Yuxarı

Suriya düyünü: Bölgənin taleyi Türkiyədən asılıdır

Suriya düyünü: Bölgənin taleyi Türkiyədən asılıdır

Suriyanın Afrin rayonunun Türkiyə ilə sərhəd ərazisindən Bəşər Əsəd rejiminin bayraqları yığışdırılıb. "Cümhuriyət” qəzeti xəbər verir ki, bu barədə Türkiyədə fəaliyyət göstərən "Anadolu” İnformasiya Agentliyi məlumat yayıb. Agentlik bu ərazidə yalnız Rusiya bayraqlarının saxlanıldığını bildirib.

Qeyd edək ki, Suriya Afrin bölgəsi Bəşər Əsəd ordusu və kürdlərin YPG terror təşkilatının nəzarətindədir.

YPG - Rusiya anlaşması

Xatırladaq ki, Rusiya bundan əvvəl YPG-nin nəzarətində olan Təl-Rüfət (Hələbin Şimalında yerləşir) və Afrin bölgələrinə hərbi birliklərini göndərmişdi. Əvvəlcə, Rusiyanın bu addımı barədə dəqiq məlumat olmasa da sonradan məlum oldu ki, YPG ilə gizli şəkildə anlaşan Rusiya bölgədə müşahidəçi kimi fəaliyyət göstərəcək. Rusiyanın bu addımının Türkiyə üçün ciddi bir mesaj olduğu da müzakirə mövzusudur. Çünki son zamanlarda yenidən türk ordusunun Afrində hərbi əməliyyatlara başlayacağı məsələsi gündəmə gəlmişdi. Rusiya isə YPG ilə anlaşaraq Türkiyənin bu planı qarşısına ciddi əngəl çıxardı. Nəzərə alsaq ki, YPG və Rusiya arasında anlaşmanın əldə edilməsindən cəmi bir neçə saat sonra Rusiya bölgəyə hərbi birliklərini göndərərək Suriya bayraqlarını buradan yığışdırır, bu da məsələnin ciddiyyətini artırır.

Moskvanın Vaşinqtondan aldığı "kürd kartı”

Türkiyə ilə sərhəddə yerləşən Afrin türklər üçün xüsusi əhəmiyyət kəsb edirdi. Xüsusilə, Türkiyəyə qarşı ərazi və müstəqillik iddiaları ilə çıxış edən YPG-nin buradakı varlığı türk hökuməti tərəfindən ciddi təhdid kimi qəbul edilir. Buna görə də Türkiyənin məqsədi buradakı silahlı kürd birləşmələrini neytrallaşdırıb, Afrini Suriya ilə sərhəd bölgələrində yaradacağı təhlükəsizlik zolağına daxil etmək idi. Lakin bölgənin bir hissəsinin Rusiya və Əsəd ordusunun, bir hissəsinin də ABŞ-la anlaşmış YPG-nin nəzarətində olması Türkiyənin hərbi əməliyyatlara başlamasının qarşısına əngəl çıxarırdı. İndiki situasiyada isə bölgə demək olar ki, tamamilə Rusiyanın nəzarətinə keçir və bundan sonra da YPG-nin rusların tapşırıqlarını yerinə yetirəcəyinə şübhə yoxdur. Rusiyanın bundan Türkiyə əleyhinə istifadə edəcəyi də gözləniləndir. Ehtimal etmək olar ki, Rusiya müttəfiqi Əsədlə münasibətləri soyuq olan rəsmi Ankaraya qarşı "kart” kimi istifadə edəcək, bu baxımdan bir sıra şərtlərini Ankaraya diktə edə bilər.

Rusiyanın Türkiyə ilə birgə əməliyyat planı

Yaxın Şərq üzrə araşdırmaçı Kənan Rövşənoğlu "Cümhuriyət” qəzetinə açıqlamasında xatırladıb ki, Afrin kürdlərin, yəni SDQ-nin nəzarəti altındadır. Araşdırmaçının sözlərinə görə, bu ilin əvvəlində rus xüsusi təyinatlıları bölgədə göründü və elan olundu ki, ruslar burada kürdlərə təlim keçəcəklər:

"Ancaq həm də hərbi düşərgənin qurulacağı qeyd olunurdu. Bu bölgə hələ də kürdlərin nəzarətindədir. Amma Türkiyə bu bölgənin kürdlərdən təmizlənməsini istəyir. Ankaranın ikinci Suriya əməliyyatı da məhz Afrin və ətrafdakı kiçik "kürd adası”nda planlaşdırılır. Çünki Türkiyə Suriya ilə sərhədlərində kürdlərin olmasını istəmir, bunun separatizmi gücləndirəcəyindən, sərhədlərin kürdlərin nəzarətində olmasından narahatdır. Ruslar isə Suriyada hansısa bölgəyə öz bayraqlarını asıb oranı öz əraziləri elan etmir, rus qüvvələri Suriya ordusu ilə birlikdə hərəkət edir. Buna görə də Suriya ordusunun bölgədən çıxması və buranın tamamilə rusların nəzarətinə keçməsi ilə bağlı olan iddialar dəqiq məlumat deyil”.

Kənan Rövşənoğlu hesab edir ki, Afrin və ətraf ərazilərin taleyi İdlib əməliyyatı ilə həll olacaq: "Rusiya Türkiyəni İdlib əməliyyatına razı salmaq istəyir. Bu plana əsasən ruslar və Suriya ordusu cənubdan, Türkiyə isə şimaldan İdlibə daxil olub bölgəni terrorçu kimi tanınan silahlı qruplardan təmizləyəcəklər. Türkiyə hələ qərarını vermədiyi üçün əməliyyat ləngiyir. Türkiyə üçün bu əməliyyatda qazanc, İdlibin Şimalı və Afrin bölgəsinin Türkiyənin və dəstəklədiyi silahlı qrupların - ASO-nun nəzarətinə keçməsidir. Bu istiqamətdə danışıqların detalları və indiki vəziyyəti bizə məlum deyil. Amma İdlib əməliyyatı başlasa, Türkiyənin iştirakı bu suala aydınlıq gətirəcək. Burada daha bir narahatlıq doğuran məsələ isə amerikalıların mövqeyidir.

Çünki ABŞ ordusu hazırda Kobani - Cerablus xəttində Türkiyə ordusu və SDQ qüvvələri arasında dayanaraq toqquşmanın qarşısını alır. Afrin əməliyyatını da amerikalılarla razılaşdırmaq lazım gələcək. Bu səbəbdən də indi həm Afrin, həm də İdlib əməliyyatı yubanır. Eyni zamanda kürdlər Raqqada ilişib qalıblar. Suriya ordusu isə kürdlərin Cənuba doğru irəliləməsinin qarşısını almaq üçün güclərini Deyr əz-Zor ətrafında cəmləşdirib İŞİD-dən təmizləməyə çalışır”.

Mənsur Rəğbətoğlu






Həftənin ən çox oxunanları