Yuxarı

ABŞ-dan müsəlmanlara "Qüds testi”

ABŞ-dan müsəlmanlara

Elşən Manafov: "Donald Trampın açıqlanmayan qərarı islam dünyasında doğura biləcəyi ajiotajın arealını öyrənməyə hesablanıb”

ABŞ prezidenti Donald Tramp Qüdsü İsrailin paytaxtı olaraq tanıyıb-tanımayacağını və kampaniya zamanı söz verdiyi kimi ABŞ səfirliyini Tel-Əvivdən Qüdsə köçürüb-köçürməyəcəyinə hələ ki, qərar verməyib. 1995-ci il qanununa əsasən ABŞ-ın İsraildəki səfirliyi Qüdsə köçürülməlidir, lakin qanun prezidentə bu addımı milli təhlükəsizlik səbəbilə hər altı ay uzatmaq səlahiyyəti verir. Tramp qərarını hələ açıqlamayıb. Ötən gün İsrail rəsmiləri Trampı İsrailin xeyrinə qərar verməyə çağırıb. Amma bir sıra dövlət rəsmilər bildirir ki, Qüdsün İsrailin paytaxtı olaraq tanınması fələstinlilər, ərəblər və digərləri üçün qəbuledilməzdir.

Məsələyə münasibət bildirən Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan ABŞ prezidenti Donald Trampa sərt bəyanatla səslənib. Ərdoğan Qüdsün müsəlmanların qırmızı xətti olduğunu bildirib: "Fələstin xalqının yaraları qanamağa davam edərkən İsrailə dəstək məqsədi daşıyan belə bir qərarın qəbulu sadəcə, beynəlxalq hüquqa deyil, insanlıq vicdanına da vurulan ağır zərbədir. Bu məsələni sona kimi təqib edəcəyik. Əgər belə bir addım atılarsa, dərhal 5-10 gün ərzində İslam Əməkdaşlığı Təşkilatı Liderlər Sammitini İstanbulda toplayacağıq. Sadəcə, bununla da kifayətlənməyəcəyik. Liderlər Zirvəsi ilə yanaşı, bütün islam dünyasını o zirvədə hərəkətləndirəcəyik. Amerika bütün işləri bitirdi, indi təkcə bu qaldı? Hazırda Netanyahu İsraildə öz daxili hesablaşmalarını bitirə bilmir. Bu, bizim İsrail ilə diplomatik əlaqələrimizi qoparmağa qədər gedə bilər.”

Bəs, ABŞ Qüdsü İsrail paytaxtı kimi tanıya bilərmi?

Politoloq Elşən Manafov "Cümhuriyət” qəzetinə bildirib ki, əslində, Donald Trampın açıqlanmayan qərarı islam dünyasında doğura biləcəyi ajiotajın arealını öyrənməyə hesablanıb: "Düşünmürəm ki, Ərdoğanın bəyanatından sonra ABŞ belə addım atsın. Belə bir qərarın verilməsi, ABŞ-ın təkcə öz müttəfiqlərindən olan ərəb dövlətləri ilə deyil,  bütövlükdə Türkiyə ilə münasibətlərində də ciddi problemin yaşanmasına səbəb ola bilər. Burada İran faktoru da var. Artıq İran məsələ ilə bağlı mövqeyini açıqlayıb. Rəsmi Tehran rəsmən Qüdsü Fələstin Ərəb dövlətinin paytaxtı olaraq tanıyır. Bundan əlavə Qüdsün 80-ci ildə İsrail tərəfindən işğalından sonra bu faktı pisləyən BMT-nin müvafiq qətnamələri var. 1947-ci il noyabr ayının 29-da BMT Baş Assambleyası Fələstin ərazisində yəhudi və ərəb dövlətlərinin qurulması haqqında 181 saylı qərar çıxartdı. Qərara əsasən Fələstinin 54 faizi yəhudi, 45 faizi isə ərəb dövlətinin payına düşürdü. Qüds şəhərinin yerləşdiyi qalan 1 faiz ərazi isə beynəlxalq ərazi olmalı idi. 1948-ci il mayında isə İsrail dövlətinin yaradılması rəsmən elan edildi. İsrail zaman-zaman müxtəlif əraziləri işğal etdi və 1980-ci ildə Qüdsə yiyələndi. Həmin vaxt bu məsələ BMT-də müzakirəyə çıxarıldı”.

Politoloqun sözlərinə görə, Qüdsün İsrailin paytaxtı olaraq tanınmasına islam dövlətləri qəti və birmənalı qarşı çıxacaq: "Hesab edirəm ki, bu, Ümumdünya Yəhudi Konqresinin və İsrailin siyasi rəhbərliyinin müəyyən açıqlamalarından sonra qəbul edilmiş qərardır. Heç şübhəsiz ki, bu qərar İsrail tərəfdən müəyyən mənada dəstəklənsə də, ABŞ-ın müttəfiqləri tərəfindən birmənalı qarşılamayacaq. İranın ərəb dünyasının müəyyən dövlətlərinə ciddi təsir imkanları var. Belə ki, İranın Livandakı təsir imkanları "Hizbullah”ın timsalında bəllidir. İranın Qətərə və Yəmənə olan təsir imkanları və bu dövlətlərlə münasibətləri bəllidir. Ona görə də İranla münasibətlərə daha böyük önəm verən ərəb dövlətlərinin də ABŞ-ın bu siyasətinə qarşı çıxacağı birmənalıdır. Ümumiyyətlə, bu qərar ərəb dünyasının özündə belə ciddi qarşıdurmanın yaranmasına gətirib çıxara bilər. Ola bilər ki, ABŞ belə bir bəyanat verməklə ərəb islam dünyasında qarşıdurma yaratmaq və hazırda islam ölkələri arasında  az da olsa, müşahidə olunan islam həmrəyliyinin qarşısını almaq niyyəti güdür. Çünki bu həmrəylik ərəb islam dünyasının maraqlarına cavab verə biləcək bir səviyyəyə qalxsa, o halda ABŞ-ın Yaxın və Orta Şərqdə yeni dünya nizamı ilə bağlı məlum geosiyasi layihəsinin reallaşması istiqamətində ciddi problemlər yaşana bilər”.

Elşən Manafov hesab edir ki, ABŞ bu qərarı qəbul etməzdən öncə ciddi şəkildə götür-qoy etməlidir: "Bu qərarın təkcə ərəb islam dünyasına deyil, ümumiyyətlə, sivilizasiyalar arası münasibətlərə zərbə endirəcəyi ilə bağlı geosiyasi amilləri də nəzərə almaq lazımdır. Hər halda dünyanın neftə və qaza olan ehtiyacının əhəmiyyətli hissəsini ödəyən ərəb dövlətləridir. ABŞ ötən əsirin 70-ci illərində ərəb İsrail qarşıdurmasının beynəlxalq münasibətlərə gətirdiyi vəziyyəti gözəl xatırlayar. Ərəb İsrail qarşıdurmasında ABŞ-ın və Qərb dövlətlərinin İsraili dəstəkləməsi, beynəlxalq münasibətlərdə münaqişə yaratdı. Hətta Avropanın sağ mərkəzçi partiyaları belə hakimiyyətdən uzaqlaşdırıldı. 1970-ci illərdə Avropanın müəyyən dövlətlərində solçu sosial demokrat partiyaları hakimiyyətə gəldi. Bu kontekstdə əlbəttə ki, ABŞ məlum qərarın beynəlxalq münasibətlərdə doğura biləcəyi ajiotajı hesablamalıdır.

Heç şübhəsiz ki, burada Rusiyanın, Çinin, eləcə də İranın digər müttəfiqlərinin də mövqeyi nəzərə alınmalıdır. Hesab edirəm ki, Tramp administrasiyası hələlik bu qərarı verməyəcək. ABŞ özü bütün dünyada insan haqları və demokratiya uğrunda mübarizə aparır. ABŞ BMT-nin İsraili pisləyən qətnamələrin müzakirəsi zamanı bitərəf qalsa da, bütün hallarda həmin qətnamələrin icrasına məsul olan dövlətlərdən biridir. Hesab edirəm ki, Ərdoğanın ABŞ hökumətinin ünvanına səsləndirdiyi bəyanat Trampı bu addımı atmaq fikrindən çəkindirəcək. Onsuz da ABŞ-ın və Qərbin Türkiyə ilə münasibətlərində ciddi gərginlik yaşanır. Bu gərginlik isə daha çox Rusiyanın və onun müttəfiqli olan digər dövlətlərin xeyrinə olacaq. Zənnimcə, Yaxın və Orta Şərqdə Türkiyənin nüfuzunu nəzərə alan ABŞ belə bir addımı atmaq fikrindən vaz keçməlidir”.

Yeganə Oqtayqızı






Həftənin ən çox oxunanları