Yuxarı

Kremlin Qarabağ şərtlərində nələr var?

Kremlin Qarabağ şərtlərində nələr var?

Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərinin qaytarılması yenidən gündəmə gəlib. Kremlin ideoloqu, avrasiyaçılıq ideologiyasının müəllifi, rusiyalı politoloq Aleksandr Duqin növbəti dəfə 5 rayonun Azərbaycana qaytarılmasının vacibliyinə toxunub. O, Rusiyanın bu ərazilərin azad edilməsinin tərəfdarı olduğunu deyib: "Biz 5 rayonun azad edilməsinin tərəfdarıyıq. Təbii ki, biz Azərbaycanı AİB və KTMT-də görmək istəyirik. Amma bu, suveren Azərbaycanın qərarı ilə olmalıdır”.

Duqinin sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi Azərbaycan və Rusiya prezidentləri - İlham Əliyev və Vladimir Putin arasında müzakirə olunur. Kremlin ideoloqu daha sonra bildirib ki, Ermənistandan olan siyasətçilər 5 rayonunun qaytarılması ssenarisi ilə razılaşıblar. 

"Bu məsələ üçtərəfli görüşlərdə dəfələrlə müzakirə olunub. Həm Ermənistan prezidenti, həm də bütövlükdə ağlı başında olan erməni siyasətçiləri bu ssenariyə hazırdır. Burada yeni və gözlənilməz heç nə yoxdur”.

Moskvanın Bakıya şərti

Artıq son 2 ayda Duqin 6 dəfə 5 rayonun Azərbaycana qaytarılmasının vacibliyini vurğulayır. Hətta, keçən ay Moskvada keçirilmiş Rusiya - Azərbaycan forumundan əvvəl və sonra, həmçinin tədbirin gedişində etdiyi çıxışlarla Kremlin ideoloqu ətraf rayonların Azərbaycana qaytarılması məsələsinin tezliklə həll ediləcəyi gözləntisini yaratdı. Lakin heç bir halda bu gözləntilər özünü doğrultmadı. Məsələ heç Cenevrədə görüşən Azərbaycan və Ermənistan prezidentləri arasında da müzakirə edilmədi. Bu baxımdan artıq Aleksandr Duqinin bu məsələ ilə bağlı fikirləri Rusiyanın hakim siyasi dairələrinin diktəsi ilə səsləndirdiyi ehtimalı da inandırıcı görünmür. Bura qədər özünü Azərbaycanın ictimai-siyasi dairələrində "Kremlin sözçüsü” kimi tanıdan Duqinin artıq absurd iddiaları ilə tez-tez gündəmə gələn rusiyalı siyasətçi Vladimir Jirinovski kimi görünməyə başladığı da gözdən qaçmır. 

Lakin Duqinin bu dəfəki açıqlamasında bundan əvvəl səsləndirdiyi fikirlər arasındakı fərq də nəzərdən qaçmır. Kremlin ideoloqu əvvəl sadəcə, ətraf rayonların Azərbaycana qaytarılmasından danışdırdısa, bu dəfə 5 rayonun azad edilməsinin Rusiyanın Azərbaycan qarşısında şərt kimi qoyduğu ehtimalını yaradır. Bu o ehtimaldır ki, 5 rayon Azərbaycana o halda qaytarılacaq ki, Azərbaycan bundan sonra Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT və Avrasiya İttifaqına üzv olacaq. Əlbəttə, Azərbaycanın belə bir addım atması ilə Dağlıq Qarabağın gələcək taleyi və öz suverenliyini sual altında qoyacağı istisna deyil.

Azərbaycan Rusiyanın yeni "tələsi” qarşısında

"Cənubi Qafqazda Təhlükəsizlik” İnstitutunun direktoru, politoloq Məhəmməd Əsədullazadə "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, Rusiyanın Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı xüsusi planı var. Politoloqun sözlərinə görə, bu plan əsasən, Rusiya həm Azərbaycanı öz nüfuz dairəsinə almaq istəyir, həm də Qarabağı Ermənistana birləşdirməyə çalışır:

"Rusiya 5 rayonu Azərbaycanı KTMT və Avrasiya İttifaqına qoşmaq şərti ilə qaytarmaq istəyir. Duqin də dolayı yolla bunu dilə gətirməyə çalışır. Beləliklə, Rusiya 5 rayon əvəzinə Azərbaycanı öz orbitinə - yaratdığı ittifaqlara daxil etmək istəyir. Bununla Ermənistan kimi Azərbaycanın da müstəqilliyinə son verməyə çalışır. Azərbaycan Rusiyanın bu tələsinə düşsə, bu, Qarabağdan birdəfəlik əl çəkməyimizə səbəb ola bilər və bölgədə həyata keçirilən beynəlxalq enerji və nəqliyyat layihələrinin taleyi sual altına düşəcək. Lakin Rusiya Azərbaycanı öz planını qəbul etdirməyə təkid edir. Azərbaycan isə ilkin mərhələdə 7 rayonun boşaldılması tələbini irəli sürməlidir. Rusiya da seçkilərdən əvvəl çalışacaq ki, müəyyən təzyiqlərlə Azərbaycana bu planı qəbul etdirsin. Əlbəttə, Qərbin regionda güclənməsi, geoiqtisadi lahiyələrin işə düşməsi Rusiyanı ciddi şəkildə narahat edir. 5 rayonu Azərbaycana ağır şərtlər qarşılığında qaytarmaqla, regionda Qərbin nüfuz dairəsini kiçiltməyi planlaşdırır”.

Mənsur Rəğbətoğlu






Həftənin ən çox oxunanları