Yuxarı

Kremllə Qərbin "Metsamor” savaşı

Kremllə Qərbin

Ermənistanla Avropa İttifaqı arasında yeni sazişə əsasən, energetika sahəsində əməkdaşlıq çərçivəsində Ermənistan "Metsamor” Atom Elektrik Stansiyasını bağlamalı və təhlükəsiz şəkildə istismardan çıxarmalıdır. İmzalanması 2017-ci il noyabrda nəzərdə tutulan Ermənistanla Avropa İttifaqı arasında geniş və hərtərəfli tərəfdaşlıq haqqında sazişin mətni Avropa İttifaqının rəsmi internet saytında dərc olunub, qeyri-rəsmi tərcüməsini isə Ermənistan XİN-in saytından oxumaq olar. 357 səhifədən ibarət sənədin "Nüvə təhlükəsizliyi daxil olmaqla energetik əməkdaşlıq" sərlövhəli bəndində deyilir ki, əməkdaşlıq tərəfdaşlıq, qarşılıqlı fayda və şəffaflıq prinsiplərinə əsaslanmalıdır.

Əməkdaşlıq, həmçinin "Metsamor” Atom Elektrik Stansiyasının bağlanması, təhlükəsiz yolla istismardan çıxarılması və Ermənistan Respublikasının enerji təhlükəsizliyi və sabit inkişafının təmin edilməsi üçün tez bir vaxtda yol xəritəsi və ya tədbirlər planının qəbul olunmasını ehtiva etməlidir. Qeyd edək ki, "Metsamor” Atom Elektrik Stansiyasının fəaliyyətinin dayandırılması öhdəliyi Ermənistanın qarşısında 2013-cü ildə Avropa İttifaqının Assosiasiya Sazişi layihəsi çərçivəsində də qoyulmuşdu. Sənəddə 2020-ci ilə qədər Ermənistanda yeni elektrik stansiyasının inşası nəzərdə tutulurdu. Lakin rəsmi İrəvanın bu sazişdən imtina edərək Avrasiya İqtisadi Birliyinə qoşulması ilə AES-in fəaliyyət müddətinin uzadılmasına şərait yaratdı. İndi isə Avropa İttifaqı həmin tələbi yenidən Ermənistanın qarşısında qaldırıb. Hazırkı saziş layihəsində yeni elektrik stansiyasının tikilməsi təklifi əks olunmayıb. Hökumətin 2018-2022-ci illərə dair proqramını təhlil edən ekspertlər yaxın 20 ildə yeni enerji blokunun inşasının nəzərdə tutulmadığını bildirir. 

Ermənistanın enerji infrastrukturu və təbii ehtiyatlar nazirinin müavini Hayk Harutyunyanın agentliyə dediyinə görə, AES-in istismar müddətinin uzadılması üzrə ümumi dəyəri 140 milyon təşkil edən 40 saziş bağlanıb. Həmin işlərin birinci mərhələsi başa çatmaqdadır. Ermənistan hökuməti atom elektrik stansiyasını bağlamaq istəmədiyini bəyan edir. Rəsmi dairələr qeyd edir ki, "Metsamor” ölkənin 40 faizini elektrik emerjisi ilə təmin edir. Alternativ mənbə olmadan AES-in fəaliyyətini dayandırması mümkün deyil. Lakin Qərb bu məsələdə Ermənistana alternativ variant təklif edir. Belə ki, ABŞ-ın İrəvandakı səfiri Riçard Milz hələ bu ilin iyul ayında ölkəsinin Ermənistanın energetika sisteminə 8 milyard dollar sərmayə yatırmağa hazır olduğunu bildirmişdi. Buna qarşılıq olaraq, ABŞ Ermənistan hakimiyyətindən sağlam iqtisadi rəqabət şəraitinin yaradılması, şəffaflığın təmin olunması kimi şərtlərin həyata keçirilməsini tələb edirdi. ABŞ səfirinin bu açıqlaması Ermənistanda şok effekti yaratmışdı. 

Çünki Ermənistanın bütün energetika sistemi Rusiyanın nəzarətindədir. Ermənistanın səfir Millzin dediyi anlaşmaya getməsi energetika sahəsindəki səhmlərin Rusiyanın əlindən tamamilə çıxması demək idi. İkincisi, Ermənistanın enerji sektoruna 8 milyard dollar sərmayənin daxil olması yoxsul və rentabelsiz olan iqtisadiyyat üçün ciddi təkan deməkdir. Ekspertlərin fikrincə, səfirin qeyd edilən açıqlaması ABŞ-ın Rusiyanı və İranı Cənubi Qafqazın, o cümlədən, Ermənistanın enerji təhlükəsizliyi siyasətindən kənarlaşdırmağa xidmət edir. Avropa Birliyi isə "Metsamor” AES-in konservasiyası üçün 200 milyon avro ödəməyə hazır olduğunu bildirib. 

Erməni analitiklər hesab edir ki, Avropa Birliyinin bu addımı "Metsamor” AES-in Ermənistanla Rusiyanın ən sıx tərəfdaşlıq etdiyi strateji sahələrdən biri olması ilə bağlıdır. Rusiya hökuməti AES-in ikinci blokunun istismar müddətinin 2026-cı ilə qədər uzadılması məqsədilə Ermənistana 270 milyon dollar məbləğində kredit və 30 milyon dollar qrant ayırıb. Müqaviləyə görə, enerji blokunun yenidən qurulması işlərini Rusiyanın "Rosatom” şirkətinin "Rosatom Servis” səhmdar cəmiyyəti həyata keçirəcək. Qərb isə Rusiyanın Ermənistan üzərində iqtisadi və siyasi təsirlərinin azaldılması məqsədilə birgə atom enerjisi layihələrinin dayandırılmasında maraqlıdır. Avropa Birliyi "Metsamor” AES-in bağlanmasını özünün əsas prioritetlərindən biri elan etsə də, Rusiyanın Ermənistanın energetika sektorunda dominantlığı hələ bu məqsədə çatmağa mane olur. 

Rəsmi İrəvan Avropa İttifaqı ilə geniş və hərtərəfli tərəfdaşlıq haqqında saziş layihəsinin mətninin tam razılaşdırıldığını bildirir. Lakin tərəflərin "Metsamor”AES-lə bağlı ortaq mövqeyə gələ bilməməsi sazişin mətni ilə bağlı mübahisəli məqamların qaldığını göstərir. Bu da öz növbəsində, noyabr ayında sözügedən sənədin imzalanmaması ilə nəticələnə bilər. 

Daha doğrusu, Ermənistanın müqaviləyə qoşulmaqdan imtina edəcəyi istisna olunmur. Xatırladaq ki, 2013-cü ildə Ermənistan Avropa İttifaqının Assosiasiya Sazişi üzrə öhdəlikləri qəbul etməyə razılaşsa da, sənədin imzalanmasına bir gün qalmış Rusiyanın təzyiqi ilə geri çəkilmişdi. Noyabr ayında da analoji hadisənin baş verəcəyi istisna olunmur. Sadəcə olaraq, rəsmi İrəvan Qərblə danışıqlara getməklə bir sıra siyasi və iqtisadi sahələrdə dəstək əldə etməyə çalışır. Son məqamda Ermənistanın geniş və hərtərəfli sazişə yalnız bir neçə öhdəliyi qəbul etməklə razılıq verəcəyi də gözləniləndir. Həmin maddələr sırasında isə rəsmi İrəvan görünür, "Metsamor” AES-in bağlanılması təklifinin çıxarılmasını təklif edəcək. Çünki Avropa Birliyinin həmin şərti Rusiyanın Cənubi Qafqazdakı geoiqtisadi maraqlarına toxunur. İrəvanın bu mövqeyinə Qərbin münasibətinin müsbət olacağı isə inandırıcı görünmür. 

Müşfiq Abdulla






Həftənin ən çox oxunanları