Yuxarı

"Soyuq savaş”dan müharibəyə doğru

Ukrayna böhranı ilə ABŞ və Rusiya arasında yaşanan diplomatik gərginlik pik həddə çatıb. Artıq özündə "soyuq müharibə” riski daşıyan münasibətlər Ağ Ev rəhbəri Donald Trampın Rusiyaya qarşı ağırlaşdırılmış sanksiya layihələrini imzalamasından sonra qırılma nöqtəsindədir. Amerikanın yeni sanksiyaların tətbiqinə Rusiya da cavabsız qalmır. ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sərt sanksiyalara cavab olaraq, Kreml ABŞ diplomatlarının sayını 755-dən 455 nəfərə qədər azaldacağını açıqlayıb. 

Vaşinqtondan Moskvaya verilən cavab isə daha sərt olub, Konqres hökumətdən daha 3 Rusiya konsulluğunun fəaliyyətini dayandırmasını tələb edib. Bunlar Rusiyanın San Fransisko, Vaşinqton və Nyu Yorkda yerləşən konsulluqlarıdır. Rusiyanın sərt reaksiyasına baxmayaraq, Amerika artıq bu ölkənin diplomatik nümayəndiliyinin əməkdaşlarının sayının azaldılması qərarını icra edir. Rusiya Ticarət Nümayəndiliyinin binası artıq Amerikanın  nəzarətinə keçib. Axtarışlarda səfirlik nümayəndələri də iştirak edib. Artıq bu ölkədəki rusiyalı diplomatların sayı kəskin azalır. Rusiyadan olan vətəndaşlara vizaların verilməsi də məhdudlaşdırılıb. Rusiya Xarici İşlər Nazirliyi (XİN) bundan sonra bəyanat yayaraq, ABŞ hökumətini qərarı ləğv etməyə çağırıb. XİN bəyanatda San-Fransiskoda Rusiya Baş Konsulluğunun və Vaşinqtonda ticarət nümayəndəliyinin binalarının alınmasını Vaşinqtonun bariz düşmən aktı və beynəlxalq hüququn pozulması kimi qiymətləndirib. Rusiya ABŞ hakimiyyəti yenidən düşünməyə və təcili Rusiyanın diplomatik obyektlərini qaytarmağa çağırıb. Bəyanatda qeyd edilib ki, əks təqdirdə qlobal təhlükəsizlikdə mühüm əhəmiyyət daşıyan iki ölkə arasında diplomatik münasibətlərin pozulmasına görə, bütün məsuliyyət ABŞ-ın üzərinə düşəcək.

Tükənən diplomatik cəhdlər

Özündə müharibə ehtimalları daşıyan gərgin münasibətlər bir neçə istiqamətdə özünü göstərir. Ukrayna və Suriya mövqelərini aydınlaşdıra bilməyən ABŞ və Rusiya eyni zamanda Balkan yarımadası, Baltikyanı bölgə və Qara dəniz hövzəsində də üz-üzədir. Üstəgəl, ABŞ-a qarşı artıq Şimali Koreyanı dəstəkləyən Rusiya bir tərəfdən də İranın nüvə sahəsindəki fəaliyyətini sürətləndirməyi planlaşdırır. Başqa sözlə, bütün regional münaqişələrdə biri-birinə daban-dabana ziddi mövqe tutan rəqiblər üçün hazırkı situasiyada gərginliyi aradan qaldırmaq üçün diplomatik cəhdlərin tükənmiş kimi görünür. Tərəflərdən heç biri problemləri masa ətrafında həll etmək niyyətindəymiş kimi də görünmür, bununla bağlı çağırışlar da edilmir. Rusiya isə bundan sonra baş verəcəklərin məsuliyyətinin ABŞ-da olacağını bildirərək, əzəli rəqibinə meydanı göstərib.

Artan müharibə riski

Nəzərə alsaq ki, ABŞ-ın liderlik etdiyi koalisiya Suriyada İŞİD terror təşkilatının nəzarətində olan strateji əhəmiyyətli bölgələri ələ keçirdikdən sonra Bəşər Əsədə qarşı əlverişli mövqe əldə edib, bu da ABŞ - Rusiya qarşıdurması riskini artırır. Eyni situasiya Baltikyanı bölgə və Ukrayna üçün də keçərlidir. ABŞ-ın Ukraynanın Qara dəniz sahillərində hərbi baza tikməsinə cavab olaraq, Rusiya Kalininqrad bölgəsində nüvə başlıqları quraşdırılmış ballistik raketlər və Silahlı Qüvvələrinin sayını artırıb. Üstəgəl, Rusiyanın Baltikyanı dövlətlər ətrafında hərbi təlimləri artırımasının yaratdığı müdaxilə riskini aradan qaldırmaq istəyən ABŞ və NATO bölgəyə əlavə 100 minlik qoşun göndərmək barədə qərar verib. 

Görünən budur ki, tərəflərin hər biri digərinin ən kiçik həmləsinə silahla cavab verməyə hazır vəziyyətdədir.

"Tramp ittihamlardan yayınmaq üçün bu addımları atdı”

Politoloq Elçin Mirzəbəyli "Cümhuriyət” qəzetinə açıqlamasında ABŞ və Rusiya arasındakı gərginliyin indiki situasiyada özündə müharibə ehtimalı daşımadığını bildirib. O, hesab edir ki, son dönəmlərdə münasibətlərdə hiss olunan gərginliyin bir sıra səbəbləri var: "Seçkiqabağı kampaniyada Donald Trampa qarşı Rusiya ilə bağlı bir sıra ittihamlar səsləndirilmişdi. Son zamanlarda bu ittihamlar daha da kəskinləşmişdi. Buna görə də Tramp "Rusiyanın adamı” ittihamından yayınmaq istəyirdi. Buna görə də münasibətləri gərginləşdirəcək addımlar atdı. Digər yandan isə gərginlikdə hər iki ölkənin geosiyasi maraqlarının biri-birinə uyğun gəlməməsi məsələləri də yer alır. ABŞ dünyanın hegemon gücüdür, Rusiya isə hegemon gücə çevrilmək istəyən gücdür. Başqa sözlə, geosiyasi müstəvidə baş verən proseslər, enerji dəhlizləri uğrunda mübarizə də münasibətlərə mənfi təsir göstərir. Həmçinin Rusiya və ABŞ arasında fundamental problemlər var ki, bu problemləri qısa müddət ərzində aradan qaldırmaq mümkün deyil. Bunlar geosiyasi - qlobal problemlərdir. Buna görə də həmin problemlərin həlli uzun vaxt tələb edir”.

Mənsur Rəğbətoğlu






Həftənin ən çox oxunanları