Yuxarı

Müharibəyə zəmin hazırlanır

Müharibəyə zəmin hazırlanır

ABŞ gələn həftə İranla sazişdən çıxır

ABŞ prezidenti Donald Tramp İranın nüvə proqramına dair imzalanmış sazişlə bağlı qərar qəbul edib. Qərarın gələn həftə açıqlanacağı gözlənilir. Bu açıqlamanı Ağ Evin mətbuat katibi Sara Sanders verib. O, bildirib ki, prezidentin komandası Milli Təhlükəsizlik Şurasının da dəstəklədiyi vahid strategiya hazırlayıb. "The Washington Post” qəzeti isə prezident Trampın nüvə proqramına dair müqaviləyə etiraz edəcəyini yazır. Tramp hesab edir ki, sözügedən müqavilə ABŞ-ın milli maraqlarına cavab vermir. Ona görə də sənədə yenidən baxılması üçün Konqresə təqdim olunacaq. Qəzet Ağ Evdəki mənbəyə istinadən qeyd edir ki, Trampın bu addımı İranın nüvə proqramı ilə bağlı sazişdən ABŞ-ın imtina etməsi istiqamətində ilk mərhələ olacaq. 

Xatırladaq ki, Donald Tramp hələ 2016-cı ildə prezident seçkiləri öncəsi keçirilən təbliğat-təşviqat kampaniyası zamanı nüvə sazişini tənqid etmişdi. O, hakimiyyət başına gələrsə, 2015-ci ilin iyul ayında "Altılıq” ölkələri ilə İran arasında Vyanada imzalanmış bu müqavilədən ABŞ-ın çıxması üçün əlindən gələni edəcəyini söyləmişdi. 

Politoloq Fikrət Sadıqovun sözlərinə görə, ABŞ-ın İranın nüvə proqramının məhdudlaşdırılmasına dair sazişdən çıxması gözləniləndir. Ancaq bu qərarın Vyana sazişinə imza atmış digər beş dövlət tərəfindən dəstəklənəcəyi inandırıcı görünmür:

"ABŞ-ın İranın nüvə proqramına dair sazişdən çıxması digər beş ölkənin də bu qərara qoşulması demək deyil. Bu yalnız Amerikanın qərarı ola bilər. Çünki ABŞ prezidenti kifayət qədər sərt siyasətçidir. Onun İrandan təhlükələr gözləməsi narahat edən bir amildir. Bu heç də Amerikanın İrana hücum edəcəyi anlamına gəlmir. Yaxud İranın nüvə silahının istehsalı istiqamətində fəaliyyətini gücləndirəcəyi söyləmək mümkün deyil. İran Şimali Koreya ilə müqayisədə özünü təmkinli aparır. Görünür, Yaxın Şərqdə baş verən proseslərdə, xüsusilə də Suriyada Bəşər Əsədə dəstək verməsi Birləşmiş Ştatlara İranla siyasəti sərtləşdirmək üçün əsas verir. Bunun nə dərəcədə düzgün olduğunu bilmirəm. Amma ABŞ-ın İranla nüvə proqramına dair əldə olunmuş razılaşmadan imtina etməsi münasibətlərin daha da gərginləşməsinə gətirib çıxaracaq. Bu da çətin bir vəziyyət yaradacaq. Çünki Amerikada İsrail lobbisi var. Onlar İranla bağlı ABŞ rəhbərliyinə təzyiq göstərir. Ancaq Amerika İranla nüvə razılaşmasından çıxarsa, iki dövlət arasındakı münasibətlər gərginləşə bilər ”.

Xatırladaq ki, İran rəsmiləri ABŞ-ın nüvə Vyana sazişindən çıxacağı təqdirdə, Tehranın da analoji addım ataraq nüvə proqramını bərpa edəcəyini bildirib. Bu da ABŞ-ın İsrailin və sazişə imza atan digər Qərb dövlətlərinin təhlükəsizliyi üçün yenidən təhdidlərin yaranması deməkdir. Bu baxımdan, Vaşinqtonun nüvə müqaviləsindən çıxması ABŞ-ın milli təhlükəsizlik maraqlarına təhdidlərin yenidən meydana çıxmasına səbəb ola bilər. 

Fikrət Sadıqov hesab edir ki, İran Vyana sazişindən çıxacağı barədə xəbərdarlıq etsə də nüvə əldə etmək planları sübut olunmayıb. Ona görə də: "İranın nüvə silahı əldə edəcəyi hələ sübut olunmayıb. Rəsmi Tehran dəfələrlə bəyan edib ki, uranın zənginləşdirilməsindən dinc məqsədlərlə istifadə olunacaq. İran nüvə silahı əldə etmək niyyətində olmadığını deyib. 2015-ci ildə imzalanmış sazişdə də həmin maddə öz əksini tapıb. Əgər Ağ Ev nüvə proqramına dair sazişdən imtina etsə, İranın da eyni addımı atacağını düşünmürəm. Sadəcə olaraq, Amerika-İran münasibətləri gərginləşə bilər. Çünki digər beş ölkə sazişdən imtina etməyəcək. Məndə olan məlumata görə, Böyük Britaniya, Fransa, Almaniya, Rusiya və Çin İranla nüvə sazişindən imtina etmək fikrində deyil”. 

Bəzi ekspertlərin fikrincə, ABŞ Vyana müqaviləsindən imtina etmək istəsə sənədə imza atmış digər ölkələrin təzyiqi ilə üzləşə bilər. Fikrət Sadıqov isə bu iddiaları real saymır. Politoloq hesab edir ki, strateji təhlükəsizliyə yanaşma məsələsində ABŞ-ın həmin dövlətlərlə mövqeləri ayrılacaq: "Həmin beş ölkə Amerikaya təzyiq göstərə bilməz. Çünki Amerika özü başqa dövlətlərə təzyiq göstərir. Ancaq ABŞ sazişdən çıxmalı olsa, o zaman digər beş ölkə fərqli siyasi xətt yürüdə bilər. Yeni durumla bağlı yeni siyasi xətt yaranacaq. Bu situasiyada sazişə nə qədər əməl olunması növbəti addımdır. Amerika belə addım atarsa, digər beş ölkə İranla münasibətlərini necə qurmaq barədə dəqiq düşünməlidir. Məndə olan məlumata görə, Vyana sazişinə imza atmış ölkələr ABŞ-ın mövqeyi ilə razı deyil”.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları