Yuxarı

Bərzanini qurbana çevirənlər

Bərzanini qurbana çevirənlər

Şimali İraq Kürd Muxtariyyatının rəhbəri Məsud Bərzani müstəqillik kursundan imtina edib.İraq mərkəzi hökumətinə atəşi dayandırmağı və dialoqa başlamağı təklif edən Bərzani 25 sentyabr referendumunun nəticələrini dondurmağa hazır olduğunu bəyan edib.Bərzani hakimiyyətinin belə bir addım atmasına səbəb gözlədiyi dəstəyi ala bilməməsidir."Cümhuriyət” qəzetinə açıqlamasında siyasi şərhçi Natiq Miri deyib ki, artıq Bərzani ABŞ-ın planından çıxıb.

"25 sentyabr referendumu zaman baxımından yanlış qərar idi. Bərzani də deyilənləri etmədi, yanlış qərarlar verdi və dalana dirəndi. Referendum öncəsi Bərzani ilə ABŞ rəsmiləri arasında görüş olmuş, ona dövlət katibi Tillersonun imzası ilə "yol xəritəsi” təqdim edilmişdi. Həmin "yol xəritəsi”ndə referendumu təxirə salmaq və yaxın 1 ilərzində mərkəzi İraq hökuməti ilə danışıqlar aparmaq tövsiyyə edilirdi. Əgər dialoq nəticə verməzdisə, ancaq ondan sonra referendum məsələsini gündəmə gətirmək təklif olunurdu.Bu halda ABŞ referendumun nəticələrini tanıyacağını vəd edirdi.Bu da onunla bağlı idi ki, Suriya və İraqda İŞİD-ə qarşı mübarizə başa çatmamışdı.Əgər ABŞ İraq hökumətini deyil, Bərzanini dəstəkləsəydi, o, zaman ABŞ-ın regionda varlığı böyük sual altında qalacaqdı.Bərzaniyə təqdim olunan "yol xəritəsi” də məhz bu istiqamətdə idi.Ancaq Bərzani tələsdi, İsrailin təhriki ilə bu addımı atdı və düşündü ki, hər bir halda ABŞ məcburiyyət qarşısında qalaraq referendumun nəticəsini tanıyacaq.Bunun müqabilində region dövlətləri, xüsusilə də Türkiyə və İran da Bərzaninin qarşısından çəkiləcək.Ancaq Bərzaninin gözləntiləri baş tutmadı.Digər tərəfdən, ABŞ öz qarşısında Türkiyə, İran və İraq işbirliyini gördü.Konkret ciddi qərarların ortaya qoyulmasından sonra ABŞ-ın İraqın ərazi bütövlüyünü dəstəkləməkdən başqa yolu qalmadı”.

Ekspert İsrailin də Bərzaniyə dəstək ola bilmədiyini deyib. Onun sözlərinə görə, İsrail uğradığı məğlubiyyətdən sonra hərəkətə keçə bilmədi:

"Beynəlxalq səviyyədə "müstəqil Kürdüstan”ın lehinə lobbiçilik fəaliyyətinin aparılması haqqında konkret informasiyalar var. Ancaq bu gün qlobal səviyyədə separatizm dalğası o qədər güclüdür ki, Netanyahunun apardığı lobbiçilik fəaliyyətinə ciddi dəstək olmadı. İran, İraq və Türkiyənin birgə fəalliyyəti ilə küncə sıxışdırılan Bərzani üstəlik, ciddi maliyyə sıxıntıları yaşayır.Separatçı lider hətta öz məmurlarının əmək haqqını belə ödəməkdə çətinlik çəkir.Kürdüstan muxtariyyətindən neft ixracı demək olar ki, dayanıb.Çünki bir çox neft kəmərlərinə artıq mərkəzi İraq hakimiyyətinə tabe olan ordu nəzarət edir.Digər tərəfdən, mərkəzi hakimiyyətin qoyduğu qadağalardan dolayı neft gəlirləri birbaşa İraq Mərkəzi Bankına köçürülür.Bərzani hakimiyyəti iqtisadi cəhətdən çox ağır vəziyyətdədir.İraq hökumətinin Bərzani qarşısında bir sıra konkret tələbləri var. Bu tələblər yerinə yetirilməsə, İraq hökuməti Bərzani ilə heç bir danışığa gedə bilməz”.

Natiq Miri hesab edir ki, İraq hökuməti "referendumun nəticələrinin dondurulmasını” qəbul etməyəcək.Çünki dondurulma referendumun nəticələrinin ləğvi anlamına gəlmir.Referendumun nəticələrinin dondurulması o, deməkdir ki, hansısa münbit şərait olarsa, referendum məsələsi yenidən gündəmə gələcək və parlament vasitəsilə müstəqillik elan ediləcək.Ona görə də Bağdad referendumun nəticələri birdəfəlik ləğv olunmayana və bununla paralel olaraq digər şərtlər də qəbul eidlməyənə qədər Bərzani ilə dialoqa getməyəcək. Şərtlər isə bunlardır: hər şey mərkəzləşdiriləcək, neft ixracatından əldə olunan gəlirlər İraq Mərkəzi Bankına ötürüləcək, bütün neft borularının nəzarəti mərkəzi hakimiyyətə veriləcək, peşmərgə İraq ordusunun tərkib hissəsi sayılacaq. Bütün sərhəd məntəqələri yalnız İraq hakimiyyətinin səlahiyyətində olacaq.Həmçinin, Türkiyə ilə Kürdüstan muxtariyyətinin sərhəd məntəqəsi olan Habura alternativ yeni bir "Oba Köy” məntəqəsinin açılması nəzərdə tutulur.Bu da çox həssas və strateji məsələdir.Bu Bərzani hakimiyyətinin 100 milyonlarla tranzit gəlirlərindən məhrum olması deməkdir.Digər tərəfdən, bu həm də gələcəkdə Mosul və Kərkükün iqtisadi yöndə inkişafına şərait yaradacaq.Ən önəmlisi isə PKK və PYD-nin xilasetmə yolunun birdəfəlik bağlanmasına səbəb olacaq.Hesab edirəm ki, bütün bu şərtlər Bərzani hakimiyyəti tərəfindən yerinə yetirilməsə, dialoq mümkün olmayacaq”.

Vilayət Muxtar






Həftənin ən çox oxunanları