Yuxarı

Rusiyanın seçki ssenarisi ola bilərmi?

Rusiyanın seçki ssenarisi ola bilərmi?

Azərbaycanda marağı olan güclər 2018-ci il prezident seçkilərinə "hazırlaşır”.

Seçki ilə bağlı müxtəlif "ssenarilər” yazılır. Heç şübhəsiz ki, seçkiyə hazırlaşan güclərdən biri də şimal qonşumuz Rusiyadır. Rusiya hər seçkidə ənənəvi müxalifət vasitəsilə boy göstərir. 2013-cü il seçkiləri zamanı da belə olmuşdu. O zaman əsas nüvəsini "Yurd” təşkil edən Milli Şura seçkilərdə Rusiyanın təmsilçisi kimi iştirak edirdi.

Qurum Rusiyada yaşayan azərbaycanlı milyarderlərin təşəbbüsü ilə yaradılmış, onların təmsilçisi kinorejissor Rüstəm İbrahimbəyov Milli Şuranın sədri seçilmişdi. Əli Kərimlinin rəhbərlik etdiyi "Yurd” və onun təbliğat maşını bu həqiqəti gizlətməyə çalışsa da, hər şey açıqca ortada idi. 

Milli Şuranın prezidentliyə ilk namizədi Rüstəm İbrahimbəyovun Rusiyanın "proyekti” olduğunu hətta ənənəvi müxalifətin digər partiyaları inkar etmədi. Ənənəvi müxalifətin Kremldə yazılan ssenarilərdə baş rol alması heç də təsadüfi deyil. Bu düşərgə bütün zamanlarda müxalifətçiliyin imitasiyası ilə məşğul olub və siyasi fəaliyyətlərini yalnız "biznes” üzərində qurub. Ənənəvi müxalifət liderləri Azərbaycana qarşı hazırlanan ssenarilərdə canla-başla yer alıblar. 

Şimal qonşumuz yəqin ki, 2013-cü il uğursuzluğundan nəticə çıxararaq növbəti seçkilərdə Milli Şuranı və digərlərini prosesdən kənarda qoyacaq. Ehtimal olunur ki, Milli Şura növbəti ssenarilərin yalnız izləyicisi olacaq. Ancaq ehtimal var ki, Milli Şuranı yaradanlar və bu quruma rəhbərlik edənlər yenə də prosesin aktiv iştirakçıları olacaq. Milli Şuranın 2018-ci il prezident seçkiləri ilə bağlı hələ də gözləmə mövqeyində olması da onu deməyə əsas verir ki, Rusiyanın ssenarisi hələ hazır deyil və göstəriş gəlməyib. 

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə "Cümhuriyət” qəzetinə şərhində deyib ki, Rusiyanın seçkiöncəsi müxtəlif ssenarilərlə çıxış edəcəyi gözlənilir: "Rusiya post-sovet ölkələrində daim  prezident seçkilərinə müdaxilə edib. Nəzərə alaq ki, Rusiya ABŞ və Avropada keçirilən prezident seçkilərinə müdaxilə edir, öz dəstəklədiyi namizədin xeyrinə kampaniya aparır. Belə olan təqdirdə Rusiyanın "yaxın xaric” adlandırdığı ölkələrdə dəstəklədiyi namizədinin olacağı şübhəsizdir. Ukrayna və Gürcüstanda baş verənləri yaxşı xatırlayırıq.

Rusiya hətta öz namizədi qalib gəlməyəndə, hərbi müdaxilədən də çəkinmir. Rusiyanın Azərbaycanda bütün seçkilərə müdaxiləsi olub. 2013-cü ildə qurulan Milli Şura layihəsi buna sübutdur. Moskva hakimiyyətə təzyiq etmək üçün yenidən Milli Şura kimi siyasi hərəkat yarada bilər. Kremlin yenidən Mulli Şura modelinə də qayıtması mümkündür. Azərbaycan Rusiyanın maraq dairəsində olan ölkədir. Düzdür, rəsmi Kreml iqtidarla müəyyən məsələlərdə uzlaşır. Amma hazırda Qarabağ münaqişəsinin nizamlanması prosesində və yeni səfirlə bağlı qalmaqalda Rusiya ilə müəyyən problemlər yaşanır. Bu baxımdan seçkiöncəsi təzyiqlər arta bilər”.

Vilayət Muxtar






Həftənin ən çox oxunanları