Yuxarı

Bəşər Əsədə qarşı yeni mübarizə

Bəşər Əsədə qarşı yeni mübarizə

Rusiya, Türkiyə və İran prezidentlərinin noyabrın 22-də Soçidə keçirilmiş görüşündən sonra Suriyadakı proseslərin hansı istiqamətdə inkişaf edəcəyi diqqət mərkəzindədir. Çünki Suriyada müharibənin başa catdığını iddia edən Rusiya hərbi əməliyyatları dayandırmaq niyyətindədir. Türkiyə və İran rəsmi Moskvanın bu mövqeyinə münasibətini birmənalı şəkildə bildirməyib. Yəni həm Rəcəb Tayyib Ərdoğan, həm də Həsən Ruhani Suriyada müharibənin yekunlaşdığı barədə Vladimir Putinin mövqeyini bölüşən hər hansı fikir səsləndirməyib. Ancaq hər üç tərəf müharibədən sonrakı mərhələdə Suriyada öz geosiyasi mövqeyini qoruyub saxlamaqda maraqlı görünür. 

Ancaq siyasi ekspertlər hazırkı mərhələdə Suriyada döyüşləri dayandırıb Rusiyanın təklif etdiyi kimi prosesi siyasi müstəvidə davam etdirməyin heç də asan olmayacağını deyir. Bu ilk növbədə, Suriyada marağı olan ABŞ, Səudiyyə Ərəbistanı, İsrail, Misir kimi dövlətlərin Soçi danışıqlarından kənarda saxlanılması ilə bağlıdır. Adıçəkilən ölkələr Rusiyanın Soçi görüşünü təşkil etməsinə vasitəçi kimi etiraz etməyib. Buna baxmayaraq, Suriyanın gələcək siyasi taleyinin Rusiya, Türkiyə və İranın maraqları çərçivəsində müəyyənləşməsi təbii ki, ABŞ başda olmaqla nə Qərbi, nə İsraili, nə də Səudiyyə Ərəbistanını qane edə bilməz. Ona görə də Soçi görüşünün nəticələri Suriyanın böhrandan sonrakı dövr kimi deyil, post-İŞİD mərhələsi kimi nəzərdən keçirilir. Beynəlxalq siyasi müşahidəçilərin rəyinə görə, İŞİD terror təşkilatı Suriyada demək olar ki, məhv edildiyindən bundan sonra müxtəlif regional qrupların hakimiyyət uğrunda mübarizəsi başlayacaq. Hadisələrin belə inkişafı hazırda Suriyada məğlub durumda görünən ABŞ-a Əsəd rejiminə son qoymaq üçün yeni imkanlar aça bilər. Çünki antiterror əməliyyatlarında Suriyanın və İraqın İŞİD-dən təmizlənməsi Rusiyanın və İranın bölgədəki hərbi-siyasi mövqeyini bir qədər də gücləndirib.

Mövcud geosiyasi balansı dəyişmək üçün Bəşər Əsədin hakimiyyətdən salınması uğrunda mübarizənin yenidən başlanacağı istisna edilmir. Xəbər verildiyi kimi, Əsəd rejiminə qarşı müxalifətdə dayanan 30 qrupun iştirakı ilə Səudiyyə Ərəbistanında toplantı keçirilir. ABŞ tərəfindən təşkil olunan bu görüş Suriyada beynəlxalq güclərin ciddi qarşıdurması ilə nəticələnə bilər. Çünki Rusiya əvvəllər İŞİD-lə mübarizə adı altında Suriya müxalifətinə qarşı hərbi əməliyyatlar aparırdı. İndi İŞİD siyasi səhnəni tərk etdiyindən Rusiya və İran ABŞ-ın, Səudiyyə Ərəbistanının dəstəklədiyi müxalifətlə qarşı-qarşıya gəlməli olacaq. Bu isə Suriyada geosiyasi ziddiyyətlərin daha da dərinləşməsi deməkdir. Bəşər Əsədin hakimiyyətdən getməsi İranın və Rusiyanın bölgədəki geosiyasi üstünlüyünə son qoyulması baxımından, Birləşmiş Ştatların, İsrailin və Səudiyyə Ərəbistanının maraqlarına cavab verir. Bu məsələdə Türkiyənin maraqları ABŞ və Səudiyyə Ərəbistanı ilə üst-üstə düşsə də Ərdoğan iqtidarı kürd separatizminə münasibətlə bağlı Rusiya və İranla əməkdaşlığı qoruyub saxlamağa çalışır. Eyni zamanda, rəsmi Ankara Suriya böhranının elə bir həll variantını axtarır ki, həm Bəşər Əsədin hakimiyyətdən uzaqlaşmasına nail olsun, həm də kürd terrorizminə son qoyulmaqla Suriyanın ərazi bütövlüyünün qorunub saxlanılması təmin edilsin. Hələlik nə Rusiyanın, nə də ABŞ-ın başçılıq etdiyi siyasi qütbdə bu maraqlar tam təmin edilmədiyindən Türkiyə iki tərəflə də işləməyə üstünlük verir.  

Suriya böhranının həllini Rusiyanın təklif etdiyi siyasi platformada davam etdirməyə mane olacaq digər amil İranın bölgədəki hərbi fəaliyyəti hesab olunur. İran Soçi görüşündə Suriya böhranının nizamlanmasına dair 7 illik "yol xəritəsi”nə imza atsa da, hərbi əməliyyatları davam etdirir. Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər üzrə dövlət naziri Ənvər Qərqaş İranı və "Hizbullah”ı bölgədə sabitliyi pozmaqda ittiham edib. İsrail sərhədinə doğru irəliləməyə çalışan İran Suriyanın cənubundakı Holan təpələri yaxınlığında mövqe tutmağa çalışır. Məqsəd həmin ərazini nəzarətə götürmək üçün "Hizbullah”la birbaşa hərbi əlaqəni təmin etməkdir. 

İsrail isə bir müddət öncə Suriyaya məxsus pilotsuz təyyarəni vurmaqla öz ərazisinə azacıq da olsa, müdaxiləyə imkan verməyəcəyinə işarə etdi. Bununla da İsrail Holan təpələrində oyun oynamaq niyyətində olmadığını İrana və "Hizbullah”a nümayiş etdirib. İsraili narahat edən digər amil İranın Suriyada hərbi baza yaratmaq niyyətidir. Baş nazir Benyamin Netanyahu və müdafiə naziri Avidqor Liberman bu yaxınlarda verdiyi açıqlamada İranın rəhbərlik etdiyi "şiə oxu”nun qonşu ölkədəki təcavüzkar siyasətinə biganə qalmayacağını bəyan edib. Öz növbəsində, İran Səudiyyə Ərəbistanını Livanın daxili işlərinə qarışmaqda və hərbi müdaxilə siyasətini genişləndirməkdə ittiham edir. ABŞ-ın və İsrailin İranla müttəfiqliyi dayandırmaq çağırışına isə Rusiya müsbət cavab vermir. İsrail Homs əyalətini nəzarətdə saxlayan İranın öz təsir dairəsini cənuba doğru genişləndirmək cəhdindən narahatdır. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun İranın xarici qüvvə olmadığına dair söylədiyi fikirlər isə Vaşinqtonda və Təl-Əvivdə daha mənfi qarşılanıb. Hadisələrin gedişi göstərir ki, Suriyada, Yəməndə və Livanda vəziyyət gərginləşdikcə, İran Rusiya ilə daha da yaxınlaşır. Ona görə də hazırda Rusiyanın dəstəyindən məhrum olmaq Tehran rejimi üçün əlverişli deyil. 

"Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltanın sözlərinə görə, ABŞ, Səudiyyə Ərəbistanı və onların dəstəklədiyi qüvvələr Bəşər Əsədin sülh danışıqlarında iştirakına qarşı çıxır: "Soçi görüşü keçirilən gün ABŞ-ın təşəbbüsü ilə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Suriyada BMT-nin rəhbər kimi tanıdığı Bəşər Əsədə qarşı olan 30 qrupla birlikdə toplantı keçirilib. Toplantıda müxtəlif qruplaşmalardan 150-yə yaxın nümayəndə iştirak edib. Görüşdə Cenevrə toplantısına qatılacaq vahid heyət müəyyənləşdirilib. Həmin müxalif qruplar Cenevrə danışıqlarında Bəşər Əsədin iştirakını istəmirlər.

Təbii ki, Soçi sammitindən yekun nəticə gözləmək qeyri-ciddi olardı. Bunu daha çox Suriyada böhranın həlli istiqamətində atılan addımlardan biri kimi dəyərləndirmək daha düzgün olardı. Çünki görüş iştirakçılarının Suriya ilə bağlı məsələyə fərqli yanaşması var. Onlar hələlik, əsasan, Suriyanın ərazi bütövlüyü və suverenliyini razılaşdıra bilib. Düzdür, bu ölkənin gələcəyi, habelə, İran və Türkiyənin təhlükəsizliyi üçün çox vacib məsələdir. Hətta rəsmi Moskva əvvəllər Suriyada federal dövlətin yaradılması mövqeyindən də çıxış edirdi. Bu görüşdə tərəflər arasında razılaşdırılmayan iki mövzu ilə bağlı yekun mövqe açıqlanmayıb. Onlardan biri terrorçu PKK-nın Suriyadakı qolu "PYD"nin gələcəyi, digəri isə ABŞ-ın bu ölkədəki hərbi bazalarının taleyidir” . 

Politoloq hesab edir ki, Rusiyanın hərbi əməliyyatları dayandırmaq istədiyi bir vaxtda İranın bir neçə cəbhədə vuruşması mümkünsüz görünür: "Perspektivdə İrana qarşı daha ciddi sanksiyalar gözlənilir. Belə bir şəraitdə İranın öz fəaliyyətini Rusiya ilə uyğunlaşdırmaqdan başqa yolu yoxdur. Yəni İran Suriya ilə bağlı məsələdə öz payını almaq istəyir. Bu pay İranın dəstəklədiyi siyasi qüvvələrin hakimiyyətdə təmsil olunmasıdır. Məsələn, İraqın baş naziri İranın razılığı ilə hökumət başına gətirilmiş bir şəxsdir. İran "Həşti-Şaabi” adlanan böyük bir qoşun da hazırlayıb İraq hökumətinin nəzarətinə verib. Qeyri-rəsmi məlumatlara görə, bu qoşunun sayı 70 min nəfər təşkil edir. İran çox güman ki, Suriyada da İraqdakı kimi bir model istəyər. Yəni bu model İranın dəstəklədiyi qüvvələrin hakimiyyətdə təmsil olunmasını nəzərdə tutur. Əks halda, İran pozuculuq fəaliyyətini davam etdirəcək. Üstəlik, İranın  Suriyanın ərazi bütövlüyünü dəstəkləməsi də vacibdir. Çünki Suriya məsələsi İrandakı hakimiyyətin mövcudluğu məsələsidir. İran İslam İnqilabının doktrinasının yayılması, şüarlarının qalması üçün gərək Tehran bu sayaq məsələlərdə Rusiya ilə yəqin ki, razılaşmalı olacaq”. 

Müşfiq Abdulla






Həftənin ən çox oxunanları