Yuxarı

Qafqaz öz NATO-sunu yaradır

Qafqaz öz NATO-sunu yaradır

Tiflisdə Azərbaycan, Gürcüstan və Türkiyə Silahlı Qüvvələri rəhbərlərinin üçtərəfli görüşü keçirilib. "Cümhuriyət” qəzeti xəbər verir ki, görüşdə Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Vladimir Çaçibaya və Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Hulusi Akar iştirak edir. Görüşdə üç ölkə arasında hərbi sahədə mövcud və gələcək əməkdaşlıq məsələləri müzakirə edilib.Görüşün yekununa dair sənəd imzalanıb.

"Qafqaz NATO-su” ilə bağlı ilginc təklif

"Cümhuriyət” qəzetinin 18.10.2017 tarixli sayında dərc olunan "Rus-erməni ittifaqına qarşı yeni güc” başlıqlı məqalədə də qeyd etmişdik ki, Tiflis görüşü Gürcüstan, Azərbaycan və Türkiyə arasında birgə qoşun növünün yaradılması məsələsini yenidən gündəmə gətirib. Yazıda qeyd olunurdu ki, Ukrayna ərazilərinin işğalından sonra Baltikyanı bölgə və Şərqi Avropa ilə yanaşı, Cənubi Qafqazda fəallaşan Rusiyanın mümkün təhdidləri bölgə dövlətlərini düşündürməyə başlayıb.Həmçinin bu təşəbbüsün bir neçə ay əvvəl Rusiya və Ermənistan arasında qurulmuş birgə qoşunların bölgəni təhdid altında saxlaması zərurətinin ortaya çıxardığı da məqalədə vurğulanıb.

Artıq ideyanın tərəflər arasında keçiriləcək növbəti görüşlərdən birində müzakirə ediləcəyi də dəqiqləşməyə başlayıb.İctimai və ekspertlər səviyyəsində geniş müzakirəyə çıxan ideya tamam başqa təklifi də ortaya çıxarıb.Bu, perspektivdə qurulması planlaşdırılan Azərbaycan - Gürcüstan - Türkiyə birgə qoşun birləşməsinin formatının genişləndirilməsi ilə bağlıdır. Təklif olunur ki, bu format GUAM-a üzv olan ölkələr (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) vasitəsilə genişləndirilsin, yaxud, birgə qoşunların qurulması prosesinə birbaşa bu ölkələrin də cəlb edilməsi ilə başlanılması məqsədəuyğundur. Ehtimal olunan birgə ordu quruculuğu işinə GUAM-ın da daxil edilməsinin təklif olunması təsadüfi deyil. Nəzərə alsaq ki, GUAM-a daxil olan hər 4 dövlət işğaldan əziyyət çəkir və bu işğalların hamısı birbaşa Rusiyanın iştirakı ilə həyata keçirilib, bu baxımdan Rusiya bu dövlətlərə qarşı ümumi təhdid nöqtəsi rolundan çıxış edir.

GUAM-ın fəallaşmasının qarşısındakı sirr pərdəsi

Artıq uzun illərdir ki, passiv fəaliyyətdə olan GUAM bu ildən başlayaraq aktiv fazaya keçib.İl ərzində 3 dəfə bir araya gələn birliyin növbəti görüşü oktyabr ayının 9-da Gürcüstanda keçirilib.Görüşdə Gürcüstanın xarici işlər naziri Mixail Çanelidze maraqlı təkliflə çıxış etdi. O dedi ki, GUAM çərçivəsində azad iqtisadi zonalar yaradılacaq. Gürcü nazir ilin sonuna qədər bu sahədə irəliləyişin əldə olunacağını vurğuladı.Görüşdən sonra isə ümumi təhdidlərə qarşı GUAM-ın birgə fəaliyyət mexanizminin yaradılacağının növbəti görüşdə müzakirə ediləcəyi məsələsi gündəmə gəldi.

Ekspertlər GUAM-ın fəallaşmasını təsadüfi hesab etmirlər.Hesab olunur ki, 2008-ci ildə Rusiya-Gürcüstan, 2014-cü ildə Ukraynada baş verən inqilabi hadisələrdən sonra passivləşən GUAM bu ildən başlayaraq fəaliyyətini gücləndirməyə qərar verib. Üstəgəl, GUAM-a müxtəlif dövlətlərin - ABŞ, Türkiyə, Yaponiya, Polşa, Çexiyanın marağı artıb. Birlikdə müşahidəçi kimi çıxış edən ABŞ GUAM-a NATO birliyi kimi baxır, Qərbin digər dövlətlərindən dəstək vardı.Bu baxımdan hesab olunur ki, ideya ABŞ, digər Qərb dövlətləri və NATO-dan dəstək ala bilər ki, bu da təşəbbüsün həyata keçirilməsi prosesini sürətləndirə bilər.

Rusiya KİV-lərinin iddiası

Rusiyanın "Nezavisimaya qazeta” nəşri bir müddət əvvəl GUAM-la bağlı sensasion iddia ilə çıxış etmişdi.Qəzet yazırdı ki, Ukrayna prezidenti Pyotr Poroşenkonun dövlət təhlükəsizliyinin müdafiəsi və kibertəhlükəsizlik strategiyası haqda yeni konsepsiyanın qəbulu ilə bağlı fərmanlarını bu cür şərh edir.Məqalədə qeyd olunurdu ki, Kiyev və Ankara bütün dünyanı Rusiyaya qarşı koalisiya yaradılmasının vacibliyinə inandırmağa çalışır. "Nezavisimaya qazeta” hesab edir ki, rəsmi Kiyev Orta Asiyadan Şərqi Avropaya qədər bütün ölkələrin Rusiyaya qarşı koalisiyaya qoşulmasını istəyir:

"İlk növbədə Kiyev Azərbaycan və Türkiyənin bu prosesə qoşulmasında maraqlıdır. Türkiyənin özü də bu məsələdə maraqlıdır.Görünür, Ankara və Kiyev bu istiqamətdə birgə addımlar atırlar”.

"Sığorta modeli”, yaxud, çevik qüvvə kontingenti

Politoloq Zaur İbrahimli "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, Azərbaycan, Türkiyə və Gürcüstan Silahlı Qüvvələri arasında birgə təlimlərin keçirilməsi ənənə halını alıb. Politoloq hesab edir ki, bu hərbi təlimlər və hərbi-texniki sahədə birgə əməkdaşlıq hər 3 ölkənin milli maraqlarına cavab verir və bunu uğurlu praktika hesab edirlər:

"Atılan addımlar 2 Cənubi Qafqaz ölkəsi və bu bölgədə maraqları olan Türkiyənin ümumi təhdidlərə qarşı birgə çıxış etmək niyyətini göstərir. Hər 3 ölkənin hərbi sahədəki əməkdaşlığı, Qafqazda maraqları olan kənar güclərə qarşı mesajdır.Hər 3 ölkə Cənubi Qafqazda sabitlik istəyir və hansısa təhdidə qarşı da birgə cavab verməyə hazırdırlar.Nəzərə almalıyıq ki, bölgə və bölgə ətrafında kritik vəziyyət hökm sürür.Bu vəziyyətdə də belə bir əməkdaşlıq ciddi məqamdır.Məlumdur ki, Türkiyə NATO-nun üzvüdür, Gürcüstan alyansın proqramlarında aktiv iştirak edir.Gürcüstanda NATO-nun təlim mərkəzi də açılıb.Azərbaycan isə Türkiyə ilə strateji müttəfiqdir.Bu baxımdan da belə bir konfiqurasiyanın yaranması Cənubi Qafqazda sabitləşdirici rolda çıxış edir.Bu da əməkdaşlıq edən ölkələrə imkan verir ki, özlərinin birgə müdafiə sistemlərini yaratsınlar, mümkün xarici təhdidlərə qarşı adekvat mexanizm işləyib hazırlasınlar.Bu hərbi ittifaq, xarici təhdidlərə qarşı "sığorta modeli” kimi də çıxış edir”.



Zaur İbrahimli qeyd edib ki, Cənubi Qafqaz müxtəlif maraqların kəsişməsi nöqtəsində yerləşir:

"Bölgə həmçinin hərbi gücün burada varlığının olması ilə də diqqət çəkir. Məlumdur ki, Rusiyanın Ermənistanda hərbi bazası var. Burada ən müasir silahlar, "İsgəndər M” raket kompleksləri yerləşdirilib.

Digər yandan, Ermənistan və Rusiya arasında birgə qoşun növü yaradılıb.Biz həmçinin İran faktorunu da nəzərə almalıyıq.İran da Cənubi Qafqazda gedən prosesləri diqqətlə izləyir.İran hərbi birləşmələrinin Cənubi Qafqaz istiqamətində konsentrasiyası müşahidə olunur.Bütün bunların fonunda hər 3 ölkənin əməkdaşlıq etməsi, xarici təhdidlərdən sığortalanmaq imkanı verir.Birgə qoşun birləşməsinin yaradılmasına gəlincə, sevindirici haldır ki, bu istiqamətdə danışıqlar aparılır.Ümid edək ki, bunun konkret nəticələri olacaq. Lakin bunun yaxın perspektivdə baş verəcəyini az ehtimal edirəm. Düşünürəm ki, hər 3 ölkə ilk növbədə terrorizm, narkotik qaçaqmalçılığına və digər problemlərə qarşı mübarizədə birgə çevik qüvvə kontingenti yarada bilərlər.Növbəti mərhələdə çoxfunksiyalı birgə hərbi birləşmənin yaradılması mümkündür.Bunun üçün uzun vaxt lazımdır”.

Atılacaq konkret addımlar

GUAM-a gəlincə, politoloq bildirib ki, uzun müddətdən sonra bu birliyin fəallaşması mövcud geosiyasi vəziyyətlə bağlıdır:

"GUAM ölkələri xarici təhdidlərin artdığını görərək, buna qarşı birgə mübarizə aparmaq məsələsini ön plana çıxarırlar. Mövcud vəziyyət GUAM ölkələrinin birgə hərəkət etmək zərurətini ortaya çıxarıb.Lakin biz də bunu arzulayardıq ki, bu ölkələrin arasında birgə hərbi birləşmə yaradılsın.Bu, Türkiyə və GUAM-ın da maraqlarına cavab verir.Lakin bu da uzun vaxt tələb edir.Yəqin  ki, bu təşəbbüs uzun müzakirələrdən keçəcək. Amma istənilən halda bununla bağlı müzakirələrin başlaması, bu istiqamətdə konkret addımların atılacağından xəbər verə bilər”.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları