Yuxarı

Ermənistana "yaşıl işıq”, İsrailə qadağa

Ermənistana

İranın ali dini rəhbərinin Şərqi Azərbaycan ostanındakı nümayəndəsi Məhəmməd Əli Əl-Haşim Azərbaycanı İsraildə səfirlik açmamağa çağırıb. 

"Cümhuriyət” qəzeti "Farsnews”a istinadən xəbər verir ki, Təbrizdə islam ölkələrinin KİV nümayəndələri ilə görüşən əl-Haşim bildirib ki, bəzi ölkələr İranla Azərbaycanı bir-birindən uzaqlaşdırmağa çalışır. "Buna görə də, biz Azərbaycanı çağırırıq ki, düşmənlərin hiylələrindən çəkinsin”, - İran ruhaniliyinin təmsilçisi deyib. 

İran Azərbaycanın daxili işlərinə niyə müdaxilə etməyə cəhd edir?

Müstəqilliyinin ilk illərindən bu günədək İran dəfələrlə Azərbaycana İsraildə səfirlik açmaq niyyətindən daşındırmaq üçün barmaq silkələyib.İstər dini, istərsə də siyasi səviyyədə Tehran tərəfindən gündəmə gətirilib.Əlbəttə, bu ilk növbədə Azərbaycanın daxili işlərinə müdaxilə cəhdidirsə, digər yandan İsrail - Azərbaycan münasibətlərindən keçirilən narahatlıqdır.Şübhəsiz ki, məsələnin kökündə dayanan ən əsas faktor, İranın özünə qarşı təhdid kimi gördüyü İsrailin Azərbaycanda hərbi-siyasi cəhətdən möhkəmlənmək maraqlarından qaynaqlanır.Dəfələrlə İran buna görə İsrailin Azərbaycanda gizli hərbi bazalarının olduğunu və buradan Tehranın hədəfə alındığını iddia edib.

Ortaya atdığı əsassız iddialarına özü də inanan molla rejimi üçün Azərbaycanın İsraildə səfirlik açması da bu baxımdan, Azərbaycanın tamamilə bu yəhudi dövlətinin nəzarətinə keçməsi mənasını verir.Baş nazir Binyamin Netanyahunun Bakıya səfərində bu narahatlıq pik həddə qalxmışdı və Tehrandan Azərbaycanı təhdid edirdilər.

"İranın çaldığına oynamayacağıq”

"Yeddi Dövlət - Bir Millət” Konseyninin başqanı, siyasi şərhçi Azər Həsrət "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, İran İsraillə düşmən münasibətləri qurub. O, hesab edir ki, molla rejimi yəhudi dövləti ilə münasibətlərin düşmənçilik müstəvisində davam etməsində maraqlıdır: "Eyni zamanda İran iddia edir ki, islam dövlətidir, Azərbaycan da müsəlman ölkəsi olduğuna görə, molla rejimi islam həmrəyliyi nümayiş etdirməlidir. Əlbəttə, Azərbaycanın öz dövlət siyasəti və milli maraqları var. Heç vaxt Azərbaycan İranın çaldığına oynayan deyil və oynamayacaq. Əgər həqiqətən İran islam həmrəyliyindən çıxış edirsə və səmimidirsə, o zaman özünün Ermənistanın paytaxtındakı səfirliyini bağlasın. İranda həmişə Azərbaycandan danışanda bizə "müsəlman qardaşları”, deyə müraciət edirlər.Əgər İran həqiqətən bizə müsəlman qardaşdırsa, o zaman Azərbaycan ərazilərini işğal etmiş Ermənistandakı səfirliyini bağlasın.Əlbəttə, bağlamayacaqlar, buna görə də Azərbaycanın İsraildə səfirlik açıb-açmayacağı ilə bağlı verəcəyi qərarın heç bir formada İrana aidiyyatı yoxdur.Ümumiyyətlə, Azərbaycan həmişə İranın belə bəyanatlarını ciddiyə almayıb və qulaqardına vurub.Biz bilirik ki, İran istədiyini deyə bilər, amma biz öz siyasətimizi yürüdəcəyik”.

"Bunun Azərbaycana dəxli yoxdur”

"Borçalı” Cəmiyyətinin sədri, politoloq Zəlimxan Məmmədli "Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki,  İranın Azərbaycan - İsrail münasibətlərindən "narahat olması” Tehranın bu ölkəyə olan düşmən münasibətlərindən qaynaqlanır. Amma İran İsrailə düşməndirsə, bunun Azərbaycana dəxli yoxdur.Azərbaycan müstəqil siyasət yürüdən dövlətdir.Azərbaycan öz milli maraqlarının təyin olunma nöqtələrini bilir, bilməlidir.Bu müstəvidə də hansı dövlətlə, hansı münasibətin qurulması bizim daxili işimizdir.Buna heç bir dövlətin müdaxilə etməyə haqqı yoxdur”.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları