Yuxarı

"Ukrayna teatrı”: Saakaşviliyə hansı rol verilib?

Yoxa çıxdığı bildirilən Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili ortaya çıxıb. "Cümhuriyət” qəzeti Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, həyatı ilə bağlı heç bir problemin olmadığını deyən Saakaşvili yeni planını da ictimaiyyətə açıqlayıb. O, bölgələrdə Pyotr Poroşenko hakimiyyətinə qarşı iri miqyaslı mitinqlərə start verəcəyini açıqlayıb. Çernovetsı şəhərində başlayacaq mitinqlərin ölkənin iri şəhərləri ilə yanaşı, paytaxt Kiyevi də əhatə edəcəyi diqqətə çatdırılıb. Keçmiş qubernator bununla bağlı yaxın vaxtlarda Kiyevə gələcəyini də deyib. 

Saakaşvilinin yaratdığı "Yeni Qüvvələr Hərəkatı”nı təşkil edəcəyi mitinqə Poroşenko hakimiyyətindən narazı olan qüvvələrin toplaşacağı bildirilir. Qeyd edək ki, bundan əvvəl, Mixail Saakaşvilinin bir gün əvvəl gecə saatlarında Lvovda qaldığı mehmanxananı tərk edərək naməlum istiqamətdə yoxa çıxdığı bildirilirdi.

Saakaşvilinin qayıdışı nə vəd edir?

Xatırladaq ki, keçən il Ukrayna prezidenti Pyotr Poroşenko Mixail Saakaşvilini tutduğu Odessanın qubernatoru postundan azad edərək vətəndaşlıqdan məhrum etmişdi. Bundan sonra ABŞ-a sığınan Saakaşviliyə Ukraynaya giriş qadağan edildi. Tərəflər arasında münasibətlərin pozulmasına gəlincə, münasibətlər Saakaşvilinin Poroşenkonun apardığı islahatların zəif olduğu, hakimiyyətdə korrupsiya hallarının qaldığı ittihamlarından sonra kəskinləşmişdi. Üstəgəl, Saakaşvilinin ölkədə artan nüfuzu və cəmiyyət tərəfindən dəstəkləməsini özünə qarşı təhdid kimi görən prezident onu Ukraynadan qovdu. Lakin Saakaşvili ABŞ pasportu ilə Ukraynaya qayıdar-qayıtmaz yenidən siyasi proseslərin mərkəzində yer almağa çalışdı. Artıq Poroşenkoya qarşı silsilə mitinqlər elan edərək, öz gücünü ortaya qoymağa çalışır. Ekspertlər hesab edirlər ki, müxalifət partiyalarından və cəmiyyətdən Saakaşviliyə verilən dəstək Poroşenko üçün ciddi problemlər yarada bilər. Bölgələrdə gərginləşən vəziyyətin, üstəgəl, hərbi dairələrin Poroşenkoya dəyişən kəskin münasibəti də ona qarşı güclü müqavimər hərəkatının yaranmasından xəbər verir. Ukrayna və Qərbdə kifayət qədər dəstəkçilərinin olduğu Saakaşvilinin isə bu hərəkatın başında dayanması, Poroşenkonu vaxtından əvvəl istefaya məcbur etməsi mümkündür. Hesab olunur ki, Kiyevdə təşkil ediləcək növbəti mitinq Ukraynada növbəti hakimiyyət dəyişikliyi üçün son mərhələ ola bilər.

"İdarəolunmaz vəziyyət yarana bilər”

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, Pyotr Poroşenko Mixail Saakaşvilini Ukrayna vətəndaşlığından məhrum etməklə, böyük səhvə yol verdi. Politoloq hesab edir ki, prezident indi bu səhvin ağır nəticələri ilə üz-üzə qalıb: "O, Saakaşvilini vətəndaşlıqdan məhrum etməklə prosesləri özünə qarşı çevirdi. Halbuki Poroşenkonun Ukraynada böyük reytinqi yoxdur, seçkilərdə də uğur qazana bilməyəcək. Əlbəttə, Saakaşvilini vətəndaşlıqdan məhrum etmək və onun ölkəyə girməsinə qadağa qoymaq səhv idi. Amma Saakaşvili Ukraynaya daxil oldu və bu qələbə kimi qarşılandı.

Bu, Poroşenkoya problemlər yaradacaq. Saakaşvilinin reytinqi yenə də yüksəkdir və yüksələcək. Amma Ukraynadakı bütün siyasi qüvvələr Saakaşvilidən Poroşenkoya qarşı istifadə edəcəklər. Artıq Yuliya Timoşenko və digər müxalif qüvvələr Saakaşviliyə dəstək verməyə başlayıblar. Saakaşvilinin bölgələrdə keçirəcəyi mitinqlər Poroşenkoya qarşı müqaviməti gücləndirəcək. Artıq onu Donbas silahlı qruplaşması da qoruyur. Halbuki Poroşenko bildirmişdi ki, bütün silahlı birləşmələr Müdafiə Nazirliyinə tabe edilib. Amma baş verən hadisələr mənzərənin tamamilə fərqli olduğunu göstərir”.

Elxan Şahinoğlu vəziyyətdən çıxmaq üçün Poroşenkonun iki yolunun olduğunu diqqətə çatdırıb: "Ya prosesləri izləməlidir, amma bu ona problemlər yaradacaq. Çünki Saakaşvili getdikcə sərtləşəcək, müxalifət də güclənəcək. Ya da Poroşenko Saakaşvilini həbs etməlidir. Amma bu da Ukraynada çaxnaşmanı gücləndirəcək. Buna görə də Poroşenko çox çətin dilemma qarşısındadır. Çünki ölkədə qarşıdurma güclənə bilər. Artıq Ali Radadakı (parlament) müxalifət bloku hakimiyyətdən növbədənkənar parlament və prezident seçkiləri tələb edir. Yəni, Ukraynada idarəolunmaz bir vəziyyət yarana bilər. Bu hadisələrə qədər Poroşenko ölkədə müəyyən qədər sabitliyə nail olmuşdu. Amma yeni yaranan siyasi xaos bu sabitliyin üzərindən xətt çəkə bilər”.

"Hakimiyyətdə kütləvi istefalar olacaq”

"Cənubi Qafqazda Təhlükəsizlik” İnstitutunun direktoru, politoloq Məhəmməd Əsədullazadə "Cümhuriyət” qəzetinə açıqlamasında Poroşenkonun müəyyən siyasi islahatlar keçirməsinə baxmayaraq, korrupsiya və hakimiyyətə təsir imkanları güclü olan oliqarxların qarşısını kəsə bilmədiyini deyib. Politoloq qeyd edib ki, inqilabla hakimiyyətə gələn siyasi qüvvələr buna görə də Qərbin məsləhəti ilə Saakaşvilini ölkəyə dəvət edərək, islahatlar aparmaq niyyətlərini ortaya qoydular: "Poroşenkonun Saakaşviliyə vətəndaşlıq verərək Odessa vilayətinin qubernatoru təyin etməsi, islahatların aparılmasına yardımçı olmalı idi. Lakin Saakaşvilinin aparmaq istədiyi islahatlar, korrupsiya və oliqarxiya əleyhinə fəaliyyəti cəmiyyət tərəfindən dəstəklənsə də hakimiyyətdəki bir sıra siyasi qüvvələri narahat etdi. 

Çünki hakimiyyətdəki həmin güclər tamamilə oliqarxiyanın maraqlarını müdafiə edirlər, üstəgəl, ölkənin daxili işlər orqanları korrupsiyaya bulaşıb. Buna görə də Saakaşvilinin bu sektorla mübarizəsi erməni əsilli daxili işlər naziri Arsen Avakovla aralarında ciddi konfliktin yaranmasına səbəb oldu. Çünki Avakov korrupsiya və digər maxinasiyaların əsas iştirakçısıdır”.

Məhəmməd Əsədullazadə qeyd edib ki, Poroşenkonun Avakovla birgə Saakaşviliyə qarşı kampaniya aparması və onun vətəndaşlığının ləğv edilməsi ölkədə vəziyyətin normal olmadığını göstərir: "Saakaşvili isə ABŞ tərəfindən dəstəklənir. Çünki Poroşenkonun islahatları dayandırması Amerikanı narahat edir, buna görə də Saakaşvilinin Ukraynaya qayıtmasına şərait yaratdı. ABŞ Saakaşvili vasitəsilə Poroşenko hakimiyyətinə təzyiq edir. ABŞ-dan verilən son açıqlama da bunu göstərdi. 

Vaşinqtondan Poroşenkoya məsləhət verilməsi, Saakaşvili barəsində səsləndirilən müsbət fikirlər bunu sübut edir. Hesab edirəm ki, qarşıya qoyulmuş tapşırığa uyğun olaraq, Saakaşvili hakimiyyətə gəlməsə də güclü müxalifət formalaşdıracaq, siyasi-iqtisadi islahatların aparılmasını sürətləndirəcək. Əgər Mixail Saakaşvili güclü müqavimət yarada bilsə, hakimiyyətdə kütləvi istefaların olacağı qaçılmaz olacaq. Bu ölkədə hərbi sahədə islahatlar davam etsə də siyasi-iqtisadi sahədə ciddi problemlər var. Digər yandan da hakimiyətdə Rusiyaya qarşı simpatiyası olan kifayət qədər adam var. Saakaşvili həm də həmin siyasətçilərin sistemdən kənarlaşdırılmasına çalışacaq”.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları