Yuxarı

Lukaşenko Rusiyanın "bazarını bağlayır”

Lukaşenko Rusiyanın

Belarus tezliklə Ümumdünya Ticarət Təşkilatına üzv qəbul oluna bilər. Bu istiqamətdə aparılan danışıqlar yeni mərhələyə daxil olub. Qeyd edilən açıqlamanı Belarusun xarici işlər naziri Vladimir Makey verib. O, bildirib ki, Belarus ÜTT-yə daxil olmaq üçün xeyli iş görüb. Makeyin sözlərinə görə, Minsk yaxın vaxtlarda danışıqlar prosesini yekunlaşdıra biləcək. Xarici işlər naziri bildirib ki, ÜTT-yə üzvlük prosesi çox fəal aparılıb. 14 ölkə ilə danışıqlar başa çatsa da qarşıda 11 dövlətlə müzakirələr gözlənilir. 2017-ci ildə Belarusun ÜTT-yə daxil olması gözlənilmir. Nazir bildirib ki, bu istiqamətdə həlledici qərar 2018-ci ildə verilə bilər. 

Onun sözlərinə görə, Belarusun xarici tərəfdaşları adından daxil olan bir çox sahələr və aspektlər üzrə məsələləri dəqiqləşdirmək lazımdır. Xarici İşlər Nazirliyi hazırda bu suallara cavab hazırlayır. O, cümlədən, iki ay ərzində Avropa Birliyinin və ABŞ-ın sualları cavablandırılacaq. Qeyd edək ki, Belarus ÜTT-yə üzv olmaq üçün ilkin danışıqlara 20 il öncə başlayıb. 2009-cu ildə Belarus, Qazaxıstan və Rusiya Vahid Gömrük İttifaqına daxil olduqlarını bildiriblər. Həmin vaxt hər üç ölkə ÜTT ilə danışıqları dayandırıb. Sonra adıçəkilən ölkələr ayrılıqda ÜTT ilə danışıqları bərpa etməyi qərara alıb. Rusiya 2012-ci ilin avqust ayında ÜTT-yə üzv qəbul olunub. Qazaxıstan isə bu təşkilatın sıralarına 2015-ci ildə qoşulub. Belarusa gəlincə, bu ölkə beynəlxalq təşkilata daxil olmaq üçün son 20 ildə müxtəlif mövqelərdən çıxış edib.

Ancaq Rusiya ÜTT-yə üzv olduqdan sonra danışıqları fəal şəkildə bərpa edən Minsk Moskvaya qarşı müxtəlif tələblər irəli sürüb.Sonradan Belarusun mövqeyi dəyişib. Prezident Aleksandr Lukaşenko Belarusun ÜTT üzvlüyünə daxil olmaqdan imtina etdyini desə də, bir qədər sonra danışıqlar yenidən bərpa olunub. Analitiklərin rəyinə görə, Belarusun ÜTT-yə üzv olması ilk mərhələdə adıçəkilən qurumun diqqət mərkəzində olmayıb. 1993-cü ildə rəsmi Minsk ÜTT-yə ərizə ilə müraciət edəndə beynəlxalq təşkilat bu məsələyə ciddi reaksiya verməyib. Lakin hazırda Belarusun təşkilat sıralarına daxil olmasında Lukaşenko iqtidarı ilə yanaşı, Qərb də maraqlıdır. Buna səbəb isə post-Sovet məkanının Avrasiya İqtisadi Birliyi və Avropa İttifaqının təsir dairəsi arasında bölünməsidir. ÜTT Belarusa öz məhsullarının satış bazarının genişləndirilməsi baxımından yanaşır. Buna nail olmaq üçün Belarusun Rusiyadan iqtisadi asılılığına son qoyulmalıdır. Rəsmi Minskin ÜTT ilə danışıqları fəal şəkildə bərpa etməsinin məqsədi də Rusiya asılılığından xilas olmaqdır. Onu da qeyd etmək lazımdır ki, Belarus ucuz istehlak bazarı mallarını ÜTT-yə üzv olan digər ölkələrin mal və məhsullarının bazarına dəyişməli olacaq.

ÜTT Belarusun yeni bazarlara çıxmasını təmin edə bilər. Lakin Rusiya neftindən istehsal olunan neft məhsullarını və kalium gübrələrini Belarusa təklif etməyə dəyməz. Əgər Belarus istehsalçıları Avropa Birliyi bazarlarını özlərinin kənd təsərrüfatı məhsulları ilə təmin etmək istəsələr, onlar əmtəələrin qeyri-rəqabətliliyi səbəbindən buna nail ola bilməzlər. Buna baxmayaraq, Belarus hakimiyyəti öz ölkəsini iqtisadi səbəblərdən daha çox , siyasi məqsədlər üçün tezliklə ÜTT-nin üzvü görmək istəyir. Ümumdünya Ticarət Təşkilatına daxil olmaqla Belarus öz statusunu beynəlxalq səviyyəyə qaldırmaq, Şərqi Avropada xüsusi rola oynamaq və Rusiya ilə danışıqlarda mövqeyini gücləndirmək istəyir.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları