Yuxarı

Erməniləri qorxudan "rus planı”

Erməniləri qorxudan

Azərbaycanın Qərblə münasibətlərinin gərginləşməsi Kremli hərəkətə gətirib

Kremlin ideoloqu kimi tanınan "Beynəlxalq Avrasiya Hərəkatı”nın lideri Aleksandr Duqin Ermənistan mediasına açıqlamasında Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün gedişatında beş rayonun qaytarılması məsələsinin müzakirə olunacağını bildirdi.Onun fikrincə, Dağlıq Qarabağ münaqişəsi mətbuatda "Lavrov planı” adlandırılan Rusiyanın planı üzrə həll edilə bilər. "Fikrimcə, prezidentlərin görüşünün indi keçirilməsi çox əhəmiyyətlidir. Çünki Ermənistan-Azərbaycan münasibətləri o vəziyyətə çatır ki, münaqişəni həll etmək mümkün olmayacaq. Hesab edirəm ki, prezidentlərin görüşündə Qarabağ ətrafındakı beş rayonun qaytarılması məsələsi müzakirə olunacaq”, - deyə Duqin qeyd edib.

Kreml ideoloqunun bu sözləri erməniləri qorxuya salıb. "Armenianreport” saytının yazdığına görə, bu, əslində Kremlin mövqeyi və istəyidir.

Qeyd edilir ki, Rusiyanın ATƏT-in Minsk qrupunda həmsədr olmamasına baxmayaraq, prezident Vladimir Putin Dağlıq Qarabağ ətrafındakı 5 rayonun qaytarılmasının zəruriliyi haqqında Aleksandr Duqinin dodaqları ilə danışır. Sayt bildirir ki, Moskva üçün heç bir müstəqil Ermənistan yoxdur, sadəcə Rusiya var.

"Bizim hökmdarlarımız tərəfindən yığılmış yalanın yükü çox böyükdür. Görünür, Rusiya bizi müstəqillik atributlarından ardıcıllıqla və inadla məhrum edir. Əfsus, bizim ölkəmiz hazırda Çeçenistan Respublikası ilə müqayisədə daha az azadlığa malikdir. Əsas təhlükə odur ki, hökmdarlarımız heç vaxt etiraz etmək gücündə olmurlar. Duqinin danışdıqları indi təhlükəni daha aşkarlıqla göstərir”, - məqalədə belə deyilir. 

Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşündə də 5 rayonun qaytarılması məsələsinin gündəlikdə olacağı barədə məlumatlar yayılıb. Xatırladaq ki, Aleksandr Duqin 5 rayonun qaytarılmasının mümkünlüyü ilə bağlı bir neçə dəfə açıqlama verib. "Kazan formulu”na əsaslanan həmin təklif münaqişənin mərhələli həllini nəzərdə tutur. Belə ki, birinci mərhələdə Ağdam, Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı rayonlarından Ermənistan qoşunları çıxarılır. Məcburi köçkünlər öz evlərinə qayıdır. Dağlıq Qarabağın hüquqi statusunun müəyyənləşməsi qeyri-müəyyən müddətə təxirə salınır. Ətraf beş rayonla Laçın, Kəlbəcər və Dağlıq Qarabağ arasında sülhməramlı qüvvələr yerləşdirilir. 

 İkinci mərhələdə isə Laçın və Kəlbəcər rayonları Azərbaycana qaytarılır. Laçın rayonu ərazisindən Ermənistanla Dağlıq Qarabağ arasında əlaqə dəhlizi yaradılır. 

Üçüncü mərhələdə Dağlıq Qarabağın yekun hüquqi statusu referendum yolu ilə müəyyən edilir. Beş rayonun qaytarılması təklifi "Madrid prinsipləri” ilə üst-stə düşür. Lakin bu məsələdə siyasi ekspertlərin mövqeyi fərqlənir. Politoloqlar hesab edir ki, sözügedən təklifin A.Duqin tərəfindən irəli sürülməsi təsadüfi deyil. Çünki Duqin Avrasiya İttifaqının ideya müəllifidir. Yəni rusiyalı mütəxəssis 5 rayonun Azərbaycana qaytarılmasını vurğulamaqla əslində rəsmi Bakıya Kremlin mesajını çatdırır. Rusiya beş rayondan erməni qoşunlarının çıxarılması müqabilində Azərbaycana Avrasiya İqtisadi Birliyinə daxil olmağı təklif edir.

2014-cü ildən sonra Rusiya Azərbaycanın AİB-ə daxil olması üçün dəfələrlə siyasi təzyiq göstərsə də rəsmi Bakı buna razılaşmayıb. Ancaq 2016-cı ilin aprel ayında Ermənistan-Azərbaycan cəbhə xəttində baş vermiş "Dörd günlük müharibə”dən sonra Moskva bu məsələyə daha praqmatik yanaşma nümayiş etdiməyə çalışdı. Belə ki, Rusiya qapalı gedən danışıqlarda Azərbaycanın AİB-ə üzv olmağa razılıq verəcəyi təqdirdə 5 rayonu qaytarmağı vəd edib. Avrasiya İqtisadi Birliyi "Kazan formulu”nun qəbulundan sonra yarandığından "Lavrov planı” adlanan bu təkliflər paketinin yeni elementi hesab olunur. Kremlin bütün təkidlərinə baxmayaraq, rəsmi Bakı indiyə qədər AİB-ə daxil olmaq təklifini qəbul etməyib. 

Çünki aprel döyüşlərindən sonra münaqişənn nizamlanması prosesində hərbi və diplomatik balansı öz xeyrinə dəyişən Azərbaycan hər hansı güzəştə getmək istəmir. Rəsmi Bakı işğal altındakı ərazilərin qeyd-şərtsiz qaytarılması prinsipinə üstünlük verir. İkincisi, 2015-ci ildən etibarən Azərbaycan AİB ilə Avropa Birliyinin "Assosiasiya Sazişi”nə qoşulmuş ölkələr arasında balanslı tarazlı tutmağa çalışıb. Son dövrlər Qərbin Cənubi Qafqazda artan hərbi-siyasi təsirləri fonunda rəsmi Bakının AİB-ə daxil olması ABŞ və Avropa Birliyi ilə soyuq olan münasibətləri daha da gərginləşdirə bilər. Ona görə də Rusiyanın təklifi Azərbaycan üçün kifayət qədər cəlbedici olmayıb. Ancaq bəzi ekspertlərin fikrincə, Rusiyanın təklifinə populist yanaşaraq birmənalı "yox” deməklə heç nəyə nil olmaq mümkün deyil.

Yəni rəsmi Bakı Duqinin gətirdiyi mesaja bir qədər realist mövqedən baxmalıdır. Avrasiya İqtisadi Birliyinə üzv olmaq müqabilində 5 rayonun geri qaytarılması münaqişənin həlli prosesində qüvvələr nisbətini Azərbaycanın xeyrinə dəyişə bilər. Azərbaycan işğal altındakı ərazilərin yarıdan çoxunu qan tökülmədən azad etmiş olar. Məsələn, Azərbaycan AİB daxilində Qazaxıstanın statusu ilə təmsil olunmaq hüququna sahib olarsa, həm Rusiya ilə, həm də Qərblə sıx iqtisadi və strateji tərəfdaşlıq imkanı əldə edə bilər. Bu da Dağlıq Qarabağın ətrafındakı işğal olunmuş 7 rayondan 5-nin dinc yolla qaytarılması üçün şərait yaradır. Eyni zamanda, ətraf rayonların əksəriyyətinin azad edilməsi və bu məsələdə Rusiyanın dəstəyinin qazanılması nizamlanma prosesinin sonrakı mərhələsində Azərbaycanın Ermənistana qarşı mövqeyini möhkəmlədə bilər.

Xüsusilə, Azərbaycanın Avropa Şurasından çıxarılması təklifinin gündəmə gəldiyi hazırkı vaxtda Rusiya rəsmi Bakının Qərblə gərginləşən münasibətlərindən kifayət qədər istifadə etməyə çalışır. Duqinin bəyanatının da belə bir vaxta düşməsi Moskvanın Azərbaycanı Qərbin təzyiqləri qarşısında "öz himayəsinə almağa hazır olduğunu” göstərmək məqsədi daşıyır. Kreml bəlkə də Azərbaycanın Avropa və ABŞ-ın basqısı qarşısında Rusiyanın bütün siyasi şərtlərini qəbul edəcəyini düşünür. Ancaq rəsmi Bakı da Qərblə Rusiya arasında yaranmış manevr imkanlarından Dağlıq Qarabağ probleminin həllində öz maraqları üçün istifadə edə bilər. Söhbət beş rayonun qaytarılması müqabilində Azərbaycanın AİB-ə üzv olmasından gedir. 

Ancaq beş rayonun qaytarılması ilə təkliflər paketində hələ öz həllini tapmamış və mübahisə predmeti olan bəndlər var. Azərbaycan tərəfindən qəbul edilməyən əsas məqam sülhməramlıların münaqişə bölgəsinə gətirilməsi ilə bağlıdır. Kreml Rusiya qoşunlarının sülhməramlı mandatla ermənil işğalçılarının nəzarətində qalan ərazilərlə Azərbaycan silahlı qüvvələrinin təmas xətti arasında yerləşdirilməsi şərtini irəli sürür. Bu isə digər ərazilərin sonradan geri qaytarılması imkanının itirlməsi deməkdir. Ona görə də Azərbaycan beş rayonun qaytarılması şərtini yalnız Rusiya sülhməramlılarının münaqişə zonasına gətirilməməsi şərti ilə qəbul edə bilər. 

Həmçinin Laçın və Kəlbəcər rayonlarının qaytarılması, Dağlıq Qarabağın yekun statusuna dair təklifin müqavilə üzrə müəyyən edilmiş öhdəliklərə imza atılmadan qəbul edilməsi yalnız Ermənistanın xeyrinə işləmiş olar. Çünki "Kazan formulu” Dağlıq Qarabağa aralıq statusunun verilməsini və yekun statusun qeyri-müəyyən müddətə qədər təxirə salınmasını nəzərdə tutur. Bu da Dağlıq Qarabağ və əlavə iki rayonun müddətsiz olaraq işğal altında qalmasını təmin edəcək. Yəni Rusiya status-kvonu hüquqiləşdirməklə Cənubi Qafqazda daimi mövcudluğunu təmin etmək istəyir. Moskvanın yeni taktikası Azərbaycana qarşı siyasi və hərbi təzyiq vasitələrini əlində saxlamaq imkanı yarada bilır. 

Digər mühüm amil Qərbin Rusiyanın təklifinə hansı reaksiya göstərəcəyi ilə bağlıdır. Rəsmi Bakı Moskvanın təklifini qəbul edərsə, o zaman Azərbaycanın neft və qaz ixracına Rusiyanın məhdudiyyət tətbiq etməsinə Qərbin razılaşacağı şübhə doğurur. 

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov isə Azərbaycan və Ermənistan prezidentlərinin bu il keçirilməsi nəzərdə tutulmuş görüşündə 5 rayonun qaytarılması ilə bağlı məsələnin müzakirə mövzusu olacağına dair fikirləri real saymır.

Diplomat bildirib ki, 2018-ci ilin aprel ayında Ermənistanda keçiriləcək baş nazir seçkilərində hökumətə rəhbərliyi əlində saxlamağa çalışan Serj Sarkisyanın hər hansı güzəştə gedəcəyi inandırıcı görünmür: "Ermənistan tərəfi beş rayonun geri qaytarılmasını heç cür qəbul etmir. İkincisi, Lavrovun bəyanatı təsdiqləyir ki, guya bu beş rayon Dağlıq Qarabağın statusunu dəyişməlidir. Əgər statusu dəyişirsə, deməli, açıq başa düşməliyik ki, Ermənistan birmənalı Dağlıq Qarabağ ətrafında işğal olunmuş ərazilərin bir qismini qaytarır və Dağlıq Qarabağ, Laçın, Kələbəcər ya Ermənistana birləşdirilir, ya da Dağlıq Qarabağda "müstəqil” dövlət yaradılır. Azərbaycan belə bir təklifi heç bir halda qəbul etməyəcək. Artıq həmsədrlər 6 dəfə bu və ya digər şəkildə Madrid prinsiplərini açıqlayıblar. Hesab edirəm ki, bu baza üzərində görüşlərə qatılmağın doğru olub-olmaması qənaətinə gəlmək üçün Azərbaycan ictimaiyyətinə bu plan tam şəkildə bildirilməlidir. Bundan sonra qərara gəlmək olar ki, Lavrov bazası üzərində danışıqları davam etmək lazımdır, yoxsa yox”.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları