Yuxarı

Dünyanın gözlədiyi müharibə 3 saat çəkəcək

Dünyanın gözlədiyi müharibə 3 saat çəkəcək

Məhəmməd Əsədullazadə: "ABŞ bu ölkənin nüvə və bütün hərbi obyektlərini sıradan çıxaracaq silahlara sahibdir”

ABŞ və Cənubi Koreya Hərbi Hava Qüvvələri genişmiqyaslı birgə təlimlərə başlayıb. "Cümhuriyət” qəzeti xarici KİV-lərə istinadən xəbər verir ki, bu indiyədək Cənubi Koreya və ABŞ arasında Şimali Koreyaya qarşı müharibə hazırlığı çərçivəsində keçirilmiş ən böyük hərbi təlimdir. Şimali Koreyanın raket sınaqları fonunda keçiriləcək təlimlər 5 gün davam edəcək. Məlumata görə, təlimlərə 12 000 hərbçi və 230-dan çox hərbi texnika cəlb edilib. ABŞ komandanlığının məlumatında bildirilir ki, təlimlərin məqsədi ABŞ və Cənubi Koreya HHQ-larının döyüş qabiliyyətini artırmaq, onların arasında koordinasiyanı gücləndirməkdir.

Müharibə ehtimalı

Şimali Koreya və ABŞ arasındakı gərginliyin yüksəlməsi yeni deyil. 1950-ci ildə Şimali Koreyanın Cənubi Koreyanı işğal etməsi ilə tərəflər arasında başlayan müharibə 3 il davam etmişdi. ABŞ bu gün də, həmin müharibədə də Cənubi Koreyanın müttəfiqi idi. Bundan sonrakı illərdə də Pxenyan - Vaşinqton münasibətlərindəki gərginlikdə dalğalanmalar baş verir. Şimali Koreyanın son aylarda intensiv olaraq qitələlərarası, nüvə başlıqları bərkidilə biləcək ballistik raketlərini sınaqdan keçirməsi gərginliyi daha da artırıb. Şimali Koreya son olaraq, Birləşmiş Millətlər Təşkilatı (BMT) və ABŞ tərəfindən özünə qarşı tətbiq edilmiş ağırlaşdırılmış sanksiyalara silahla cavab verəcəyi bəyanatını verib. ABŞ prezidenti Donald Tramp isə Şimali Koreya rejiminin təhdidlərə davam edəcəyi halda, dünyanın indiyədək heç vaxt görmədiyi müharibəyə şahidlik edəcəyini deyib. Tramp Şimali Koreyanı gözlənilmədən vuracaqlarını iddia edir. 

Trampın özünə xas olmayan ritorikası

Donald Tramp hələ seçkiqabağı kampaniyada Şimali Koreyanı ABŞ-ın əsas düşməni elan etmişdi və hədəf alacağı ölkələr üçün hazırladığı siyahının baş tərəfində bu ölkənin adını yazmışdı. Lakin Tramp hakimiyyətinin ilk dönəmində Koreya böhranı ətrafında yarana biləcək problemləri ciddiyə almadı. Şimali Koreyanı dağıdacağı ilə hədələyən Amerikanın yeni prezidenti məsələni diplomatik masadan uzaqlaşdırdı. Amma Trampa qədər də bütün Amerika prezidentləri 1953-cü ildən bu günədək Şimali Koreyanı müharibə ilə hədələyiblər, yəni bu ritorika təkcə Trampa xas deyil. Şimali Koreya ilə açıq müharibənin hansı nəticələrə səbəb olacağını isə indidən görmək çətin deyil. Bu, Yaponiya və Cənubi Koreyada milyonlarla insanın həyatının risk altında qalacağı deməkdir. Nəzərə alsaq ki, 1.5 milyard insanın yaşadığı Çin də bölgədə yerləşir və bu müharibədə nüvə silahlarının istifadə ediləcəyi labüddür, o zaman nəticə daha dəhşətli ola bilər.

Strateji plan, yoxsa informasiya müharibəsi?

Şimali Koreyanın Amerika tərəfindən özünə qarşı atılacaq adi gülləyə ballistik raketlərlə cavab verəcəyi dəqiqdir. Lakin ABŞ və BMT-nin, o cümlədən, son dönəmlərdə mövqelərində dəyişiklik hiss edilən Çin və Rusiyanın da Şimali Koreyaya etdiyi həmlələrə Pxenyandan da gözlənilmədən cavab verilə bilər. Bu baxımdan hazırkı situasiyada böhranın diplomatik yolla həlli ehtimalı mümkünsüz görünür. ABŞ-ın dövlət katibi Reks Tillerson son açıqlamasında gərginliyin təhlükəli hal aldığını əsas götürərək, rəsmi Pxenyanla danışıqlara hazır olduqlarını desə də Şimali Koreya lideri Kim Çen İn bu təklifi qəbul etməyərək, vəziyyəti bir qədər də qarışdırdı. Amma tərəflər arasında 1950-ci ildən başlayan və nəzəri də olsa, özündə müharibə ehtimalını həmişə yüksək səviyyədə saxlayan gərgin münasibətlər informasiya müharibəsi çərçivəsini aşmayıb. Amerikanın təhdidlərini ciddiyə almayan Şimali Koreya nüvə sınaqlarını, Şimali Koreyanın təhdidlərini ciddiyə almayan ABŞ da bölgədə hərbi təlimlərini davam etdirib. Bu baxımdan qarşılıqlı müharibə tədidlərinin strateji plan olduğuna qarşı şübhələr həmişə gündəmdə olub.

"ABŞ 3 saata Şimali Koreyanı yox edə bilər”

Politoloq Məhəmməd Əsədullazadə "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, Şimali Koreya tərəfindən yürüdülən militarist siyasət regional münaqişənin tətiklənməsini sürətləndirir. Politoloq hesab edir ki, Şimali Koreyanın nüvə silahlarını sınaqdan keçirməsi, ABŞ-la qarşıdurmaya səbəb ola bilər:

"ABŞ Şimali Koreyanın bu sınaqlarını öz təhlükəsizliyinə ciddi təhdid kimi qəbul edir, bu, müharibəyə səbəb ola bilər. Koreya lideri Kim Çen İnin sərt ritorikası, Donald Trampın hədələyici bəyanatları tərəfləri riskli oyuna sürükləyir. Bundan daha çox Yaponiya və Cənubi Koreya zərər görə bilər. Təsəvvür edək ki, iki ölkə müharibəyə başlayır, Şimali Koreyanın raket və artilleriyası Seulun 50 kilometrliyində dayanıb. Bu vaxt Şimali Koreya paytaxta dəqiqədə 3000 mərmi atmaqla böyük humanitar fəlakətə yol açacaq. Həmçinin nüvə başlıqlı raketlər Yaponiyanın Tokio və Naqasaki şəhərlərini hədəf alacaq. Tərəflər də belə bir müharibənin hansı nəticələrə gətirib çıxaracağını bilirlər”. 

M.Əsədullazadə Amerikanın müharibə hazırlıqlarına başladığını bildirib:

"ABŞ Şimali Koreya ətrafında "həlqə” formalaşdırır. Cənubi Koreya ilə keçirilən hərbi təlimlər də bu hazırlıqların tərkib hissəsidir. Şimali Koreya da sakit dayanmır. Kim Çen İn sentyabr ayından ABŞ-ı hədəfə alan nüvə başlıqları bərkidilə bilən ballistik raketlərinin sınaqlarını keçirir. Bu da Amerikanı qıcıqlandırır. Lakin belə bir müharibədə Şimali Koreyanın dünya xəritəsindən silinməsi ehtimalı reallaşa bilər. ABŞ bu ölkənin nüvə və bütün hərbi obyektlərini sıradan çıxaracaq, 3 saata Şimali Koreyanı məhv edəcək silahlara sahibdir”.

Mənsur Rəğbətoğlu






Həftənin ən çox oxunanları