə Amerikanı hədələyən bəyanatlar səsləndiriblər. 15 dəqiqə ərzində Amerikanı radioaktiv toza çevirə biləcəklərini iddia ediblər. Belə bir hal da Amerikanı nüvə silahlarını sınaqdan keçirməyə və yeni nəsil ballistik raketləri istehsal etməyə məcbur edir. Başqa sözlə, dünyada davam edən yeni silahlanmanın təşəbbüskarı Rusiyadır. Bu ölkə son illərdə yeni nüvə cəbbəxanası yaratmaqla silahlanma yarışına start verib. Ordu döyüş vəziyyətindədir və Silahlı Qüvvələrin arsenalında olan silahların həcmi 15 dəfə artırılıb. Amerika da buna cavab olaraq, öz tədbirlərini görür”.

Mənsur Rəğbətoğlu






Həftənin ən çox oxunanları