Yuxarı

İranda türk abidələrinə qarşı "soyqırım”

İranda türk abidələrinə qarşı

Azərbaycan - Ağqoyunlular İmperiyasının hökmdarı Uzun Həsənin tarixi Azərbaycan şəhəri Təbrizdə tikdirdiyi məscid və məqbərə dağılmaq təhlükəsi ilə üzləşib. "Cümhuriyət” qəzeti xəbər verir ki, Təbrizin 2018-ci il üçün "Turizm paytaxtı” elan edilməsinə baxmayaraq, Güney Azərbaycanda yaşayan soydaşlarımız (türklər) İran hakimiyyətinin Azərbaycanın bu və digər tarixi abidələrinə qarşı etinasızlığından şikayət edirlər.

Azərbaycanın tarixi memarlıq üslubunda tikilmiş abidələr dağılmaq üzrədir. XV əsrdə tikilmiş abidələrin Təbriz və Azərbaycanın mədəniyyət tarixində xüsusi yerləri var. XVIII əsrdə baş verən dağıdıcı zəlzələdə zərər görən abidələr Qacarlar sülaləsinin hakimiyyəti dönəmində yenidən tikilib. Bunlar Ağqoyunlular imperiyasının paytaxtı Təbriz şəhərinin incisi kimi qəbul edilirdilər. Lakin İranın molla rejiminin Güney Azərbaycandakı türk tarixinin mədəni irslərinə qarşı etinasızlığı təkcə bu əsərlərə qarşı deyil. Təbriz və Güney Azərbaycanın bütün türklər yaşayan bölgələrində olan abidələr tarixin ayrı-ayrı dövrlərində məqsədyönlü şəkildə ya dağıdılıb, ya da farslaşdırılıb. Ağqoyunlular dönəmindən qalmış abidələrin dağılmağa başlamasıyla əlaqədar faktların KİV-lərdə yayılmasından bir neçə gün əvvəl Azərbaycanın mərhum şairi Məhəmmədhüseyn Şəhriyarın büstünün tanınmaz hala salınması ilə bağlı məlumat verilmişdi. Məlumata əsasən bir qrup fars millətçisi zorakılıq nümayiş etdirərək şairin Məşhəd şəhərində yerləşən büstünü tanınmaz hala salıb.

Qorxularının üstünə gedən molla rejimi

Güney Azərbaycanda bu və digər tarixi abidələrin dağıdılması, Qacarlar (türk) sülaləsinin İrandakı hakimiyyətinə son qoyulduqdan sonra iqtidarı ələ keçirən fars rejimlərinin soydaşlarımıza qarşı başladıqları assimilyasiya siyasətinin tərkib hissəsi kimi qəbul edilir.

Türkləri milli kimliklərindən uzaqlaşdırmağa çalışan molla rejimi bu məqsədlə tarixi abidələri yox edir, bütün bunlara etiraz edən Milli Azadlıq Hərəkatının öncüllərini də həbsə atır, edam etdirir. 1991-ci ildə SSRİ-nin dağılmasından sonra Azərbaycanın müstəqil olması, Güney Azərbaycanda milli şüurun oyanması prosesini sürətləndirdi. Milli kimlik, ana dili uğrunda mübarizə başlandı. Bu, milli şüurun inqilabi formada oyanışı hadisəsi idi. Beləliklə, 2000-ci ilin əvvəlində Güney Azərbaycanda türklər arasında yüksələn millətçi ideologiya mübarizə meydanına daşındı. Əlbəttə, bu hərəkatın və buna qarşı İranın molla rejiminin təzyiqçi, repressiv cəza tədbirlərinin kökündə Güney Azərbaycan türklərinin İranda ən güclü toplum olması dayanır. Geosiyasi proseslər, sosial və mədəni mövqe, iqtisadi güc və say baxımından da Azərbaycan türkləri İran daxilində baş verən siyasi proseslərdə öncül mövqedə dayanırlar. Bütün bunları nəzərə alan molla rejimi türkləri - Güney Azərbaycanı həmişə özünə qarşı təhdid kimi qəbul edib. Nəticədə türklərə milli kimliklərini unutdurmağa çalışmaqla yanaşı, onların tarixi və mədəni irslərini ya farslaşdırıb, ya da məqsədyönlü şəkildə məhv etməyə çalışıb. Türklərin "azəri” adlandırılması və bu millətin fars millətinin bir qolu kimi təqdim edilməsi də bu assimiliyasiya siyasətinin tərkib hissəsidir. Şübhəsiz ki, molla rejimi İranın sayca (35 milyon) ən çox milləti mövqeyində dayanan Azərbaycan türklərinin hakimiyyəti ələ keçirəcəyindən narahatdır.

"Rəfsancaninin oğlu bu abidələri xarici ölkələrə satırdı”

Yaxın Şərq və İran üzrə mütəxəssis Sədrəddin Soltan "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, Güney Azərbaycanda yaşayan Azərbaycan türklərinin milli kimliklərinin danılması bu günün məsələsi deyil. Mütəxəssis hesab edir ki, bu, İran hakimiyyətinin Rza şahın dövründən və ondan əvvəldən də bu günədək türklərə qarşı tutduğu mövqedir:

"Rza şahın dönəmində türklərin milli kimliklərinin danılması məsələsinin siyasi əsası qoyuldu. Məhəmmədrza şah bunu davam etdirdi. İndiki teokratik rejim də hakimiyyətə gəldikdən sonra bu xətti davam etdirməyə başladı. Məsələn, 1990-cı illərdə - Rəfsancaninin hakimiyyəti dövründə Azərbaycan türklərinin Qoç qəbirüstü abidələri vardı. Həmin dönəmdə bu abidələri dağıdırdılar. Hakimiyyət şayiə yaymışdı ki, guya həmin Qoç abidələrinin "buynuzlarında” qızıl var, buna görə də insanlar bu abidələri dağıdırdılar. Bu dönəmdə kifayət qədər tarixi abidələrimiz bu yolla məhv edildi. Həmin dövrdə KİV-lərdə o məlumatlar yer almışdı ki, bu tarixi abidələrin bir hissəsini Rəfsancaninin oğlu xarici ölkələrə satıb. Ərk qalası ilə bağlı uzun müddətdir ki, etirazlar davam edir. Yəqin ki, bir müddətdən sonra Ərk qalası qalmayacaq. Təbrizdə yerləşən Göy məscidin ətrafının dağıdılmasında da İran hakimiyyətinin maraqları var. Çünki İran hakimiyyəti 6 əsr yaşı olan bu məscidi dağıtmayıb, bu layihəni başqa bir yerdə də reallaşdıra bilərdi”.

S.Soltan qeyd edib ki, Məhəmmədhüseyn Şəhriyarın abidəsinə qarşı bu təhqiramiz davranış, İran hakimiyyətinin Azərbaycan türklərinə olan münasibətinin nəticəsidir:

"İran KİV-lərində də zaman-zaman Azərbaycan türklərini təhqir edən materiallar yayımlanır, türkləri aşağılayan reaklam çarxları dövriyyəyə buraxılır, karikaturalar dərc edilir. Bu kampaniya davam edir. Bu təzyiqlərdə İran hakimiyyətinin Azərbaycan türklərini qıcıqlandırmaq istəyi də var. Mümkündür ki, türkləri təxribata çəkib, onlara qarşı daha sərt tədbirlər həyata keçirmək niyyətindədirlər. Amma İran hakimiyyətinin Azərbaycan türklərinə və onların tarixi, mədəni irslərinə qarşı hücumlarına etiraz olaraq, aksiyaların keçirilməsi də məqbul sayılır. Çünki bu təzyiqlər uzun illərdir davam edir. Üstəgəl, bölgədə və dünyada milli şüurun inkişaf etdiyi bir zamanda İranda bu tip hadisələri törədənlərin cəzalandırılmaması, o ehtimalı yaradır ki, İran hakimiyyəti bu tip məsələlərdə maraqlıdır, yəni, bununla türkləri təxribata çəksin, türklərə qarşı assimiliyasiya siyasətini gücləndirsin və beləliklə, türklərə qarşı olan təqibləri gücləndirsin”.

"Məqsədyönlü şəkildə məhv edilir”

Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin (GAMAC) sözçüsü, milli fəal Məhsa Mehdili "Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, Güney Azərbaycanda davam edən Milli Hərəkatı iki əhəmiyyətli fakta əsaslanır. M.Mehdilinin sözlərinə görə bu, bölgədə hökm sürən vəziyyəti dəyişmək üçün gedən mübarizədir:

"Bu amillərdən biri azərbaycançılıq, digər isə türkçülükdür. İranda son 90 ildə baş verən hadisələr, Pəhləvilərin hakimiyyətə gəlməsindən sonra türklərin sıxışdırılması bu hərəkatın ortaya çıxmasına rəvac verdi. İranın bugünkü mərkəzi hakimiyyətinin əsas hədəflərindən biri türklərə milli kimliklərini unutdurmaqdır. Mövcud dini-siyasi sistem və fars şovinizmi Azərbaycanın apardığı mübarizəni və türklərin milli dəyərlərindən uzaqlaşdırmağı hədəfə alıb və bunu açıq formada nümayiş etdirir. 

Buna görə də türklərin mədəni və tarixi irsi məqsədyönlü şəkildə məhv edilir. Türklər onları yox etmək istəyən bir sistemə qarşı mübarizə aparırlar. Siyasi hakimiyyətlə yanaşı, eyni ölkənin vətəndaşları olan farslar da türklərlə üz-üzə gəliblər. Lakin İran hakimiyyətinin türkləri yox etmək layihəsi iflas etmək üzrədir. Çünki Güney Azərbaycan türkləri İran hakimiyyətinin onlar qarşısında çəkdiyi sərhədləri aşıb, öz milli kimlikləri və digər məsələlərlə bağlı həqiqətləri əldə ediblər. Bu, Güneydə davam edən Milli Hərəkatın daha da güclənməsinə təkan verir”. GAMAC yetkilisi qeyd edib ki, biz artıq İran hakimiyyətinin bizi tariximizlə birlikdə yox etməyə çalışdığını bilirik: "Əlbəttə, tarixi abidələrimiz və mədəni irsimiz milli kimliyimizin ən əhəmiyyətli hissəsidir. Güneydəki Milli Hərəkat da bu tarixi irsimizə sahib çıxmağı qarşısına məqsəd qoyub. Biz bizi yox etməyə çalışanları gördükcə, gələcək varlığımızı saxlaya biləcəyik”.

Mənsur Rəğbətoğlu






Həftənin ən çox oxunanları