Yuxarı

Rusiyada türk dirənişi

Rusiyada türk dirənişi

Rusiyada tatar dilinin məcburi tədrisi qanunsuz elan edilib. Muxtariyyət statusuna malik Tatarıstan Respublikasında orta məktəblərdə tatar dilinin tədrisi ilə bağlı qalmaqal yaşanır. "RİA Novosti” agentliyinin verdiyi məlumata görə, Tatarıstan Prokurorluğu Tatarıstan Təhsil və Elm Nazirliyinin noyabrın 3-də hazırlayaraq yaydığı ibtidai, ümumi və orta təhsil müəssisələrində tatar dilinin öyrənilməsinin məcburi olması barədə metodiki tövsiyəsini qanunsuz sayıb.

Tatarıstan Prokurorluğunun yaydığı məlumatda metodiki tövsiyənin Rusiyanın federal qanunvericiliyinə və standartlarına uyğun olmadığı qeyd edilib. Prokurorluq hesab edir ki, regional Təhsil və Elm Nazirliyi öz səlahiyyətlərindən kənara çıxıb. Tatarıstan Prokurorluğu Tatarıstan baş naziri Aoeksey Pesoşina müraciət edib. Müraciətdə metodiki tövsiyənin təcili ləğv edilməsi, məsul vəzifəli şəxslərin inzibati məsuliyyətə cəlb olunması tələb edilib. Eyni zamanda qərar qəbul edilməsi üçün toplanmış materialların istintaq orqanına göndəriləcəyi bildirilib.

Qeyd edək ki, Tatarıstan Təhsil və Elm Nazirliyi sentyabrda tatar dilinin təhsil müəssisələrində öyrənilməsi məsələsinə münasibət bildirib. Nazirlik bildirib ki, Rusiya Federasiyasının Konstitusiyası subyektlərin dövlət dili hüququnu tənzimləyir. Tatarıstan Konstitusiyasında da rus və tatar dilləri dövlət dili statusunda təsbit olunub. Tatarıstan Təhsil və Elm Nazirliyi buna görə tatar dilinin Tatarıstandakı bütün təhsil müəssisələrində mütləq öyrənilməli olan fənlər sırasında olduğunu açıqlayıb. Nazirlik tatar dilinin öyrənilməsi metodika və texnologiyasının hazırlanmasının başa çatdırılması üzərində iş getdiyini də bildirib. 

Tatar dili icbari təhsilinə qadağa qoyuldu. Bundan öncə də eyni qaydanı Başqırdıstana tətbiq etdilər. Ümumiyyətə, Tatarıstanın çevrəsində yaşayanların hamısı türkdilli xalqlardır. Tatarlar Rusiyada ruslardan sonra ikinci ən böyük toplumdur. Məlumatlara görə Rusiyada tatarların sayı 30 milyona çatıb. Ona görə də Tatarıstanda milli zəmində qarşıdurmanın baş verməsi, xalq hərəkatının baş qaldırması, Rusiyanın parçalanmasına gətirib çıxara bilər. Eyni zamanda, prosesin digər türkdilli dövlətlərə də sıçrama ehtimalı var.

Yeddi Dövlət - Bir Millət Konseyinin başqanı Azər Həsrət "Cümhuriyət” qəzetinə açıqlamasında Tatarıstanda gedən proseslərin yeni olmadığını deyib: 

"Tatarıstan 1990-cı illərin əvvəllərində öz suverenliyini elan edib. Daha sonra öz konstitusiyasını qəbul etdi. Ümumiyyətlə, Rusiya ilə münasibətləri bərabər müstəvidə qorumaq üçün addımlar atıb. Amma sonra baş verən proseslər Tatarıstanın müstəqilliyini əldə etməsinə maneçilik törətdi və 10 respublika məcburiyyət qarşısında Rusiyanın tərkibində qalmalı oldu. O zaman onlar müxtəlif qanunlar qəbul edirdilər və çalışırdılar ki, Rusiyanın tərkibində olsalar belə, öz mədəniyyətlərini, dillərini qorusunlar. O cümlədən də tatar dilinin dövlət dili səviyyəsində daha geniş təbliğ olunması üçün addımlar atılırdı. Amma Rusiya dövləti tatarları, o cümlədən, tərkibindəki digər türk xalqlarının özünüdərk prosesini əngəlləmək üçün yeni qanunlar qəbul etdi. Bir neçə il bundan öncə Tatarıstan da digər türk dövlətləri kimi latın əlifbasına keçməyə hazırlaşırdı. Bunun üçün müəyyən layihələr işə salınırdı, hətta dövlət informasiya agentliyi olan "Tatarinforum” öz xəbərlərini tatar dilində latın əlifbası ilə dərc edirdi. Bunu görən Rusiya qanun qəbul etdi ki, öz ərazisində yaşayan bütün xalqlar məcburi şəkildə kiril əlifbası ilə yazıb-oxumalıdır. Yəni, kiril əlifbasından başqa əlifbaların tətbiqi yasaqlandı, o cümlədən, tatarların əlifbanı dəyişmə cəhdlərinin qarşısı alındı. Bütün bunlar ona görə edilirdi ki, tatarlar və digər türk xalqları özünüdərk prosesini sürətləndirə bilməsin. İndi də atılan addımlar rus dilinin daha üstün səviyyəyə yüksəldilməsi üçün Tatarıstanda tatar dilinin sıxışdırılması prosesləri gedir. Tatar vətənpərvərləri də buna qarşı dirəniş göstərir. Dünyanın hər tərəfində olan türklər olaraq biz də onlara dəstək veririk və çalışırıq ki, onların davasında yanlarında olaq. Amma bu da yetərli deyil. Çünki proses Tatarıstanın, eləcə də Rusiyanın daxilində baş verir. O prosesə kənardan müdaxilə etməyimiz o qədər də asan məsələ deyil”.

Niyə digər türk xalqları deyil, Tatarıstan seçildi?

Ekspertin qənaətincə Tatarıstan Rusiyanın tərkibindəki türk xalqları arasında ən fəalı, özünüdərk prosesinin ən sürətlə getdiyi bir respublikadır: 

"Ona görə də Rusiya Tatarıstanı sıxışdırmaqla digərlərinə də dərs vermək istəyir. Mövcud proseslər də buradan qaynaqlanır. Rusiyanın məqsədi tatarları bir millət kimi yox etməkdir. Ona görə də əlifba, dil məsələsində Tatarıstanın üzərinə bu qədər gedilir”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları