Yuxarı

ABŞ-ın hücum sıralaması: Növbədə İrandır

ABŞ-ın hücum sıralaması: Növbədə İrandır

İran prezidenti Həsən Ruhani ABŞ-ı hədələyib.

"Cümhuriyət” qəzeti İran KİV-lərinə istinadən xəbər verir ki, Ruhani ABŞ nüvə müqaviləsindən çıxacağı halda, bunun əvəzini ödəyəcəyini bildirib: "Müqavilədən çıxmaq ABŞ üçün böyük xərclərə yol açacaq və mən, amerikalıların onlar üçün heç bir xeyir gətirməyəcək belə bir şey üçün bu qədər böyük bədəl ödəmək istəyəcəyini düşünmürəm”.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Obama administrasiyası dövründə İranla imzalanan nüvə müqaviləsini "gördüyüm ən pis müqavilə” adlandırıb və bu anlaşmanın ləğvi ilə bağlı addımlar atacağını bildirib. Koreya üzərindən yayındırılan diqqət İranın nüvə başlıqları ilə təchiz edilmək gücündə olan uzaqmənzilli ballistik raketlərini sınaqdan keçirməsi ilə başlayan gərginlik pik həddədir. ABŞ-ın sərt xəbərdarlığına baxmayaraq, İranın sınaqları davam etdirməsi də münasibətləri təhlükəli məcraya yönəldir. Xüsusilə, ABŞ Konqresinin tətbiq etdiyi yeni ağırlaşdırılmış sanksiyalar, uzun illərdən sonra dünyanın neft bazarına çıxış əldə etmiş İranın yenidən bu bazardan çıxarılmasına yönəlik cəhdlər ciddi qarşıdurma vəd edir. Analitiklər bildirirlər ki, hazırkı situasiyada ABŞ əsasən Şimali Koreya böhranında fokuslanmış kimi görünsə də İranla aradakı gərginlik özündə daha böyük risk daşıyır. Amerikanın Şimali Koreya üzərindəki manevrlərlə diqqəti əsas hədəfdən yayındırıb, gözlənilməz bir məqamda İranı "vuracağı” da əsas ehtimallar arasındadır. Tehranın narahatlığı Donald Tramp da son açıqlamalarından birində nüvə müqaviləsinin şərtlərini pozan İrana qarşı güzəştlərin edilməyəcəyini açıqlayıb. O, İranla bağlı bütün mümkün seçimlərin masa üzərində olduğunu deyib. Ağ Ev rəhbəri mümkün variantları sayarkən, hərbi müdaxilə ehtimalını da istisna etməyib. Tehrana görə, ABŞ İranı təxribata çəkməyə çalışır və Trampın açıqlamaları da buna hesablanıb. İranlı politoloqlar da o fikri müdafiə edirlər ki, tərəflər arasındakı münasibətlərdə gərginliyin başladığı 1979-cu ildən bu günədək ilk dəfədir ki, Tramp dönəmində qarşıdurma riski özünün ən yüksək səviyyəsinə qalxıb.

"Koreyadan sonra növbədə İrandır”

Politoloq Qabil Hüseynli "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, ABŞ-ın hədəfindən duran iki əsas ölkədən biri İran, digəri Şimali Koreyadır. Politoloq xatırladıb ki, Donald Tramp prezident kimi ilk açıqlamasında da bunu demişdi:

"Hesab edirəm ki, Şimali Koreya böhranı həll edilmədən İran məsələsinə müraciət edilməyəcək. Amma İrana qarşı nəzərdə tutulmuş sərt sanksiyaların həyata keçirilməsi gecikdirilməyəcək. Ruhaninin nə deməsindən asılı olmayaraq, ABŞ indiki vəziyyətdə İrana qarşı bundan başqa tədbir görməyəcək. Amerika hazırda Şimali Koreya böhranının həlli ilə məşğuldur. Yəqin ki, yaxın vaxtlarda ABŞ Yaponiya və Cənubi Koreyanın iştirakı ilə Şimali Koreya məsələsini həll edəcək, lokal da olsa, proseslər müharibə həddinədək inkişaf edəcək və silahlı qarşıdurma yaranacaq. Koreya məsələsi həll olunduqdan, oradakı siyasi rejim dəyişildikdən sonra növbə İrana çatacaq”.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları