Yuxarı

Kremldən İrəvana jest: Rus pulu ilə rus silahı

Kremldən İrəvana jest: Rus pulu ilə rus silahı

Rusiya Ermənistana yeni müasir silahlar və hərbi texnikanın alınması üçün daha 100 milyon dollar güzəştli kredit ayıracaq. Müqavilənin mətni Ermənistan hökumətinin iclasında müzakirəyə çıxarılıb. Qarşılıqlı razılaşmaya əsasən kreditin 5 il ərzində 3 faiz güzəştlə 20 il müddətinə verilməsi nəzərdə tutulub. Beləliklə, Ermənistan kreditin 10 faiz əlavə ödənişlə qaytaracaq. Kredit müqaviləsinin şərtlərinə görə, Ermənistanın Müdafiə Nazirliyi ilə Rusiyanın "Rosoboroneksport” Səhmdar Cəmiyyəti silahların və hərbi texnikanın tədarükünə dair ayrıca müqavilə imzalayacaq. Həmçinin, silahların və hərbi texnikanın xidmət və asayiş məsələləri razılaşdırılacaq. 

Qeyd edək ki, Ermənistan hərbi xərclərini 60 milyon dollar artırmağı planlaşdırır. Bundan əlavə, Rusiyadan 100 milyon dollar əlavə vəsaitin alınması barədə danışıqlar yekunlaşıb. Ermənistanın maliyyə naziri Vardan Aramyan kreditin bu il alınacağını bildirib.

Xatırladaq ki, Rusiya Ermənistana müasir silahların alınması məqsədilə 2016-cı ilin aprel ayında baş vermiş döyüşlərdən sonra 10 il müddətinə 200 milyon dollar kredit verib. Ermənistan həmin vəsaitə Rusiyadan "Smerç” reaktiv yaylım atəşi sistemləri və onlar üçün döyüş başlıqlarını, "İqla-S” zenit-raket kompleksləri, yerüstü icra olunan "Avtobaza-M” radiotexnika kəşfiyyat kompleksləri, "TOS-1A” ağır minaatan sistemlər, "Solntsepek” zirehli odsaçan maşınları, "9M113M” idarəolunan raketləri, "RPQ-26” qumbaraatanları, "B-429E” paratlayıcı qurğuları, "Draqunov” snayper tüfəngləri, zirehli tank texnikası, "Tiqr” zirehli avtomobilləri, mühəndis qurğuları və rabitə vasitələri satıb. 

2016-cı ilin sentyabr ayında isə Rusiya Ermənistan silahlı qüvvələrinə "İskəndər” raketləri verib. Maliyyə naziri Aramyanın verdiyi məlumata görə, silah tədarükü Rusiyanın ayırdığı kreditin müddəti çərçivəsində həyata keçirilir. Ancaq Ermənistan kredit vasitələrinin hələ 30 faizini xərcləməyib. Buna baxmayaraq, Ermənistan 2018-2020-ci illər Keçid Proqramı çərçivəsində hərbi xərclərin həcmini 60 milyon dollar artırmağı nəzərdə tutur. "Bizim məqsədimiz hərbi xərcləri 4 faizə qaldırmaqdır”- V. Abramyan belə deyib. Hazırda Ermənistanın hərbi xərcləri ümumi daxili məhsulun 3,6 faizini və ya 450 milyon dollar təşkil edir. Müdafiə naziri Viqen Sarkisyan isə Rusiyanın Ermənistan silahlı qüvvələrini təkmilləşdirməyi və müasir silahlarla təchiz olunmasını təklif etdiyini bildirib: "Söhbət silahların və hərbi texnikanın Rusiyanın daxili satış qiymətləri hesabına alınmasından gedir. Bizim Rusiyanın müdafiə sənayesi kompleksinin subyektləri ilə birbaşa müqavilə bağlamaq imkanımız var. Buna əlavə olaraq, Ermənistan Rusiyanıın təmənnasız yardım və güzəştli kredit imkanından istifadə edir”-deyə V.Sarkisyan qeyd edib. 

Siyasi ekspertlərin fikrincə, Rusiyanın bu addımı Azərbaycanda müasir texnologiyalara əsaslanan hərbi vasitələrə malik Azərbaycanla balansın yaradılmasına xidmət edir. Əks təqdirdə, növbəti hərbi əməliyyatın başlanması status-kvonun itirilməsinə gətirib çıxara bilər. Ona görə də Rusiyanın son iki ildə Ermənistana 300 milyon dollarlıq kredit hesabına silah və hərbi texnika ayırması Dağlıq Qarabağ probleminin həllinə dair danışıqlar prosesində Kremlin beş rayonu Azərbaycana qaytarmaq barədə məlumatları fiaskoya uğradır. 

Digər tərəfdən, son dövrlər Azərbaycan silah satışı ilə bağlı Ermənistanda Rusiya əleyhinə narazılıq artıb. İrəvana səfər edən bütün Rusiya rəsmilərinin qarşısında Azərbaycana silah satmamaq məsələsi qaldırılır. Ancaq Moskva Azərbaycan kimi mühüm bir bazarı itirmək istəmədiyini dəfələrlə bəyan edib. İndi Kremlin yenidən 100 milyon dollarlıq kredit hesabına Ermənistanı silahlandırması həm də ermənilər arasındakı anti-Rusiya əhval-ruhiyyəsinin zəiflədilməsinə hesablanıb. 

Politoloq Arzu Nağıyevin sözlərinə görə, Moskva kredit ayırmaqla Ermənistan iqtisadiyyatını tam asılı vəziyyətə salmaq niyyətindədir. Bu da İrəvanın Qərblə yaxınlaşmaq imkanlarını aradan qaldırır: "Rusiyanın belə bir addım atmasında təəccüblü bir məsələ yoxdur. Ermənistan və Rusiya bir hərbi blokda təmsil olunur. Eyni zamanda Ermənistanın iqtisadiyyatı Rusiyadan tam asılı vəziyyətdədir. 100 milyon dolları 20 illiyə verməsini nəzərə alsaq, Ermənistan bu vəsaiti qısa müddətdə qaytarmaq imkanına malik deyil. O bu krediti öz iqtisadiyyatı hesabına ödəyə bilər. Kreditin əvəzində Ermənistan iqtisadiyyatının hərtərəfli istismarı ilə məşğul olacaqlar. Ən qorxulu məqam ondan ibarətdir ki, həmin silahlar Dağlıq Qarabağ ərazisində peyda olacaq. Azərbaycanı düşündürən məsələ bu olmalıdır. Ermənistana satılan silahlar Dağlıq Qarabağda istifadə oluna bilər. Rusiya özünün siyasi, iqtisadi və hərbi maraqlarını Ermənsitan vasitəsilə həyata keçirir”.  

Arzu Nağıyev hesab edir ki, Moskvanın silah satmasına baxmayaraq, Ermənistan cəmiyyətindəki narazılıq səngiməyəcək. Çünki ermənilər Rusiyanın silah satışı yolu ilə iqtisadiyyatı tam ələ keçirdiyini görürlər: "İqtisadiyyat ələ keçiriləndə siyasi nəticələr doğurur. Bu yolla Ermənistanın siyasətini idarə edirlər. Rusiya bu silahların NATO ilə sərhəddə yerləşdirilməsi üçün nəzərdə tutulduğunu iddia etsə də, Ermənistan cəmiyyəti başa düşür ki, əsl hədəf Dağlıq Qarabağdır. Erməni anaları da övladlarının məramı və məqsədi bilinməyən müharibədə ölməsini istəmir. Ona görə də narazılıqlar getdikcə artır və Qərbə meyillilik güclənir”.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları