Yuxarı

Terrorçular taktikanı dəyişir

Terrorçular taktikanı dəyişir

Kamil Səlimov: "Zəhərli maddələrin hamısı qeydiyyatdadır”

Terrorçular Fransa  ərazisindəki dəmiryol stansiyalarını partlatmaq və qidaları zəhərləmək yolu ilə terror hücumları həyata keçirə bilərlər. Cebhe.info xəbər verir ki, bu barədə Fransa mediası məlumat yayıb. 

 "Le Parisien" qəzetinin yazdığına görə, ölkə ərazisində mümkün terror hücumları barədə yeddi səhifəlik məxfi məlumat əldə edilib.  Həmin  məlumat sentyabrın əvvəlində polis orqanlarının əlinə keçib. Sənədlərdə terrorçu təşkilatların son üç aydakı fəaliyyət üslubları şərh olunur. Qeyd edilir ki, terrorçular partlayıcı qurğular hazırlayaraq təkbaşına fəaliyyət göstərmək taktikasından istifadə edə bilərlər. Onlar bu yolla qatarları relsdən çıxartmaq, meşə yanğınları törətmək, hətta kütləvi istifadə olunan qidaları zəhərləmək yollarından istifadə etməyi planlaşdırırlar.

Sənədlərdə qeyd olunan məlumatlarla bağlı əhaliyə diqqətli olmaq, şübhəli şəxs və ya subyektlərlə bağlı polisə vaxtında məlumat vermək tövsiyə olunub.

Bu fakt beynəlxalq terrorçu şəbəkənin öz taktikasını dəyişdiyindən xəbər verir. Daha çox odlu silahlardan və partlayıcı qurğulardan istifadə edən terrorçular son dövrlər yeni üsullara əl atır. Almaniya, Fransa,  Belçika, İsveç, Böyük  Britaniyada  baş verən kütləvi qətllər zamanı terrorçular əsasən  yük maşınlarını  insanların üzərinə  sürmək və bıçaqla öldürücü yaralamaq üsulundan istifadə edib. 

Fransa mediasının yaydığı xəbərdən isə terrorçuların daha təhlükəli  cinayət  planları üzərində düşündüyünü  görmək olar.  Kütləvi zəhərlənmə riski  dünya ölkələrində ərzaq təhlükəsizliyi problemi ilə daha ciddi məşğul olmaq məsələsini gündəmə gətirəcək.  

Çünki zəhərlənməyə   terror  təşkilatlarının  hədəfi olan ölkələrlə yanaşı, həm də xaricdən ərzaq məhsulları idxal edən dövlətlərin də  əhalisi məruz qala bilər. Azərbaycanın idxalçı ölkə olduğunu nəzərə alsaq,  qida təhlükəsizliyi  məsələsinin artıq milli təhlükəsizlik səviyyəsinə qalxdığını söyləmək olar.  Onu da qeyd edək ki, ermənilər  Azərbaycana qarşı belə üsullardaN istifadə ediblər. Bu yaxınlarda Araz çayının  ermənilər tərəfindən  bilərəkdən  zəhərlənməsi  nəticəsində sudakı  canlılar kütləvi tələf olmuşdu.   Yaxud  minaların  və içərisinə partlayıcı yerləşdirilmiş  oyuncağın çayla Azərbaycan yaşayış məntəqələrinə  axıdılması  metodundan istifadə edilib. 

Sözügedən informasiyanı  Cebhe.info-ya  şərh edən Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Kriminalistika kafedrasının müdiri, professor   Kamil Səlimov hesab edir ki, dəmiryolu relslərinin partladılması, qatar qəzalarının törədilməsi, insanların kütləvi zəhərlənməsi bütün müharibələrdə və terror təşkilatlarının əməliyyatlarında istifadə edilən üsullardır: "Sadəcə olaraq,  terrorçu qruplaşmaların  bu məqsədə nə qədər çatması  onların mütəxəssis  və maliyyəsinin  olub-olmamasından  asılıdır.  Terrorçular  kütləvi qırğın törətmək  üçün  kimyəvi  silahdan da istifadə edir,  insanları da  zəhərləyir.  Xocalıda necə  etdilər?  Sarkisyanın başçılıq etdiyi dəstələr dinc əhalini top atəşinə tutdular ki, Azərbaycan  xalqında  qorxu yaransın, öz torpaqlarını tərk etsin,  Dağlıq Qarabağdan imtina etsin.

Ona görə də bizə qarşı hər cür terror üsulundan istifadə oluna bilər.  Xüsusi xidmət orqanları  təhlil aparanda bütün elementləri  araşdırırlar. Burada birinci yerdə insan amili dayanır, sonra təşkilat.  Bütün kimyəvi, bioloji,   zəhərli maddələr hamısı xüsusi  qeydiyyatdadır. Onlar hər bir dövlətin ərazisində  xüsusi  rejimdə  qorunur.   Onun da  eyniləşdirilməsi aparılır. Sabah hər hansı  zəhərlənmə faktı baş versə,  xüsusi xidmət orqanları  onun hansı laboratoriyada  istehsal olunduğunu  və Azərbaycana necə gəlib çıxdığını müəyyən edə bilərlər.  Bunun üçün  xüsusi  xidmət orqanlarının öz  məxfi  metodları var.  Azərbaycan ərazisinə daxil olan bütün  qidalar Gömrük  Komitəsi, həm də Dövlət Təhlükəsizlik Xidməti tərəfindən  nəzarətə  götürülür,  laboratoriya  yoxlaması aparılır”. 

Müşfiq Abdulla 





Həftənin ən çox oxunanları