Yuxarı

Sarkisyandan güzəşt anonsu

Sarkisyandan güzəşt anonsu

Ermənistan prezidenti Serj Sarkisyan hakim Respublika Partiyasının toplantısında etdiyi çıxışda güzəştlərdən danışıb. Sarkisyan deyib ki, Qarabağ probleminin həlli ilə bağlı qərarın Ermənistan üçün ağrılı olacaq və həll yolu güzəştsiz mümkün deyil. Maraqlıdır ki, Ermənistan hərbi-siyasi rəhbərliyi dəfələrlə bu cür fikirlər səsləndirsə də sonda həll prosesini pozub. 

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi-şərhçi Elxan Şahinoğlu "Cümhuriyət” qəzetinə açıqlamasında Sarkisyanın ikibaşlı açıqlama verdiyini deyib:

"Bu ikibaşlı açıqlama da ola bilər. Bunu Azərbaycan cəmiyyətini sakitləşdirmək cəhdi kimi də qiymətləndirmək olar. Erməni tərəfi ara-sıra bu cür açıqlamalar verir. Bir müddət öncə də deyirdilər ki, 5 rayonu boşaltmağa məcburuq. Bununla da düşünürlər ki, Azərbaycan cəmiyyətində müəyyən rahatlıq yarada bilərlər. İkinci məqsəd isə Rusiyaya mesajdır ki, "məni çox sıxma”. Çünki Ermənistan cəmiyyəti mənə qarşı təzyiqlərə başlaya bilər, bu da sizin xeyrinizə deyil. Təzyiqlər nəticəsində Ermənistan siyasi kursunu dəyişə bilər. Amma mən hesab etmirəm ki, separatizmə başçılıq edən şəxs güzəştə hazır olsun. Nə Sarkisyan, nə də Koçaryan heç vaxt güzəştə getməz. Elə Levon Ter-Petrosyanı ona görə devirdilər ki, o, mərhələli həll planını qəbul etməsin. Ərdoğan da bu yaxınlarda rusiyalı həmkarı ilə görüşməlidir. Əgər Ərdoğan həqiqətən Dağlıq Qarabağ məsələsini müzakirə etsə və Putin hər hansı bir qərara gəlsə, Rusiya Ermənistana təzyiq edə bilər. Yəqin ki, Sarkisyan da bu təzyiqləri nəzərdə tutur ki, Rusiyanın qarşısında tab gətirməyəcəyik”.

E.Şahinoğlu Dağlıq Qarabağ probleminin həllini Rusiyanın Ermənistana təzyiq etməsində görür:

"Dağlıq Qarabağ problemi ancaq bir şərtlə həll oluna bilər ki, Rusiya Ermənistana təzyiq etsin. Ermənistan Rusiyanın təzyiqi qarşısında tab gətirə bilməz və bu problem bir günə həll olunar. Ancaq Rusiya təzyiq etməsə, yenə də hər şey Azərbaycanın əlindədir. Azərbaycan öz hərbi gücünü ortalığa qoyayaraq bu problemi həll etmək məcburiyyətində qalacaq”.

Politoloq Zəlimxan Məmmədli də Ermənistanın hər hansı bir güzəşt edəcəyinə inanmadığını deyib:

"Məlumatlara görə "Böyük Ermənistan” layihəsində Dağlıq Qarabağ formal olaraq Azərbaycanın ərazisi olaraq, bütövlükdə Ermənistanın nəzarətində olması nəzərdə tutulur. İndiki şəraitdə Ermənistanın hər hansı bir güzəştə gedəcəyini gözləmirəm. Sadəcə, ola bilər ki, bu məsələdə Türkiyənin müəyyən qədər təsir imkanları olsun. Rusiya və Türkiyə prezidentlərinin görüşündə də bu məsələnin müzakirəsi gözlənilir. Bu problemi həll etmək Türkiyə-Rusiya münasibətlərinin daha da dərinləşməsi yolu ola bilər. Əks halda digər rəsmi və ya qeyri-rəsmi görüşlərdə hər hansısa güzəştlərin olacağını gözləmirəm. Diplomatik olaraq Dağlıq Qarabağın işğalda olduğunu, ağır problem olduğunu deyirik, beynəlxalq təşkilatları ittiham edirik. Son 20 ildə Azərbaycan diplomatiyasında fərqli yanaşma yoxdur”.

Vilayət Muxtar







Həftənin ən çox oxunanları