Yuxarı

Trampın Qüds qərarı ləğv olunacaq?

Trampın Qüds qərarı ləğv olunacaq?

ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımaq qərarı birmənalı qarşılanmayıb.  Konkret olaraq fələstinlilər və digər müsəlman ölkələri  ABŞ prezidentinin Qüdsü İsrailin paytaxtı olaraq tanımaq qərarından narazı qalıb.  Siyasi şərhçilər hesab edir ki, ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımasına dair bəyanatı reallığa çevrilərsə, bu, Yaxın Şərqdə yeni qalmaqala, konkret olaraq qarşıdurmaya  səbəb olacaq. Yəni Trampın qərarı özünün söylədiyi kimi sülhə xidmət etməyəcək. Bu qərar birbaşa sülhə xidmət etmir. Aydın görünür ki, qərar birmənalı olaraq qalmaqala və stabilliyin pozulmasına gətirib çıxaracaq. 

Xatırladaq ki, Qüdsü İsrailin paytaxtı kimi tanımağı Tramp hələ namizəd olarkən vəd etmişdi. Bu məsələ o zaman da ciddi reaksiya doğurmuşdu. Bu dəfə də ABŞ prezidenti müsəlman dünyasını qəzəbləndirəcək addım atdı. Qeyd edək ki, Tramp bir müddət öncə müsəlmanların ABŞ-a girişi üçün vizaların verilməsinə də qadağalar tətbiq etmişdi. Ancaq sonradan ABŞ Konqresi bu qərarı ləğv etdi.

Maraqlıdır, Trampın Qüdslə bağlı qərarını da ABŞ Konqresi ləğv edə bilərmi?

AXCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə "Cümhuriyət” qəzetinə şərhində bildirib ki, ABŞ prezidenti Donald Trampın Qüds qərarından sonra dünyada siyasi böhran yaşanır. Bu qərarla Yaxın Şərqin siyasi konyukturasında da ciddi dəyışikliklərə yol verildi. Bu dəyişikliyin regionda xaosa və dini zəmində toqquşmalara səbəb olacağı istisna edilmir. Ümumiyyətlə, Tramp seçkiqabağı verdiyi qalmaqallı vədlərin icrasına başlamaqla dünyada siyasi böhranı dərinləşdirir. Bir müddət öncə onun müsəlman miqrantlarla bağlı qərarı məhz islam dünyasına düşmənçiliyinin bariz nümunəsi idi. Çünki, bu qərarların arxasında yəhudi lobbisinin durduğu şübhə doğurmur.

Qüdsün İsrailin paytaxt elan edilməsində də yəhudi lobbisinin təsiri hiss olunur. Trampın müsəlmanlarla bağlı verdiyi qərar Konqres tərəfindən ləğv edildi, ancaq  analoji addımı Qüdslə bağlı verəcəyi real görünmür. Məhz 1995-ci ildə Konqres ABŞ səfirliyinin Qüdsə köçürülməsi barədə məlum qərara malikdir. Konqres belə bir qərar qəbul etməyəcək. ABŞ hazırda bu qərarla beynəlxaq hüququn ziddinə getdi və BMT-nin ali orqan kimi fəaliyyətinə kölgə saldı”.

Alçina Amilqızı






Həftənin ən çox oxunanları