Yuxarı

Rusiya İŞİD-i "bitirdi”, bəs müharibəni?

Rusiya İŞİD-i

Suriya ərazisi İŞİD terror təşkilatının silahlılarından tamamilə azad edilib.

"RİA Novosti"nin verdiyi xəbərə görə, bunu Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəisi Valeriy Gerasimov bəyan edib. Valeriy Gerasimovun sözlərinə görə, İŞİD-in Suriyada bütün dəstələri məhv edilib: "Ölkə ərazisi terrorçulardan təmizlənib. Müdafiə naziri Sergey Şoyqu bu axşam prezident Vladimir Putini bu barədə məlumatlandırıb”.

Demək olarmı ki, Suriyada müharibə bitdi?

AXCP-nin sədr müavini, politoloq Məhəmməd Əsədullazadə "Cümhuriyət” qəzetinə bildirib ki, Suriyada siyasi böhran və müharibə Yaxın Şərqdə çox ciddi problemlərə yol açdı: "Ərəb baharının ən çox ziyan çəkdiyi ölkə məhz Suriya oldu. 2011-ci ildə bu ölkədə vətəndaş müharibəsi və sonra geniş beynəlxalq güclərin dəstək verdiyi terror təşkilatlarının ayaq açması vəziyyəti gərginləşdirərək, Qərblə Rusiyanın maraqlarının toqquşduğu poliqona çevrildi. Bəşər Əsəd rejiminə qarşı İŞİD terror təşkilatının hücumlarının qalib gəlməsi ərəfəsində Rusiyanın 2015-ci ildə fəal hərbi müdaxiləsi nəticəsində müharibənin gedişində dönüş oldu və Əsəd rejimi süqutdan qurtarıldı.

Rusiyanın fəal dəstəyi nəticəsində son iki ildə Əsəd rejimi İŞİD üzərində və digər müxalif güclər üzərində üstünlüyünü bərpa edərək Suriyanın böyük bir ərazisinə nəzarəti ələ aldı. Rəsmi Kremlin hava  qüvvələrinin apardığı hərbi əməliyyatlar demək olar ki, müsbət nəticəni vermiş oldu. Burada Türkiyə və İranın da rolu danılmazdı. Məhz Rusiya, Türkiyə və İranın birgə koordinasiyalı fəalliyyəti  nəticəsində Suriyada atəşkəs zonalarının tətbiq edilməsi İŞİD üzərində qələbəni daha da artırdı. Rakka, Hələb və digər şəhərləri İŞİD terror təşkilatından təmizlənib. Artıq xilafətin mövcudluğundan söhbət gedə bilməz”.

Politoloq qeyd edib ki, İraqdakı həlledici əməliyyatlar da qanlı terror təşkilatının məhv edilməsində rol oynadı: "Artıq Suriyada İŞİD-in böyük şəbəkəsi yoxdur. Böyük miqyasda hərbi əməliyyatlar aparılmır. Suriyada İŞİD kiçik qruplarla mövcudluğunu davam etdirsə də, hazırda məğlub olaraq darmadağın edilib. Rusiyanın silahlı qüvvələrinin baş qərargah rəisinin açıqlaması göstərir ki, İŞİD məğlub edilib və burada artıq siyasi dialoqun bərpa edilməsinə başlanılmalıdır. Digər sivil silahlı müxalifətə gəldikdə isə, onlar kiçik qruplardı və onlarında tədricən sıradan çıxarılması an məsələsidir. Rusiya Suriyada İŞİD məğlub edərək, bu terror təşkilatının yaratdığı "xilafəti” Yaxın Şərqdə sıradan çıxardı”.

Yeganə Oqtayqızı






Həftənin ən çox oxunanları