Yuxarı

İŞİD-in hədəfindəki ölkələr

İŞİD-in hədəfindəki ölkələr

"Bu gün İŞİD-in hökmranlığı başa çatıb və daha heç bir kənd, şəhər və torpaq bu terror qruplaşmasının nəzarətində deyil. Lakin İŞİD hələ məhv olmayıb, İŞİD düşüncəsinin regionda olması onların genişlənmək təhlükəsini artırır. Onlar dağınıq qruplar halında ABŞ və İsrailin dəstəyi ilə müxtəlif ölkələrə gedirlər. Ona görə də, müxtəlif ölkələr bu qeyri-sabitlik və intihar hücumları ilə bağlı hazırlıqlı olmalıdır”.

"Cümhuriyət” qəzeti xəbər verir ki, bu sözləri İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı Əzizullah Cəfəri keçirdiyi mətbuat konfransında deyib. O, İŞİD üzvlərinin haradasa yenidən təşkilatlanaraq hansısa şəhərə hücum edəcəklərini istisna etməyib. 

Qeyd edək ki, İraq və Suriyadakı bütün mövqelərini itirən İŞİD terror təşkilatının hazırda məhdud sayda qüvvə ilə Suriya - İsrail sərhədlərinə yaxın bölgələrdəki kiçik qəsəbə və kəndlərdə kiçik qruplaşmalar formasında qaldığı bildirilir. Suriyada sonuncu dayaq nöqtəsi və "paytaxtı” elan etdiyi Raqqa şəhərini itirən İŞİD-in tədricən bölgədən çıxaraq ayrı-ayrı ölkələrə üz tutduğu deyilir. Bir müddət əvvəl ABŞ kəşfiyyatı məlumat yayaraq, 5400 İŞİD üzvünün öz ölkələrinə geri qayıtdığını açıqlamışdı. Sözügedən məlumatda terrorçuların yerləşmə yeri kimi göstərilən bölgələr arasında Rusiya (Şimali Qafqaz), Orta Asiya, Pakistan, Türkiyə və dünyanın digər bölgələrinin adları var.

İŞİD hansı ölkələri hədəfə ala bilər?

İŞİD-ə keçən illərdə 30 mindən çox ayrı-ayrı ölkələrdən olan vətəndaşın qatıldığı bildirilir. İraq və Suriyadan çıxmaq məcburiyyətində qalan bu terrorçuların qayıtdıqları ölkələrdə terror aktları törədəcəkləri narahatlığı var. Təşkilatın hazırda fəaliyyət göstərən rəhbərliyinin taleyinin necə olacağını demək asan olmasa da ölkələr üzrə dağılan İŞİD-in dünya üçün gizli və qorxulu təhlükə olacağına şübhə yoxdur. 

ABŞ-ın terrorizmlə mübarizə qurumlarının son hesabatlarına insanaq, İŞİD-in sıralarına qoşulan terrorçuların bir qismi Suriya və İraqda qalacaq. İngiltərə Mərkəzi Kəşfiyyat İdarəsi (MI 5) isə bu terror təşkilatına qoşulduğu deyilən 800 ingilis vətəndaşının ən az 130 nəfərinin öldürüldüyünü, sağ qalanların da öz ölkələrinə geri qayıtmağa başladıqlarını açıqlayıb. İngiltərə ilə yanaşı digər ölkələrdən olan terrorçuların qayıdacaqları məkanlarda kamikadze mübarizəsinə başlayacaqları ehtimal edilir.

Mosul və Raqqadan çıxarılan terrorçular

Mosul və Raqqa İŞİD-dən azad edilərkən bu terror təşkilatının sıralarında kifayət qədər silahlının  döyüşdüyü faktı üzə çıxdı. Mosulda ələ keçirilən terrorçuların az qismi İraqda həbs edilsə də qalanları ələ keçirmək mümkün olmadı. ABŞ liderliyindəki koalisiya qüvvələri və kürdlərin YPG terror təşkilatının müşayiəti ilə Raqqadan çıxarılan İŞİD üzvlərinin isə hansı bölgələrə üz tutduqları barədə konkret məlumat yoxdur. Bu da terrorçuların vətəndaşı olan ölkələrin narahatlığını bir qədər də artırır. Türkiyənin bu məsələdə qayğısı daha çoxdur. Çünki Raqqadan çıxarılan minlərlə terrorçunun Türkiyəyə və buradan da digər ölkələrə üz tutduqları iddia edilir. Uzun müddətdir ki, İŞİD-in Türkiyədə möhkəmlənmiş qruplaşmaları var və bu qruplaşmalar terrorçuların Suriya və İraqdan çıxarılaraq lazımi istiqamətlərdə yönəldilməsində əsas rolu oynayırlar.

Qafqazda terror təhlükəsi

İordaniya və Livan da bölgədən qaçan İŞİD-dən narahatdır. ABŞ və İngiltərənin kəşfiyyat qurumlarının hesabatlarına görə İŞİD-in cihadı davam etdirə biləcəyi kifayət qədər ölkə var. Artıq bu terror təşkilatının qruplaşmalar formasında Yəmən, Sina yarımadası, Şimali Qafqaz və Şərqi Asiya kimi bölgələrdə yerləşdiyinə dair təsdiqlənmiş faktlar üzə çıxmağa başlayıb. İŞİD-in ən güclü qolunun hazırda Liviyada olduğu bildirilir, ehtimala görə terror təşkilatının bu qolu bu ölkəni Suriyaya çevirə biləcək gücdədir. ABŞ Liviyada 10 minə qədər İŞİD üzvünün olduğunu açıqlayıb. Yenə amerikalı mənbələr Əfqanıstanda da 1000-ə yaxın bu terror təşkilatına bağlı militanın olduğunu iddia edirlər. Konqo, Myanma və Filippin də İŞİD döyüşçülərinin məskunlaşdığı bölgələr sırasındadır. Ən ilginci də budur ki, bir çox İŞİD militanı gəldiyi ölkəyə qayıtmağa üstünlük verir. 

Geriyə qayıdan terrorçuların ən pis formada təsir edəcəyi ölkələr arasında Şimali Afrikadan olan dövlətlər üstünlük təşkil edir. Təkcə bu bölgədə yerləşən Tunisdən 10 minə qədər insan İŞİD-in sıralarına qoşulub. Körfəz ölkələri, Rusiya və bir sıra Orta Asiya ölkələri də bu kateqoriyaya daxildir. Avropaya isə indiyədək 2 minə qədər terrorçunun qayıtdığı bildirilir. Avropadan İŞİD-ə qatıldığı ehtimal edilən 7 minə qədər insanın geriyə qayıtma vəziyyətində bunun qitə miqyasında təhlükəsizliyə ciddi təhdid olacağı qaçılmazdır. İtaliya Beynəlxalq Siyasət İnstitutu və ABŞ-ın Corc Vaşinqton Universitetinin yaydığı ortaq hesabata görə 2014-2017-ci illərdə Avropa ölkələrində baş verən terror aktlarını İŞİD-in geri qayıdan üzvləri törədiblər.

Siyasi hakimiyyətlərə təzyiq

Analitiklərə görə bu terrorçuların geriyə qayıdışı bu ölkələrdə fəaliyyət göstərən yerli silahlı qruplaşmaların güclənməsinə və yeni münaqişələrin yaranmasına səbəb ola bilər. Geriyə qayıdan İŞİD üzvlərindən hədəfə alınan dövlətlərin siyasi hakimiyyətlərinə qarşı istifadə edilə biləcəyi də ehtimallar arasındadır. Ən maraqlısı da budur ki, təhlükəsizlik sistemləri dünyanın ən mükəmməllərindən hesab olunan dövlətlər belə, geri qayıdan terrorçuları təsbit edərək həbs etmək məsələsində çətinlik çəkirlər.

Mənsur Rəğbətoğlu






Həftənin ən çox oxunanları