Yuxarı

Kürdlərin puça çıxmış müstəqillik arzusu

Kürdlərin puça çıxmış müstəqillik arzusu

İraq hökumət qüvvələrinin uğurlu Kərkük əməliyyatından sonra Şimali İraq kürdlərinin müstəqillik arzuları puça çıxdı. Şimai İraq Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzaninin bütün cəhdləri nəticəsiz qaldı. Üç tərəfdən  sıxışdırılan Bərzani Rusiyaya üz tutub. Kürdlər ABŞ və İsraildən gözlədikləri dəstəyi ala bilmədilər. Məlumdur ki, bölgədə Rusiya faktoru çox önəmlidir. Çünki İraq və ətraf bölgələrdə enerji daşıyıcılarına məhz Rusiya şirkətləri nəzarət edir. Belə ki, Şimali İraq Kürd Muxtariyyatinin, Kürdüstan Demokrat Partiyasının Moskvadakı nümayəndəsi Xoşavi Babakran da müstəqillik referendumundan gərginləşən münaqişənin həllində Rusiyanın vasitəçiliyini dəstəkləyib. Babakr kürdlərin Kərkükü güc yolu ilə qaytarmasını da istisna etməyib.

Ekspertlər hesab edir ki, Rusiyanın bölgəyə təmas etməsi ABŞ və İsrailin ciddi narazılığına səbəb olacaq. Eyni zamanda bölgə yenidən böyük güclərin savaş meydanına çevriləcək. Mərkəzi Bağdad hökumətinin Kərkük əməlliyyatı üçün Rusiya, İran və Türkiyədən dəstək alması müstəqil Kürdüstan planının tezliklə reallaşmayacağına işarədir. Lakin bir sıra ekspertlər hesab edir ki, Kərkükün alınması Qərbin bölgə ilə bağlı planının bir hissəsidir. Proseslərin yekununda Kürdüstan dövlətinin yaradılacağı istisna edilmir. Bütün hallarda bölgə dövlətləri "müstəqil Kürdüstan”ı tanımasa, bu bu dövlətin yaşama perspektivi yoxdur. Bunun üçün Türkiyə və İraq Kürdüstanın müstəqilliyini tanımalı və sərhəd qapılarını açmalıdır. Bu isə həm Türkiyənin, həm də İraqın təhlükəsizliyi üçün ciddi təhdiddir. 

"Region dövlətləri Bərzaniyə yerini göstərdilər”

Maraqlıdır, kürdlərin referendum arzusu bitdimi? Bərzaninin taleyi necə olacaq?

Yaxın Şərq üzrə ekspert, araşdırmaçı jurnalist Kənan Rövşənoğlu "Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, Bərzani İraq hökumət qüvvələri tərəfindən başlanmış əməliyyatın dayandırılmasına çalışır. İraq hökuməti bəyan edib ki, kürd muxtariyyəti 2014-cü ilə qədərki sərhədlərinə geri dönməlidir:

"İŞİD-in 2014-də fəallaşmasından sonra kürdlər İraq ərazilərinin böyük bir qismini, təxminən 20 min kv.km ərazisini işğal edib. İndi onları geri qaytarmalıdırlar. Fikir verdinizsə, İraq baş naziri də əməliyyatın məhz zəbt olunmuş ərazilərin geri alınması məqsədi güddüyünü dedi. Artıq Kərkük, Sincar və Rabia sərhəd-keçid məntəqəsini ələ keçiriblər. Amma hələ böyük ərazi azad edilməlidir. Buna görə də əməliyyat davam edəcək. Bu əməliyyatda İraq hökumətinə İran və Türkiyə dəstək verir. Ancaq bu hərbi deyil, siyasi, diplomatik dəstəkdir. Hər iki ölkə kürdlər üçün hava məkanını və quru sərhədini bağlayıb, yaxud məhdudlaşdırıb. Eyni zamanda diplomatik cəbhədə dəstək verirlər. Hesab edirəm ki, kürd muxtariyyəti mövcudluğunu qoruyub saxlayacaq. Ancaq Kərkük və ətrafında yeni administrasiya yarana bilər. Bu barədə kürd mediası da yazıb. Region dövlətləri bu dəfəlik Bərzaninin yerini göstərdilər”. 

"İraq bölünsə statuslarını itirəcəklər”

Ekspertin sözlərinə görə müstəqillik və ya İraqın parçalanması bir kürd arzusu deyil, daha çox Bərzani komandasının və İsrailin açıq dəstəyi idi:

"Yalnız İsrail açıq şəkildə kürdləri dəstəklədi. Kürdlər İraqda ən yüksək muxtariyyət statusu alıblar. Federal hökumətləri, ordu, polis, parlament və hətta, bayraqları da var. İraqın prezidenti də kürddür, parlamentdə kürd fraksiyası var. Yəni İraqın siyasi həyatında da kürdlər aktivdir. Amma bölünmədən sonra o statuslarını itirəcəklər. Bu mənada Bərzaninin addımı onun öz maraqlarına xidmət edirdi, nəinki bütövlükdə kürdlərin”.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları