Yuxarı

"Kürdüstan planı”na qırmızı işıq

İraqın şimalındakı kürd muxtariyyətinin başçısı Məsud Bərzani rəsmi Bağdadı hədələyib.

"Cümhuriyət” qəzeti xarici KİV-lərə istinadən xəbər verir ki, o, müstəqillik referendumunun nəticəsi Bağdad tərəfindən tanınmasa, "Kürdüstan dövləti”nin sərhədlərinin çəkiləcəyini bildirib.

Sentyabr ayının sonunda Kürdüstanın müstəqilliyinə dair referendumun keçiriləcəyindən danışan Məsud Bərzani deyib ki, əgər kürdlər İraqdan ayrılmaq barədə qərar qəbul etsələr, o, mərkəzi hökumətlə sövdələşmə yolu ilə bu məsələni həll etmək istəyərdi. İraqın baş naziri Heydər əl-Abadi isə referendumu qeyri-konstitusiya hərəkəti kimi rədd edib. Amma Bərzani xəbərdarlıq edib ki, kürdlər Kərkükdəki mövcud status-kvonu dəyişmək istəyən istənilən qrupla döyüşməyə hazırdırlar: "Referendumdan sonra  sərhəd, su və neftə dair razılıq əldə etmək üçün Bağdadla danışıqlar başlayacaq.  Biz bu addımları atacağıq, lakin onlar bunu qəbul etməsə, vəziyyət tamam başqa cür olacaq”.

Dünyanı silkələyəcək addım

Qeyd edək ki, Şimali İraq Kürd Muxtariyyətində müstəqillik referendumu sentyabr ayının son həftəsinə planlaşdırılıb.Ərbilin İraqdan ayrılmaq cəhdləri bir sıra qruplaşmalar tərəfindən dəstək görsə də İraqla yanaşı, digər region dövlətləri Səudiyyə Ərəbistanı, İran, Suriyanın narazılığı ilə qarşılanıb. Türkiyə, ABŞ, Rusiya, Fransa, Almaniya və digər güc dövlətləri də İraqın parçalanmasını nəzərdə tutan referendumun əleyhinədirlər. Həmin dövlətlərin mövqelərinə görə, İraqın ərazi bütövlüyü üçün təhdid yaratmayan muxtariyyət statusu hazırkı situasiyada ən ideal variantdır.

Ekspertlər Ərbilin ABŞ və Qərbdən dəstək ala bilməyəcəyi halda bu təşəbbüsünün reallaşmayacağını deyirlər.Qeyd olunur ki, "Böyük Kürdüstan” Qərb tərəfindən hazırlanmış plan olsa da hazırkı situasiyada hansısa səbəblərdən bu planının reallaşdırılması məqbul hesab edilmir.Belə bir vəziyyətin də Türkiyənin xeyrinə olduğu da şübhəsizdir. Çünki Türkiyə "Kürdüstan”nın qurulması məsələsinin gündəmə gəldiyi ilk vaxtlardan bunun əleyhinə gedərək, öz təhlükəsizliyini təhdid edəcək belə bir layihənin həyata keçirilməsinə icazə verməyəcəyini açıqlayıb. Layihənin "beyin mərkəzi” hesab olunan ABŞ-ın da buna qarşı çıxması Türkiyənin Ərbilin cəhdlərinə mane olmağa imkan verir.Hesab olunur ki, əgər kürdlər İraqdan ayrılmaq üçün Qərbdən lazım olan dəstəyi ala bilməsələr bu bölgənin dünyaya çıxış imkanları məhdudlaşdırıla bilər ki, bu da Bərzani hökumətinin maraqlarına uyğun deyil.Nəzərə alsaq ki, Ərbil əsas iqtisadi, maliyyə və hərbi dəstəyi ABŞ və digər Qərb dövlətlərindən alır, bu halda atacağı addım onu düşmən münasibətində olduğu terror təşkilatları və digər silahlı birləşmələrin hədəfinə gətirə bilər.

Bərzaninin arxasındakı qüvvələr

Yaxın Şərq və İran üzrə mütəxəssis Sədrəddin Soltan "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, Məsud Bərzani özbaşına danışmır. Ekspert hesab edir ki, kürd lideri və kürd hərəkatını hərəkətə gətirən qüvvələr var:

"Məsələn, yaxın günlərdə İsrail Silahlı Qüvvələri baş qərargahının rəisi Golan bildirib ki, PKK İsrailin xarici maraqlarına xidmət edir və bunu terror təşkilatı kimi tanımırlar. Bundan başqa Rusiya və Qərb dövlətləri də İraqın şimalında belə bir dövlətin yaranmasına loyal münasibət bəsləyirlər.Bu baxımdan da Bərzaninin belə qətiyyətli danışması əsassız deyil.Başqa sözlə, Bərzani arxasında həmin dövlətlərin dayandığını hiss etdiyinə görə, Bağdada bu şəkildə meydan oxuyur və referenduma qarşı çıxan qonşu dövlətlərə xəbərdarlıq edir.Hesab edirəm ki, sentyabrın 25-dəki referendum baş tutacaq və bundan sonra İraqda vəziyyət daha da gərginləşəcək.İŞİD və digər terror təşkilatına qarşı mübarizədə problemlər yarana bilər”.

Mənsur Rəğbətoğlu






Həftənin ən çox oxunanları