Yuxarı

Yeni "Maydan ssenarisi” - Qalib kim olacaq?

Yeni

Saxlanılmış Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili azadlığa çıxıb.

"Cümhuriyət” qəzeti Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, Saakaşvilinin tərəfdaşları onu Ukrayna güc strukturlarına məxsus mikroavtobusdan çıxarıblar. O, təhlükəsizlik orqanlarının əməkdaşlarının əlindən çıxaraq tərəfdarlarının əhatəsində ərazidən uzaqlaşıb. Qeyd edək ki, Mixail Saakaşvili paytaxt Kiyevdə saxlanmışdı. Onu hüquq-mühafizə orqanları əməkdaşları yaşadığı binanın damında tutublar. 

Xatırladaq ki, Ukraynanın baş prokuroru Yuri Lutsenko dekabrın 5-də Kiyevdə keçirdiyi brifinqdə bildirib ki, Yeni Qüvvələr Hərəkatının lideri Mixail Saakaşvili barəsində Cinayət Məcəlləsinin cinayətkar təşkilatlara dəstək vermək maddəsi ilə cinayət işi açılacaq: "Hazırda onun ektradisiyasından deyil, istintaqından söz gedir. Biz onun gecə-gündüz ev dustaqlığında qalması ilə bağlı vəsatət qaldıracağıq”.

Ukrayna bir daha Rusiyaya doğru yönəlir

Ukrayna KİV-ləri gərginləşən Saakaşvili - Poroşenko münasibətlərinin yeni siyasi xaosun başlanğıcı kimi xarakterizə etməyə başlayıblar və yaranmış vəziyyət keçmiş prezidentlər - Viktor Yuşşenko və Viktor Yanukoviç arasında baş vermiş qarşıdurma ilə müqayisə edilir. Məlumdur ki, Yuşşenko 2005-ci ildə Ukraynada baş vermiş inqilabla hakimiyyətə gəlmişdi. Həmin dönəmdə onun əsas rəqiblərindən biri Viktor Yanukoviç idi və o, prezident postuna əsas iddiaları şəxs sayılırdı. Lakin prezident seçkilərində Yuşşenkoya məğlub olan Viktor Yanukoviçin Regionlar Partiyası 2005-ci ilin parlament seçkilərində qalib gəlir. Beləliklə, baş nazir postunu tutur. Baş nazir olduqdan sonra müstəqil addımlar atmağa başlayan Yanukoviç Qəryönümlü Yuşşenkonun əksinə olaraq, Rusiyaya ilə yaxınlaşmaq siyasətinə üstünlük verir.

Etirazlara baxmayaraq, Viktor Yuşşenkonun elan etdiyi prinsiplərdən fərqli xarici siyasət kursu yürüdürdü. Brüsselə səfəri zamanı Viktor Yanukoviç elan edir ki, Ukrayna NATO-ya qəbul olmağa hazır deyil. O, paralel olaraq Moskva ilə əlaqələri genişləndirib. Bu fonda prezident və baş nazirin tərəfdarları arasında hakimiyyət daxilində çəkişmə güclənir və gərginlik 2010-cu ildə keçirilmiş prezident seçkilərinədək davam edir. Həmin il keçirilən seçkilərdə qalib gələn Yanukoviç Avropa İttifaqı ilə Şərq Tərəfdaşlığı proqramı üzrə saziş imzalamaqdan imtina edərək, özünün devrilməsi ilə başlayan Maydan Hərəkatını qızışdırdı. Növbəti dəfə Qərbyönümlü siyasi qüvvələr Moskva tərəfdarlarını hakimiyyətdən uzaqlaşdıraraq, Avropa İttifaqı və NATO ilə yaxınlaşmaq siyasətinə üstünlük verməyə başlayırlar.

Gürcüstanda islahatçı, Ukraynada dağıdıcı

Hazırda hakimiyyətdə olan Pyotr Poroşenko və komandasının Qərblə münasibətlərində bir problem olmasa da Mixail Saakaşvili hakimiyyətin korrupsioner və rüşvətxor oliqarxlardan formalaşdırıldığını əsas gətirərərk, növbəti inqilabi mübarizəyə başladığını elan edib. Hesab edilir ki, Saakaşvilinin ölkə daxilində vəziyyəti gərginləşdirmək cəhdləri daha çox Rusiyanın maraqlarını ifadə edən siyasi qüvvələrin işinə yarayır və bu, gələn il keçiriləcək prezident seçkilərində həmin qüvvələrin hakimiyyətə qayıtması üçün şərait yarada bilər.

Artıq son zamanlarda Rusiya ilə münasibətləri normallaşan müxalifət lideri Yuliya Timoşenko və milyarder iş adamı İqor Kolomoyski Saakaşvilinin dağıdıcı fəaliyyətindən istifadə etməyə başlayıblar. Halbuki həm Timoşenko, həm də Kolomoyski bura qədər Odessanın keçmiş qubernatoru ilə düşmən münasibətdə idilər. Beləliklə, Gürcüstanda islahatçı və qurucu rol oynayıb rüşvətxorluq və korrupsiyanın kökünü kəsən Mixail Saakaşvili Ukraynada dağıdıcı rolu üzərinə götürərək, sanki özü də bilmədən Rusiyanın da maraqlarına cavab verməyə başlayıb.

"Saakaşvilinin fəaliyyəti Avakov və Moskvanın işinə yarayır”

"Atlas” Araşdırmalar Mərkəzinin direktoru, politoloq Elxan Şahinoğlu Ukraynada baş verən siyasi hadisələri şərh edib. Saakaşvilinin bir daha diqqət mərkəzində olduğunu deyən politoloq bildirib ki, Ukrayna Təhlükəsizlik Xidməti Kiyevin mərkəzindəki Kostelnaya küçəsindəki mənzilində onu saxlamağa cəhd etdi, lakin bu, baş tutmadı: "Artıq ikinci dəfədir ki, Ukrayna qanunvericiliyi və təhlükəsizlik strukturlarının Saakaşviliyə qarşı həmlələri nəticəsiz qalır. Bu, təkcə Poroşenkonun yox, bütün Ukrayna dövlətçiliyinin imicinə zərbədir. Bəs həqiqətənmi polis və təhlükəsizlik qüvvələri Saakaşvilini tutmaq istəyirlər? Gələn il Ukraynada prezident seçkilərinin keçiriləcəyini nəzərə alsaq, ölkə daxilində baş verənlər prezident postuna iddialı olan daxili işlər naziri Arsen Avakovun xeyrinə işləyəcək. Poroşenko - Saakaşvili münaqişəsindən qazanclı çıxan əsas tərəf də Avakovdur”. 

E.Şahinoğlu qeyd edib ki, Kiyevin fikrincə, Saakaşvilinin sentyabr ayında Ukrayna sərhədlərini qanunsuz keçərək ölkəyə gəlməsi, daxildə vəziyyəti gərginləşdirib: "Buna görə də o, rəy formalaşdırılır ki, hökumət bu qanunsuz hərəkətinə görə Saakaşvilini hüquqi tərəfdən dəstəkləməkdən imtina edir. Saakaşvili də hökumətlə açıq qarşıdurma yolunu seçdi və daxili gərginliyi artıracaq bəyanatlar verdi. Digər yandan, Mixail Saakaşvili noyabr ayında keçirdiyi mitinqlərlə o təəssüratı yaratdı ki, 2013-2014-cü ildə Ukraynada baş verən inqilabi proseslər davam edir. Lakin müəyyən çatışmazlıqlar var və bu, Ukrayna cəmiyyətini təxribata çəkə bilər”. 

Politoloq hesab edir ki, Ukrayna daxilində sabitliyin pozulması Rusiyanın işinə yaraya bilər: "Kreml tərəfdarları da bu gərginliyi yenidən hakimiyyətə qayıtmaq üçün şans kimi görürlər. Bu baxımdan Saakaşvilinin fəaliyyəti Poroşenkoya qarşı siyasi mübarizə çərçivəsindən kənara çıxır və Rusiyanın Ukraynada möhkəmlənməsinə imkanlar yaradır. Lakin Saakaşvili islahatçı idi. Düzdür Ukraynanın siyasi elitasında korrupsiya yenə də var, amma yaranmış situasiya Moskvanın əlinə oynayır. Maraqlıdır ki, Rusiya telekanallarında da Saakaşvilidən məqsədlər üçün istifadə edilməsi məsələlərinə geniş yer verilir, əvvəllər isə ona qarşı tənqidi materiallar yayımlanırdı. Buna görə də Saakaşvilinin fəaliyyətinin Ukrayna üçün fayda verib verməyəcəyi haqda suallar açıq qalır”.

Mənsur Rəğbətoğlu






Həftənin ən çox oxunanları