Yuxarı

Türkiyə üçün "Rza Zərrab tələsi”

Türkiyə üçün

ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalara məhəl qoymamaqda təqsirli bilinərək Amerikada həbs olunan türkiyəli iş adamı Rza Zərrab ətrafında baş verən proseslər fərqli məcralara yönəlir. Zərrab həbs olunan zaman Türkiyə rəsmiləri ABŞ-ı iş adamını tezliklə azad etməyə çağırsalar da, Nyu-York prokurorluğu prosesi davam etdirdi. Bu günlərdə isə prosesin gedişatında maraqlı məqamlar gündəmə gəldi. Türkiyə mətbuatı yazır ki, iş adamı Rza Zərrab öz istəyi ilə və heç bir təzyiq olmadan ittihamları qəbul edib. Zərrabın iddianaməni 26 oktyabrda imzaladığı məlum oldu. Prosesin gedişatında isə CHP-li deputat Levənt Gök canlı yayımda Milli Kəşfiyyat İdarəsinin (MİT) Rza Zərrabla bağlı 2013-cü ilə aid sənədlərini yayımladı. 

Vəkil həmin sənəddə Zərrabın fəaliyyətində korrupsiya faktlarının göstərildiyini və məlumatların o dönəmin baş naziri Rəcəb Tayyib Ərdoğana göndərildiyini demişdi. Son günlərdə isə Rza Zərrabın "etirafçı” olması məlum olub. Belə ki, ABŞ Zərrabın "etiraflarından” Türkiyəyə qarşı, daha doğrusu, nüfuzlu türk siyasətçilərinə qarşı istifadə edəcəyi iddia olunur. Artıq ABŞ bu istiqamətdə ilk addımı atıb. Türkiyə mətbuatı yazır ki, Nyu-York Məhkəməsinə Hakan Atillaya qarşı şahid qismində gətirilən Zərrab ifadəsində bank hesabı açmaq üçün keçmiş Avropa Birliyi naziri Egemən Bağışdan kömək aldığını və sabiq iqtisadiyyat naziri Zəfər Çağlayana isə 45-50 milyon avro məbləğində rüşvət verdiyini iddia edib. Zərrab rüşvəti neft qarşılığında biznesini davam etdirmək məqsədilə verdiyini dedi. Hesab açmaq üçün özəl icazəyə ehtiyac olduğunu deyən Zərrab bank rəhbəri ilə Egəmən Bağışın bağlantı qurduğunu iddia edib.

Rza Zərrab işində son baş verənlərdən sonra iki ölkə, ABŞ və Türkiyə arasında münasibətləri gərginləşdirəcəyi istisna olunmur. Maraqlıdır, Rza Zərrab işi kimin əleyhinə işləyəcək?
Politoloq Nəzakət Məmmədova "Cümhuriyət” qəzetinə şərhində deyib ki, ABŞ Zərrabı AKP iqtidarına əks zərbə kimi ortaya qoyub:

"Zərrab məsələsi ABŞ-Türkiyə münasibətlərində gərginliyi daha da artırır. PYD/YPG-dən olan kürd silahlılarına yardım edilməsi və Gülənin təhvil verilməməsinin ardınca Zərrabdan AKP iqtidarı dövründə yüksək vəzifə tutmuş şəxslərə qarşı ifadələr alınması sözsüz ki, Ərdoğanın ABŞ-a qarşı olan qəzəbini daha da artıracaq. Ərdoğanın "kürdləri silahlandırırsız”, "FETÖ vasitəsilə çevriliş cəhdi edirsiz” iddialarına qarşı Zərrabın ifadələri güclü arqument kimi qoyulur. Çünki Ərdoğanın çevrəsində yüksək vəzifə tutmuş şəxslərin İrana qarşı beynəlxalq sanksiya rejimini pozması, rüşvət alması ağır ittihamdır. Bu, ittiham heç də ABŞ-ın FETÖ-ya dəstək verməsindən daha az məsuliyyət yaratmır. Əgər bu ittihamlar, o cümlədən, İranla sanksiyalar dövründə qeyri-qanuni pul köçürülməsi məsələsində iştirakı sübut olunarsa, Türkiyə banklarının külli miqdarda cərimə olunması barədə qərar çıxarıla bilər. Bu isə Ərdoğanı çox ağır bir duruma salacaq. Əgər o, ABŞ məhkəməsinin qərarına tabe olaraq Türkiyə banklarının təzminat ödəməsini qəbul edərsə, bu ittihamı qəbul etmək deməkdir. Əgər təzminatı ödəməkdən imtina edərsə, bu halda Türkiyə banklarının beynəlxalq bank-maliyyə sistemindən təcrid edilməklə əmlaklarına həbs qoyula bilər. Ümumiyyətlə, Zərrab məsələsinin daima ABŞ-ı ittiham edərək NATO -dan uzaqlaşan, Rusiyaya yaxınlaşan Ərdoğan hakimiyyətinə tutarlı əks zərbə kimi ortaya qoyulduğu aydındır”.

Politoloq hesab edir ki, Zərrabla bağlı gedən proseslər ABŞ-Türkiyə münasibətlərinin gərginləşməsinə zəmin yaradır:

"İran və Türkiyənin 5 il müddətində sanksiyalara məhəl qoymayaraq neft-qaz satışı, pul köçürülməsi, qızıl ticarəti kimi sahələrdə gizli işbirliyi ciddi ittihamlardır. Bu həm İranı, həm Türkiyəni beynəlxalq qanunlara hörmətsizlik etməkdə günahlandırmaq üçün ABŞ-a gözəl fürsət yaradır. Bununla eyni zamanda İranın da sanksiyaları pozduğunu, beynəlxalq hüquqa əməl etmədiyini sübut etmiş olacaqdır. Çünki Zərrab həm Türkiyə, həm də İran vətəndaşıdır və bu iki ölkə arasında əsas əlaqələndirici şəxs olub. Nyu-Yorkun keçmiş bələdiyyə başçısı, Trampın yaxın dostu Culiyaninin, eləcə də Buş dönəmində ABŞ-in ədliyyə naziri olmuş Mukaseyin Zərrabın müdafiəçiləri sırasına qoşularaq Ərdoğanla bu məsələyə dair görüşlər keçirməsi məsələnin siyasi tərəfini ortaya qoyur. Artıq hələ indidən məhkəmə başa çatmamış, Zərrabın Ərdoğanın çevrəsində olan yüksək vəzifəli şəxslərə rüşvət verdiyini etiraf etməsi ABŞ-da və İngiltərə mətbuatında AKP iqtidarı üçün utancverici bir addım kimi qiymətləndirilir. Ərdoğan özü isə bildirib ki, 17-25 dekabr əməliyyatı tarixdə ən utancverici tələ idi və Zərrabın məhkəməsi ikinci belə tələdir. Odur ki, məsələnin ABŞ və Türkiyə arasında münasibətləri daha da gərginləşdirəcəyi heç bir şübhə doğurmur”.

Vilayət Muxtar






Həftənin ən çox oxunanları