Yuxarı

Ağ Evdən Türkiyəyə sanksiya hədəsi

Ağ Evdən Türkiyəyə sanksiya hədəsi

ABŞ-da Türkiyəyə qarşı sanksiya məsələsi gündəmə gəlib.

"Cümhuriyət” qəzeti xəbət verir ki, Amerikada nəşr olunan "Vaşinqton Post” qəzeti ABŞ rəhbərliyinin Rusiyaya tətbiq etdiyi sanksiyalar çərçivəsində Rusiyadan "S 400” müdafiə sistemi alan Türkiyəyə qarşı da sanksiya tətbiq etməsi lazım olduğunu bildirib. Məlum məqalədə qeyd edilir ki, hökumət Konqresdə qəbul edilmiş və prezident Donald Tramp tərəfindən imzalanan Rusiyaya qarşı sanksiya qanunu ilə qadağan olunmuş bir rus şirkətilə iş gördüyü üçün Türkiyəyə sanksiya tətbiq etməli və Amerika bu ölkəyə silah satışını dayandırmalıdır. 

"Bəs Tramp bunu edəcək, yoxsa yox?”, məqalədə bu sual ABŞ-ın NATO-dakı səfiri Kay Beyli Hatçisona verilib: "Hatçison Tramp administrasiyası adından Türkiyənin Rusiya müdafiə sənayesilə razılığa gəlməsi vəziyyətində "nəticələrini əvvəldən bilirik”, xəbərdarlığını etdi, amma rəhbərlik bununla bağlı hələ ki, nə edəcəyinə qərar verməyib. Lakin Hatçison açıq şəkildə öz narahatlığını dilə gətirdi”.

Türkiyə - Rusiya yaxınlaşması

Məqalədə açıq formada vurğulanır ki, ABŞ Türkiyənin Rusiyadan silah almasından, başqa sözlə, Türkiyə - Rusiya yaxınlaşmasından narahatdır. Bu iki ölkə arasında baş verən yaxınlaşmaya gəlincə, bu proses keçən il iyul ayının 15-də Fətullahçı Terror Təşkilatının - FETÖ-nün dövlət çevrilişinə cəhdindən sonra başladı. Hadisədən bir neçə saat əvvəl Rusiya kəşfiyyatı Ərdoğan hökumətini xəbərdar edərək, çevrilişə cəhdin olacağını bildirdi. Bu o dönəmə təsadüf edirdi ki, 2015-ci ildə Suriyadan Türkiyə sərhədlərini pozan Rusiya təyyarəsinin türk hərbçilər tərəfindən vurulmasından sonra başlayan gərginlik qarşıdurma vəziyyəti yaratmışdı. Lakin buna baxmayaraq Rusiya Ərdoğan hökumətini xilas etdi və buna jest olaraq Rusiyaya səfər edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Sankt-Peterburqda həmkarı Vladimir Putinlə görüşdü. Bu görüş tərəflər arasında bura qədər olan soyuq münasibətləri məcrasına qaytardı, üstəgəl, Rusiyadan Türkiyəyə tətbiq edilən bir sıra sanksiyalar ləğv edildi və rus təyyarəsini vuran hərbçi cəzalandırıldı. Bundan sonra Avropanı Rusiyanın qaz asılılığında saxlayan, Moskva və Ankaranın ortaq layihəsi olan "Türk axını” yenidən ortaya atıldı. Beləliklə, istiləşən münasibətlər Türkiyənin Rusiya ilə yeni hərbi sazişlər imzalaması məsələsini gündəmə gətirdi. 

Lakin Rusiyadan fərqli olaraq, ABŞ və digər Qərb dövlətləri (Avropa İttifaqı) Ərdoğan hökumətinin siyasi sistemdəki FETÖ üzvlərinə qarşı başladığı əməliyyatları pislədi. Üstəgəl, Ərdoğanın Avropa ölkələrinə səfərlərinə qadağa qoyuldu. Türkiyənin Rusiyadan "S 400” sistemlərini alması isə gərgin münasibətləri daha da qızışdırdı. Ekspertlər indiki məqamda Qərbdə gündəmə gələn sanksiya məsələsini də Türkiyənin Rusiya ilə yaxınlaşması ilə əlaqələndirirlər və bu, Ərdoğan hökumətinə qarşı edilən təzyiqlərin bir hissəsi kimi qəbul edilir. Hesab etmək olar ki, son günlərdə intensivləşən Putin - Ərdoğan görüşləri də burada əsas rol oynayır.

Türkiyənin Qərbə qarşı alternativi

Siyasi şərhçi Azər Həsrət "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, ABŞ və Türkiyə istər NATO daxilində, istərsə də ikitərəfli münasibətlər baxımından müttəfiq dövlətlərdir. Lakin A.Həsrət ABŞ-ın bu müttəfiqlik prinsiplərini pozaraq Türkiyəyə qarşı təzyiqlər etməyə çalışdığını deyib: "Ümumiyyətlə, Qərb son zamanlarda Türkiyəyə qarşı müttəfiqlik prinsiplərinə uyğun olmayan davranışlar edir. Türkiyə də müttəfiqlik məsələsində Qərbə alternativlərin olduğunu göstərməyə məcbur oldu. Bu alternativlərin ən böyüyü də Rusiyadır. Qlobal siyasətin ABŞ-la birlikdə iki əsas gücündən biri də bu ölkədir. Amerikadan olan soyuq münasibətlər Türkiyə və Rusiyanı biri-birinə yaxınlaşdırır. Əlbəttə, Rusiyadan "S 400” raketlərinin alınması, Ərdoğan və Putin arasında intensiv görüşlərin keçirilməsi ABŞ-ı qıcıqlandırır. Yəqin ki, Amerika öz müttəfiqinə qarşı belə soyuq münasibətlər göstərməsəydi, Türkiyə alternativləri nəzərdən keçirməyəcəkdi. İndi də Amerika Türkiyəni sanksiyalarla qorxutmağa çalışır. Bu yolla Türkiyəni öz müstəqil siyasətindən çəkindirmək istəyir. Amma Türkiyə dövlətinin müstəqil siyasətindən imtina edəcəyi inandırıcı deyil. Əgər ABŞ və Qərbdən olan digər dövlətlər Türkiyə ilə münasibətləri yüksək səviyyədə saxlamaq istəyirlərsə, o zaman bu ölkənin milli maraqlarını da nəzərə almalıdırlar. Əks halda, Türkiyə alternativlər axtarışında olacaq”.

"Türkiyə İtaliyadan da yeni sistemlər almağı planlaşdırır”

Türkiyə üzrə ekspert Oqtay Hacımusalı "Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, Rusiyadan silah almaq istəyinə görə Qərb Türkiyəni dalana dirəməyə çalışır. Ekspert hesab edir ki, bu, Qərbə görə Rusiya - Türkiyə yaxınlaşmasıdır, istər Avropa, istərsə də ABŞ KİV-lərində bu məsələ uzun müddətdir gündəmdədir: "Lakin vaxtilə ABŞ "Patriot” raket hücumlarından müdafiə sistemlərinin Türkiyəyə satılmasına imkan vermədi. İndiki halda da Qərbdə bu məsələyə yer ayırmırlar. 

Lakin bir müddət əvvəl baş nazir Binəli Yıldırım Amerikanın hava hücumundan müdafiə sistemləri ilə maraqlandıqlarını dedi. Lakin ABŞ bu məsələnin üzərindən sakitliklə keçdi. Türkiyə artıq dünyanın hesablaşılan gücüdür. Əvvəlki kimi Qərbin bölgədəki forpostu deyil, öz müstəqil siyasətini yürüdən və bölgədə söz sahibi olan gücdür. 

Türkiyə öz təhlükəsizliyini təmin etmək üçün ayrı-ayrı dövlətlərlə çoxşaxəli hərbi əməkdaşlığa üstünlük verir. Buna görə də Türkiyə Rusiyadan "S 400” almaqla yanaşı, İtaliya ilə "Eurosam” şirkətinin hava hücumundan müdafiə sistemlərini almağı planlaşdırır. Yəni, Türkiyənin çoxşaxəli manevrləri ABŞ və Qərbdən olan digər dövlətləri narahat edir. Buna görə də bir sıra hallarda bu ölkəyə qarşı təzyiq rıçaqlarını işə salırlar”. 

Mənsur







Həftənin ən çox oxunanları