Yuxarı

Qarabağda erməni fəallığı: Nəyə hesablanıb?

Qarabağda erməni fəallığı: Nəyə hesablanıb?

Hər gün cəbhə xəttində gərginliyin artması müşahidə olunur. Belə ki, ötən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 134 dəfə pozub. 

Hərbi ekspert Ramil Məmmədli "Cümhuriyət” qəzetinə bildirib ki, 2 ildən artıqdır cəbhə bölgəsində atəşkəsin pozulması faktlarının sayında azalma müşahidə olunmur:

"Bu illər ərzində yalnız 2016-cı ilin aprel döyüşlərindən sonra bir neçə gün sakitlik yarandı. Lakin bu sakitlik uzun sürmədi, bir neçə gündən sonra gərginlik artdı. Birmənalı olaraq demək olar ki, atəşkəsin azalması ilə bağlı gözləntilərimizin olması, yaxın illərdə mümkün deyil. Bunun da əsas səbəbi odur ki, Ermənistan siyasi hakimiyyəti qoşunların təmas xəttində gərginliyin azalmasını və sülh danışıqlarının uğurla nəticələnməsinin tərəfdarı deyil. Sentyabr ayında Ermənistanın xarici işlər naziri  Edvard Nalbandyan VI ümumerməni "Ermənistan-Diaspora” forumunda çıxış edərkən Qarabağ probleminin tənzimlənməsi çərçivəsində Azərbaycana işğal altında olan ərazilərin qaytarılmasından danışıb. Ermənistanın siyasi rəhbərliyi tərəfindən bu cür çıxış gözlənilməz idi. Qısa müddətdən sonra Ermənistanın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi məsələ ilə bağlı öz reaksiyasını bildirdi və hərbi qurumların mövqeyini açıqladı. O bildirdi ki, heç bir rayonun, yaşayış məntəqəsinin Azərbaycana geri qaytarılması məsələsi müzakirə mövzusu deyil”.

Ekspert vurğulayıb ki, Ermənistan həm danışıqlar prosesi zamanı, həm də prosesə ciddi şəkildə təsir edən təmas xəttindəki vəziyyətlə bağlı öz təxribatlarını daim davam etdirir:

"Gələcəkdə bu təxribatların hansı mərhələyə qədəm qoyacağı artıq indidən bəllidir. Ölkə başçısının BMT-nin 72-ci sessiyasındakı çıxışı zamanı təxribatların qarşısını almağa yönələn hərbi əməliyyatların hər an başlaması ilə bağlı söylədiyi fikirlər birmənalı olaraq göstərir ki, Azərbaycan münaqişənin həlli ilə bağlı sülh danışıqlarında sona qədər gözləmək niyyətində deyil. Bu baxımdan Ermənistanın davamlı olaraq atəşkəs rejiminə riayət etməməsinin səbəbi sülh razılaşmasının gecikdirilməsinə yönəlib. 

Ermənistanın dövlət siyasəti xalqlar arasında nifaqın, düşmənçiliyin daha da dərinləşməsinə yönəlikdir. Bu siyasətin də qarşısını almaq üçün yeganə yol dünyanın super gücləri olan ABŞ-ın, Rusiyanın, Fransanın, həmçinin dünyada müəyyən söz sahibi olan Britaniyanın məsələyə müdaxiləsinə ehtiyac var. Həm Ermənistan, həm Azərbaycan ciddi şəkildə silahlanma prosesini davam etdirirlər. Hər iki ölkənin uzaq məsafədə hədəfi məhv edə biləcək raket sistemləri və digər vasitələri mövcuddur. Bu isə hərbi əməliyyatlar başlayan zaman vəziyyətin nə dərəcədə gərgin olacağından xəbər verir. Ermənistanın davamlı olaraq atəşkəsi pozması, sülh müqaviləsində razılaşmanın müddətini uzatmaq və gecikdirmək məqsədi daşıyır. Bununla da Sarkisyan hakimiyyəti vaxt udmaq niyyətindədir. Bu prosesin nə qədər davam edəcəyini öncədən demək mümkün deyil. Gərginliyə nə vaxt son qoyulacaq -bunu da demək mümkün deyil. Təxribatların bu formada davam etməsi, birmənalı olaraq Ermənistanın xeyrinə olmayacaq”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları