Yuxarı

ABŞ-ın yeni Qarabağ mesajı

ABŞ-ın yeni Qarabağ mesajı

ABŞ ATƏT-in Minsk Qrupunda aktivləşə bilər. Dövlət katibi Reks Tillersonun Senata göndərdiyi məktubda bildirilir ki, Amerikadan olan həmsədrin missiyası dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavininə həvalə oluna bilər. Ekspertlər hesab edir ki, ABŞ-ın bu addımı Qarabağ məsələsinin ən yüksək səviyyədə müzakirə olunmasına səbəb ola bilər. 

Minsk Qrupunun fəaliyyəti bütün zamanlar müzakirə predmeti olub və hətta dəfələrlə Azərbaycanın bu qurumun mandatından imtina etmək məsələsi gündəmə gəlib. Fəaliyyəti dövründə heç bir müsbət nəticəyə nail ola bilməyən bir qurumun Qarabağ probleminin həllinə heç bir halda töhfə verə bilməz. Bu günlərdə isə Minsk Qrupunun tərkibinə dəyişiklik ediləcəyi ilə bağlı məlumatlar səslənir. Bütün bunların fonunda ABŞ dövlət katibinin belə bir addım atması Qarabağ münaqişəsinin həllinə nə verə bilər?

"Bu, yanlış qərardır”

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu  "Cümhuriyət” qəzetinə şərhində bunun doğru addım olmadığını deyib: "Bu bir tərəfdən statusun artırılmasıdır. Biri var həmsədr diplomat ola, biri də var dövlət katibliyində post tutan şəxs. Amma problem ondadır ki, həmin o statusda olan şəxsin başqa problemləri də var. O, təkcə Dağlıq Qarabağ probleminə vaxt ayıra bilməz. Avropa qitəsində olan məsələlərlə də məşğul olmalıdır. Amma həmsədr diplomat olanda, sırf Qarabağ məsələsi ilə məşğul olur. Məsələnin dərinliklərinə varır, müəyyən təkliflər verirdi. ABŞ-ın son həmsədrini götürsək, çox maraqlı təklifləri oldu və həmin təkliflər Azərbaycanın maraqları ilə üst-üstə düşürdü ki, 7 rayon boşaldılmalıdır. Amma indi necə olacaq, bunu demək çətindir. Digər tərəfdən, həmsədrin ABŞ Konqresinə tabe olması da ciddi suallar doğurur. Çünki biz əsasən bu məsələdə Dövlət Departamenti ilə işləyirik.  Amma Konqresdə ermənipərəst konqresmenlər də, erməni lobbisinin təsiri də çoxdur. Hətta çox təəssüf ki, Konqres Dağlıq Qarabağ separatçılarına yardım da ayırır. Yəni, həmin şəxs indi daha çox erməni maraqlarından çıxış edə bilər. Ədalətli prinsip ortaya qoymaz. Bunu yəqin ki, həmin şəxsin sonrakı fəaliyyətinin nəticəsində görəcəyik. Hesab edirəm ki, bu yanlış qərar olacaq. Təşəbbüs onsuz da Rusiyanın əlindədir. Bundan sonra Rusiya bir az da təşəbbüsü artıracaq ki, bu da Azərbaycanın xeyrinə deyil”.

Politoloq hesab edir ki, ABŞ-ın Dağlıq Qarabağla bağlı fəaliyyəti qənaətbəxş deyil. Elxan Şahinoğlunun sözlərinə görə, ABŞ ümumiyyətlə bu məsələdə maraqlı görünmür: "ABŞ-ın bu illər ərzində Qarabağ məsələsində tutduğu mövqeyi, fəaliyyətini heç də qənaətbəxş hesab etmək olmaz. Doğrudur, ABŞ həmsədrlərinin son illər verdiyi təkliflər Azərbaycanın mövqeyi ilə üst-üstə düşür. Amma bu o, demək deyil ki, ABŞ bu məsələdə fəallaşıb. 2000-ci ildən bu günə qədər ABŞ ərazisində Dağlıq Qarabağla bağlı bir görüş belə keçirilməyib. Nyu-Yorkda BMT-nin sessiyasında görüş olub, bunun da ABŞ-a heç bir aidiyyatı yoxdur. Amma Barak Obamanın dövründə də nə nazirlərin, nə də prezidentlərin bir görüşü belə təşkil olunmadı. Bütün görüşlər Rusiyada baş tutdu. Digər tərəfdən münaqişənin həlli üçün yeni mexanizmlər ortaya qoymadılar. Ümumiyyətlə, nə Obama, nə də indiki prezident Tramp Qarabağın adını belə çəkmədi. Bu isə ABŞ-ın bu məsələdə maraq göstərmədiyinin göstəricisidir. Rusiya hökuməti də bundan istifadə edir”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları