Yuxarı

Mərkəzi Asiya uğrunda böyük savaş

Mərkəzi Asiya uğrunda böyük savaş

Avropa İttifaqı-Rusiya üz-üzə

Beş Mərkəzi Asiya ölkəsinin - Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanın xarici işlər nazirləri 2018-2019-cu illər üçün Qarşılıqlı Əməkdaşlıq Proqramı imzalayıblar. Sözügedən sənəd Özbəkistanın Səmərqənd şəhərində keçirilən Avropa İttifaqı-Mərkəzi Asiya ölkələri nazirlərinin 13-cü illik görüşü zamanı qəbul olunub. Proqramda bütün region boyunca təhlükəsizlik, ticarət və iqtisadi əməkdaşlıq, investisiya, nəqliyyat, enerji, turizm və mədəniyyət sahəsində münasibətlərin gücləndirilməsi zərurəti vurğulanır. Nazirlər habelə, beynəlxalq münasibətlərdə və BMT, MDB, İslam Əməkdaşlığı Təşkilatı və ATƏT kimi beynəlxalq təşkilatların çərçivəsində əməkdaşlığı artırmaq barədə razılığa gəliblər.

Səmərqənddə keçirilən sammitin işində Avropa İttifaqının xarici işlər komissarı Federika Mogerini və beynəlxalq əməkdaşlıq və inkişaf komissarı Neven Mimika da iştirak ediblər. Onlar Səmərqəndə Qırğızıstan rəsmiləri ilə Bişkekdə keçirilən görüşdən sonra gəliblər.

Xanım Mogerini Avropa İttifaqı ekspertlərinin terrorizmlə mübarizədə Mərkəzi Asiya hökumətlərinə dəstək verəcəyini deyib. O habelə gənclərin radikallaşması, İranın nüvə proqramı və Əfqanıstanda sabitlik məsələləri ilə bağlı narahatlıqlarını dilə gətirib. Federika Mogerini Özbəkistan, Qazaxıstan, Türkmənistan və Tacikistanın Dünya Ticarət Təşkilatına qoşulmasının vacibliyindən danışıb.

Sözügedən müzakirələr və sazişin imzalanması Avropa İttifaqının Mərkəzi Asiya bölgəsinə marağının artmasıından xəbər verir. Qeyd edək ki, adıçəkilən region əsasən Rusiyanın geosiyasi təsir zonasına aid hesab olunur. Tacikistanda və Qırğızıstanda Rusiyanın hərbi bazaları var. Qazaxıstan və Qırğızıstan həm Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının, həm də Avrasiya İqtisadi Birlyinin üzvüdür. Özbəkistanın hazırkı prezidenti Şövkət Mirziyoyevin hakimiyyət başına gəlməsində Rusiyanın dəstəyi xüsusi rol oynayıb. Türkmənistan MDB-nin tədbirlərinə qatılmamaqla bitərəf mövqe nümayiş etdirməyə çalışsa da prezident Berdımuhəmmədov xarici siyasəti Rusiya ilə razılaşdırılmış qaydada həyata keçirir. Rusiyanın "Qazprom” şirkəti Türkmənistanda hasil olunan təbii qazın əsas alıcılarından biridir. Türkmənistan qazının yeganə alıcısı olan Rusiya Qərbin sanksiyaları ilə əlaqədar yaranmış iqtisadi çətinliklər səbəbindən idxalın illik həcmini 4 milyard kubmetrə qədər aşağı salmalı olub. 

Son illər Mərkəzi Asiyada Rusiya ilə Çinin geoiqtisadi təsirləri artmaqdadır. Hazırda Çin türkmən qazının əsas alıcısına çevrilib. Türkmənistandan qonşu ölkələr vasitəsilə iki marşrut üzrə Çinə nəql olunan "mavi yanacağ”ın həcmi 35-40 mlrd.kubmetr təşkil edir. Bundan başqa, Hindistan, İran və Pakistanın da bölgədə iqtisadi fəallığının artması müşahidə olunur. 

Bölgədə Rusiya və Çinlə geosiyasi rəqabətə qoşulan ABŞ da Mərkəzi Asiya ölkələri ilə birlikdə "G-5” formatı yaradıb. Belə bir əməkdaşlığın genişlənməsi ABŞ-a Mərkəzi Asiya üzərindən Əfqanıstana rahat çıxışı təmin etmək və bu bölgədə terrorçuların Yaxın Şərqə, eləcə də əks istiqamətdə hərəkətinə nəzarət etmək üçün mühüm əhəmiyyət daşıyır. Böyük İpək Yolunun bərpası və Bakı-Tiflis-Qars dəmiryolunun açılışından sonra Azərbaycan üzərindən yükdaşımaların artması ilə əlaqədar Mərkəzi Asiyada geostrateji rəqabətin dərinləşəcəyi gözlənilir. ABŞ və Avropa Birlyi ölkələri şirkətlərinin Azərbaycan vasitəsilə Mərkəzi Asiya bazarına daha asan çıxış əldə etməsi Rusiyanın bölgədə sıxışdırılmasına yol aça bilər. Eyni zamanda, Avropa və Çin arasında daşımaların həcminin artması istər ticari, istərsə də tranzit məkan kimi Mərkəzi Asiyaya rəsmi Pekinin diqqətini artırır. Ona görə də yaxın perspektivdə bölgədə Çin, Avropa , ABŞ və Rusiya arasında geosiyasi və geoiqtisadi rəqabətin genişlənməsi qaçılmaz olacaq. 

Ancaq Mərkəzi Asiya Qərb dövlətləri üçün hazırda yalnız iqtisadi əhəmiyyəti ilə yanaşı, təhlükəsizlik baxımından, daha çox strateji əhəmiyyət kəsb edir. Son dövrlər Avropada, Türkiyədə və ABŞ-da baş verən terror aktlarının törədilməsində Özbəkistan, Qırğızıstan, Tacikistan vətəndaşlarına tez-tez rast gəlinir. Bundan başqa, İŞİD, "Ən-Nüsrə” Cəbhəsi kimi terrorçu təşkilatların tərkibində Mərkəzi Asiya ölkələrindən Suriya və İraqda yüzlərlə terrorçu döyüşür. Qərbin strateji tədqiqat mərkəzlərinin apardığı tədqiqatlara görə, bu bölgədə terrorizmə qarşı mübarizə tədbirləri gücləndirilməsə, 2030-cu ilə qədər Mərkəzi Asiya radikal dini təşkilatlar üçün böyük müharibə meydanına çevrilə bilər. Potensial təhlükənin qarşısını almaq üçün Qərb Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı artırmaq niyyətində görünür. 

Politoloq Qabil Hüseynlinin sözlərinə görə, Avropa İttifaqı Mərkəzi Asiya dövlətlərinin avrointeqrasiya xəttinə qoşulmasında maraqlıdır:

"Avropa İttifaqı bununla həm bu dövlətləri Rusiyanın təsirindən uzaqlaşdırmaq, həm də geridə qalmış baxışların əsiri olmaqdan xilas etmək istəyir. Son zamanlar Mərkəzi Asiya respublikalarından İŞİD və digər terrorçu təşkilatlara qoşulanların sayının artması, radikal islamın yayılması Qərbi, hətta Rusiyanı da xeyli narahat edir. Bu səbəbdən də Avropa İttifaqı həmin beş ölkəni öz siyasi xəttinə cəlb etməklə onların mütərəqqi inkişafını təmin etmək , insan haqları, demokratik dəyərləri də yaymaq istəyir. Məncə bu müsbət tendensiyadır”. 

Qabil Hüseynli bildirdi ki, Rusiyanın bölgədə geosiyasi fəallığı Mərkəzi Asiya ölkələrinə Avropa İttifaqı ilə əlaqə saxlamağa mane olmur: 

"Qazaxıstan Rusiya ilə bahəm, Çinlə də, Amerika ilə də əlaqə saxlayır. Son zamanlar Özbəkistanda yeni prezidentin seçilməsi ilə əlaqədar türkdilli ölkələrlə əlaqələr genişlənib, Avropa ilə yaxın münasibətlər qurulub. Bu ölkələr Çinə yaxın olduğuna görə iqtisadi əlaqələr qura bilər. Amma Avropa ilə ictimai-siyasi münasibətlərin yaradılması, insan haqları ilə bağlı dəyərlər bu xalqlar üçün daha vacibdir. Məsələn, Qırğızıstanda bu dəyərlər xeyli vaxtdır inkişaf edir ”.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları