Yuxarı

Ermənistan əhalini silahlandırır

Ermənistan əhalini silahlandırır

"Bizə ordunu, polisi, təhlükəsizlik sistemini və dövlətin digər qurumlarını ərzaq, geyim və digər zəruri mallarla təmin edə biləcək, 100 faiz məşğulluğu olan, sosial cəhətdən tam təmin olunmuş əhali lazımdır”.

"Cümhuriyət” qəzeti Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistanın sərhədyanı bölgələrini və Qarabağın işğal altındakı ərazilərini zəmanətli təhlükəsizlik zonalarına çevirmək konsepsiyasının müəllifi, hərbçi Hrayr Melkonyan deyib. Melkonyan qeyd edib ki, müəllifi olduğu konsepsiyanı Ermənistanın Müdafiə Nazirliyinə təqdim edib.

O, Azərbaycanla sərhəd xətti boyunca əhalinin təcili silahlandırılmasına çağırış edib. O həmçinin sərhəd bölgələrində insanların nəinki bölgəni, hətta ölkəni tərk ediyini etiraf edib: "İnsan özü gərək müdafiə sisteminin bir elementi olsun. Heç bir ərazi məskunlaşdırılmadığı halda yaxşı müdafiə oluna bilməz. Təcili yaşayış olmayan ərazilər məskunlaşdırılmalı, yiyəsiz ərazi qalmamalıdır. Ölkəni, xüsusən də sərhədyanı zonaları tərketmə halları çoxalıb. Elə kənd var ki, 5-10 ev qalıb. 1990-cı illərdən ölkəni tərketmə artıq real fakta çevrilib. İnsanların ölkəni, evlərini tərk etməməsi üçün sərhədyanı zonalar cəlbedici olmalıdır. Əvvəllər belə problem yox idi. Çünki kəndlərdə məktəb, klub, bağça vardı, işsizlik yox səviyyəsində idi. Kənd yerlərində problem kompleks həll olunmalıdır. İnsanların kreditlərdən faydalanmasına baxmayaraq, kiçik bir çatışmazlıq olan kimi şəhərə qaçırlar”.

Melkonyan sərhədyanı zonaların müdafiə olunması üçün əhalinin silahlandırılmasını vacib hesab edir. O, ərzaq məhsullarının bölgə əhalisi tərəfindən təmin edilməsini istəyir.

"Erməni ordusunda canlı qüvvə çatışmazlığı var”

Politoloq Məhəmməd Əsədullazadə "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, Ermənistan hakimiyyətinin Azərbaycanla sərhəd bölgələrində yaşayan əhalini silahlandırması planı Azərbaycanın güclənən hərbi gücündən narahatlığının ifadəsidir. Politoloq hesab edir ki, bu, həmçinin Ermənistan ordusunda canlı qüvvə çatışmazlığından irəli gəlir: "Buna baxmayaraq, Ermənistan rəhbərliyinin bu siyasəti regionda sabitliyi pozmağa xidmət edir. Amma adi bir erməni hərbçisi tərəfindən irəli sürülən bu plan böyük maddi vəsait tələb edir. Bu baxımdan hakimiyyətin bu planı reallaşdırması ehtimalı mümkün deyil. Çünki, əhaliyə paylanılan silahlar sabah hakimiyyətə qarşı tuşlana bilər. Ermənistanda siyasi sabitlik həmişə kövrək olub və bu halda da hakimiyyətə qarşı silahlı müxalifət ortaya çıxa bilər”.

M.Əsədullazadənin sözlərinə görə, bu eyni zamanda Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin həll prosesində sülhə hazır olmadığının və düşmənçilik siyasətinin davam etdirməsinin göstəricisidir: "Hesab edirəm ki, Sarkisyan hərbi-siyasi rejimi bu planı həyata keçirməyəcək. Başqa bir tərəfdən də Ermənistanın Azərbaycanla sərhəd bölgələrində canlı qüvvə çatışmazlığı var. Çünki hərbi qüvvələrin əksəriyyəti təmas xətti istiqamətində cəmləşdirilib. Həmçinin Rusiya da belə bir plana razı olmaz”.

"Əhali hakimiyyətə etimad etmir”

Politoloq Zaur İbrahimli "Cümhuriyət” qəzetinə açıqlamasında bunun daha çox növbəti "piar aksiyası” olduğunu deyib. Z.İbrahimli qeyd edib ki, yaxın perspektivdə genişmiqyaslı hərbi əməliyyatların başlaması az ehtimal olunur: "Dünyada və regionada baş verən proseslərin təhlili də bunu deməyə əsas verir.  Növbəti il həm Rusiyada, həm Ermənistanda, həm də Azərbaycanda prezident seçkiləri keçiriləcək. Gürcüstanda Konstitusiya dəyişikliyi də cəmiyyətdə ciddi gərginlik yaradıb. İran və Türkiyə hazırda daha çox Yaxın Şərqdəki problemlər və təhdidlərə fokuslanıblar.

Bütün bunların fonunda  hərbi əməliyyatların geniş miqyasda təkararlanmasını güman etmirəm. Amma bununla belə Azərbaycan ordusunun Ermənistan Silahlı Qüvvələrinin təxribatlarına effektiv cavab zərbələri öz nəticəsini verir. Proses davamlı olacaq. Bu baxımdan əhalinin müraciəti həm də  rəsmi İrəvana qarşı etimadsızlığın göstəricisidir. 2016-cı il aprel döyüşləri göstərdi ki, Azərbaycan ordusu kifayət qədər güclüdür. Bütün bu amillər yerli əhalidə Sarkisyan hakimiyyətinə qarşı təhlükəsizlik məsələləri ilə bağlı etimadsızlıq yaradıb”.

Mənsur Rəğbətoğlu