Yuxarı

Putin dünya düzənini dəyişməyə gedir

Putin dünya düzənini dəyişməyə gedir

Rusiya prezidenti Vladimir Putin sentyabrın 28-də Ankaraya səfər edəcək.Rusiya və Türkiyə prezidentləri arasındakı danışıqlarda bir sıra məsələlər, o cümlədən, Suriya böhranının nizamlanmasının müzakirə edilməsi nəzərdə tutulur.Bundan əlavə "Türk axını” və "Akkuyu” AES-in tikintisi məsələlərinə də toxunulacağı bildirilir.Maraqlıdır, Rusiya prezidentinin Türkiyəyə səfəri bölgədəki prosesləri nizama sala biləcəkmi?

Siyasi şərhçi Natiq Miri "Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, bu səfər həm Türkiyə, həm də Rusiya üçün çox ciddi geosiyasi əhəmiyyət daşıyır: 

"Məlumdur ki, regionda siyasi vəziyyət çox gərgindir. Suriyadakı münaqişə həllolunmaz bir vəziyyətdədir.Üstəlik, İraqda kürdlər referendum keçirdi. Bölgədə Türkiyə və digər region dövlətləri üçün  təhdidedici vəziyyət yaranıb. Rusiya artıq regiondadır, bu mənada regionda Moskvanın təsirini qətiyyən istisna etmək olmaz.Bu gün Suriyada vəziyyətin normal dönməsi üçün Rusiya ilə Türkiyənin anlaşmasına ehtiyac var. ABŞ da artıq regionda çox ciddi təhlükəli proseslərinin getdiyini müşahidə edir.Bu ölkə ikili oyun oynamaqla Suriyada bilavasitə özünün dəstək verdiyi bir terror koridoru yaratmağa, başqa bir tərəfdən isə İraqın parçalanmasına rəvac verməyə qərar verib.ABŞ  İraqda kürd referendumunun əleyhinə bəyanat verib. Ancaq  Bərzani hökumətini müdafiə edən dünya gücünün ABŞ olduğu hər kəsə bəllidir. ABŞ-ın dəstəyi olmasa, kiçik bir kürd regionunun bütün dünyaya qarşı durması mümkünsüzdür.Hesab edirəm ki, regionda yeni idarə olunan cırtdan dövlətlərin yaranması həm Türkiyə, həm də region dövlətləri üçün böyük təhlükədir.Buna görə mütləq mənada region dövlətlərinin, o cümlədən, Türkiyənin Rusiya ilə əməkdaşlığa böyük ehtiyacı var. Çünki məhz birlikdə bu təhlükələrin qarşısını almaq mümkündür”.

Natiq Miri qeyd edib ki,  bu gün bütün beynəlxalq hüquq nöqteyi-nəzərindən Türkiyənin haqqı var ki, hərbi müdaxilə ilə Mosul və onun çevrəsində olan 90 min kvadratkilometr ərazini özünə birləşdirsin:

 "Ancaq Türkiyə bunu edə bilmir.  Türkiyə təklikdə bu bataqlığa girməkdən çəkinir, ona görə də digər region dövlətləri ilə əməkdaşlığa getmək məcburiyyətindədir”.

Politoloq deyib ki, bu ərəfədə Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə gəlməsi əhəmiyyətlidir: "Düşünürəm ki, Putinin Türkiyəyə səfərində həm İraq, həm də Suriya məsələsi, o cümlədən, Türkiyə-Rusiya münasibətləri də ciddi müzakirə olunacaq. Türkiyə Rusiyadan "S-400” sistemləri almaq istəyir ki, bu da müttəfiq Qərb dünyasını ciddi surətdə qıcıqlandıracaq.Həmçinin, Türkiyə-Rusiya iqtisadi münasibətlərinin də müzakirəyə ehtiyacı var. O baxımdan Putinin səfəri Türkiyəyə çox əhəmiyyətlidir və səfər çərçivəsində məhz Qərb dünyasının diqqəti Türkiyədə olacaq”.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları