Yuxarı

Pentaqon prezidenti devirir?

Pentaqon prezidenti devirir?

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) prezident Donald Trampın da aralarında olduğu, barəsində təcavüz iddiaları irəli sürülən siyasətçilərin istefa verməsi ilə bağlı çağırış edib."Cümhuriyət” qəzeti xarici KİV-lərə istinadən xəbər verir ki, məlum çağırış mətni Pentaqonun rəsmi Tvitter hesabında yayımlanıb.Ancaq qısa müddət sonra paylaşım silinib. Məlumatlara görə, Pentaqon bu paylaşımı "səhv” adlandırıb: "Pentaqonun rəsmi Tvitter hesabını yönəldən şəxs səhvən bu paylaşımı edib. Yanlışlıq aşkar edildikdən dərhal sonra silinib”. Tvitterdəki paylaşımın mətni belə olub: "Həlli məlumdur. Roy Mor, yarışdan geri çəkil. Al Franken, Konqresdən istefa ver. Donald Tramp, prezidentlikdən istefa ver. Respublikaçılar partiyada cinsi təcavüzlər etməyin. İkiüzlülüyünüz kimi bu da bir cinayətdir”.

Pentaqon Trampa qarşı

Pentaqonun adından yayılmış bu çağırış "adminin səhvi” adlandırılsa da ABŞ-ın nüfuzlu KİV-ləri burada heç bir yalnışdan söhbətin getmədiyini bildirirlər.İddiaya görə bu, Rusiyanın Donald Trampın lehinə 2016-cı ildə keçirilmiş prezident seçkilərinə müdaxiləsi ilə bağlı aparılan araşdırmaların başa çatmaq mərhələsində olması ilə əlaqədardır.Belə ki, xüsusi prokuror Robert Müllerin rəhbərliyi altında davam edən araşdırmalar artıq Rusiyanın seçkilərə müdaxiləsini sübut etməyə çox yaxındır. Artıq əldə edilmiş nəticələrin tamamilə Trampın əleyhinə olduğunu nəzərə alan ölkənin təhlükəsizlik strukturları da buna adekvat cavab verərək, prezident əleyhinə başlamış kampaniyaya dəstək verməyə başlayıblar. Halbuki, vaxtilə istər Mərkəzi Kəşfiyyat İdarəsi, istər Federal Təhlükəsizlik Xidməti, istərsə də Pentaqon seçkiqabağı kampaniyada Donald Trampın əsas dəstəkçiləri idilər. Xüsusilə, Rusiyanın seçkilərə müdaxiləsi ehtimalının gündəmdə olduğu vaxt Pentaqondan Trampa verilən dəstək birmənalı qarşılanmamışdı.Məhdud çərçivədə olsa da Pentaqondakı bir sıra dairələrin də bu müdaxilələrdə iştirak etdiyi iddiaları irəli sürülmüşdü.İndiki məqamda isə hesab olunur ki, Pentaqon bu şübhələri üzərindən atıb "ləkəni” təmizləmək üçün Trampı qurban verməyə hazırlaşır və sosial şəbəkədə yaydığı çağırış bunun ilk siqnalıdır.

Lakin bu iddialara baxmayaraq Donald Tramp Amerikanın son dönəm tarixində Pentaqona geniş səlahiyyətlər verən prezident kimi yadda qalır. Konqresdən bu qurum üçün 639 milyard dollar büdcə istəyən prezident eyni zamanda, öz mehmanxanalarında Pentaqon üçün ofislərin açılmasına şərait yaratdığı halda, bu quruma xarici ölkələrdə qeyd-şərtsiz hərbi əməliyyatlar təşkil etmək hüququna qədər çoxlu sayda geniş səlahiyyətlər verən qanun layihələrini imzaladı. 

Rusiyanın seçkilərə müdaxiləsi ilə bağlı faktlar

Məlumdur ki, artıq uzun müddətdir ABŞ Federal Təhlükəsizlik İdarəsinin (FBI) keçmiş başçısı Robert Müllerin (xüsusi prokuror) başçılıq etdiyi heyət Rusiyanın prezident seçkilərinə müdaxiləsi və Donald Trampın Rusiya hakimiyyəti ilə gizli əlaqələrini araşdırır.Məsələ ilə əlaqədar ilkin ehtimallar gündəmə gələndə araşdırma ayrı-ayrı kəşfiyyat və təhlükəsizlik strukturları tərəfindən aparılırdı, lakin bununla əlaqədar xüsusi prokurorun təyin edilməsi araşdırmaları sürətləndirib. Artıq Trampı vaxtından əvvəl hakimiyyətdən uzaqlaşdırılmasına səbəb ola biləcək faktlar da əldə edilib. Robert Müllerin ilk cəhdlərində Donald Trampın oğlunun (onun da adı Donalddır) Rusiya hakimiyyətinə bağlı olan nüfuzlu vəkil Nataliya Veselnitskaya ilə birlikdə 2016-cı ilin iyun ayında keçirdiyi toplantıya dair faktlar üzə çıxdı.Bundan sonra KİV-lərdə prezidentin özünün də istintaqa cəlb edilməsi ilə bağlı iddia ortaya atıldı.Lakin istintaq prosesində Ağ Evin sözçüsü olan Tiy Kobb yaydığı yazılı bəyanatda Trampın istintaqa cəlb edilmədiyini açıqladı.Məlumatları təkzib etdi. İstintaqın Tramp ailəsi üçün təhlükəli vəziyyət yaratdığını nəzərə alan prezidentin oğlu atasının seçkilərdəki əsas rəqibi Hillari Klintonla bağlı gizli məlumatlara sahib olduğunu açıqlamışdı. Donald Tramp isə oğlunun günahsız olduğunu demişdi.

Ağ Ev rəhbəri mühasirədə

ABŞ-da Rusiyanın seçkilərə müdaxiləsi ilə əlaqədar araşdırmalar xüsusi prokurorla yanaşı, Konqres və FBI-nın nəzdində yaradılmış ayrı-ayrı istintaq qrupları tərəfindən aparılır.Yeni faktların açılmasından sonra seçkiqabağı kampaniyada Donald Trampı dəstəkləmiş kəşfiyyat qurumları - Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) və Milli Təhlükəsizlik Xidməti (NSA) da araşdırmalara başlamağa məcbur oldu.Amerika təhlükəsizlik strukturlarının hazırladıqları ümumi hesabat Rusiyanın seçkilərə müdaxilə etdiyini, Donald Tramp və bəzi ailə üzvlərinin Kremllə gizli işbirliyində olduqlarını iddia edir.Hesabatlara görə seçkiqabağı kampaniya dönəmində Rusiya kəşfiyyatı Hillari Klinton əleyhinə olan ictimai rəy formalaşdırılaraq Trampın qələbəsi üçün şərait yaradılıb və Klintonun namizədliyini dəstəkləyən diplomatların kompyüterlərinə hakerlər vasitəsilə müdaxilələr edilərək məxfi məlumatlar ələ keçirilib.Lakin Rusiya və Tramp bu iddiaları qəbul etmir.

"İkinci Uotergeyt”

Müllerin araşdırmaları Tramp və komandasındakı nüfuzlu diplomatları narahat etməyə başlayıb.Proseslər kifayət qədər ciddi hal alıb və Amerika prezidenti mərhum həmkarı Con Kennedinin ("Uotorgeyt hadisəsi”) taleyini yaşaya bilər.Bir sıra diplomatik mənbələr Trampın sona yaxın olduğunu iddia edirlər.İstintaq Tramp və yaxınlığında olan adlara qədər uzanıb.Əldə edilmiş faktlar prosesin məhkəməyə qaldırılmasına yol aça biləcək vəziyyət yaradıb.Müller isə Trampı bitirməkdə qərarlıdır və prezidenti vaxtından əvvəl taxtından sala biləcək ən böyük dəlilə çatmağa çox yaxınlaşıb.Artıq istintaq Trampın keçmiş təhlükəsizlik müşaviri Maykl Flinin Rusiya və xarici şirkətlərlə gizli əlaqələrini tam sübut edib və bu, Ağ Ev rəhbərini narahat edən əsas faktordur.

Dramatik "final”a doğru

Rusiyanın seçkilərə müdaxiləsi ilə bağlı demək olar ki, hər gün yeni faktlar əldə edilir.Artıq həbslərin başlayacağı xəbərləri gəlməyə başlayıb.İstinaq araşdırmalarına görə rusiyalı oliqarxlar və Putinə yaxın siyasi institutlar, həmçinin Rusiya kəşfiyyatı Trampın seçki kampaniyasının əsas təşkilatçıları olub. Tramp kampaniya dönəmində ştatlarla təbliğat işlərini həyata keçirərkən rus kəşfiyyatı kiber hücumlarla seçkilərin nəticələrini əvvəldən onun lehinə dəyişdirməyə başlamışdı. 

Lakin üzə çıxan faktlar Trampın qayğılarını bir qədər də artırır.Hətta KİV-lərdə onun araşdırmalara başçılıq edən Robert Mülleri qovmaq niyyətində olduğu barədə məlumatlar yayılmağa başlayıb.Lakin bu cəhdlərə baxmayaraq, Müller Donald Trampı həbsxanaya qədər apara biləcək araşdırmanın başında dayanıb.Beləliklə, CIA və FTB-dən sonra Pentaqonun da Tramp əleyhinə olan proseslərə qoşulmaq cəhdləri işin ciddiyyətini bir qədər də artırır.Başqa sözlə, qarşıda Donald Trampı dramatik bir "final” gözləyə bilər.

Mənsur Rəğbətoğlu






Həftənin ən çox oxunanları