Yuxarı

Kreml SSRİ-nin mövqelərini bərpa edir

Kreml SSRİ-nin mövqelərini bərpa edir

Ərəb dünyası Rusiyanın ağuşuna atılır?

Ərəb Dövlətləri Liqası şərqi Qüds paytaxt olmaqla 4 iyun 1967-ci il sərhədləri daxilində Fələstin dövlətinin tanınması üçün beynəlxalq ictimaiyyətə çağırış edib. Bundan əlavə, ərəb dövlətləri BMT Təhlükəsizlik Şurasına Ağ Evin məlum qərarına baxması üçün müraciət ünvanlamağı planlaşdırır. Eyni zamanda, 22 ərəb dövləti ABŞ hakimiyyətindən Qüdslə bağlı son qərarın ləğvini tələb edib. Bir ay sonra ƏDL Şurasının növbəti iclası keçiriləcək. O cümlədən, ƏDL-ə üzv ölkələrin xarici işlər nazirlərinin Qüds məsələsi ilə bağlı İordaniyada fövqəladə sammiti keçirilə bilər.

Qeyd edək ki, Ərəb Liqası ilə yanaşı, İslam Əməkdaşlıq Təşkilatı da ABŞ-ın addımını pisləyərək qərarı dəyişməyə çağırıb. Ancaq müsəlman ölkələri ilə yanaşı, dünyanın bütün xristian dövlətləri də Qüdsün İsrailin paytaxtı kimi tanınması barədə ABŞ prezidenti Donald Trampın qərarına qarşı çıxıb. Avropa Birliyi, Böyük Britaniya, Rusiya Qüdsün İsrailin paytaxtı kimi tanınması barədə ABŞ Konqresinin 1995-ci ildə çıxartdığı qərarın icrasına prezident Trampın imza atmasını Yaxın Şərqdə və bütün dünyada sülhə böyük təhlükə yaradacağını bildirib.

Estoniya hökuməti səfirliyini Qüdsə köçürməkdən imtina edib. Ağ Evin sözügedən qərarı demək olar ki, beynəlxalq ictimaiyyət tərəfindən tanınmır. Lakin onu da nəzərə almaq lazımdır ki, artıq qərar qüvvəyə minib və prezident Tramp onun icrasını dayandırmaq imkanında deyil. Ona görə də məsələyə daha yüksək səviyyədə, yəni Konqres tərəfindən baxıla bilər. Konqresdə yəhudi lobbisinin mövqeyi güclü olduğundan, qərarın icrasının ləğv edilməsi və ya dondurulması indiki şəraitdə real görünmür. Prezident Trampın geriyə doğru hər hansı yumşaldıcı addım atmaq cəhdi isə onun siyasi karyerasına son qoya bilər. Buna baxmayaraq, Birləşmiş Ştatlar ciddi beynəlxalq təzyiqlə üzləşib. Ona görə də rəsmi Vaşinqtonun yaranmış siyasi dalandan çıxmaq üçün hansı addım atacağı sualı aktual olaraq qalır. 

Politoloq Elşən Manafovun sözlərinə görə, ABŞ belə bir qərarı qəbul edərkən onun ərəb-İslam dünyasında hansı nəticə doğuracağını nəzərə almalı olduğu halda bunu etməyib. Çünki 1980-ci ildə İsrailin Qüdsün işğalını pisləyən müvafiq qətnamələri var. Həmin sənədlərin qəbulu zamanı Amerika bitərəf qalsa da, dünyanın superdövlətlərinin biri kimi BMT-nin qətnamələrinə hörmət göstərməli idi. Bu mənada Tramp administrasiyasının qərarı Ərəb Liqasına daxil olan dövlətlərlə münasibətlərin gərginləşməsinə səbəb olacaq:

"Xüsusilə, Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirlikləri kimi Amerika ilə müttəfiqlik münasibətləri olan dövlətlərlə narazılığın yaranacağı gözləniləndir. Mən Qətəri, Livanı və Yəməni istisna edirəm. Çünki həmin ölkələrin İranla münasibətlərinə daha böyük önəm verir. Ancaq Ərəb Liqasının qərarı göstərir ki, İslam həmrəyliyi ilə bağlı məsələdə ərəb ölkələri hələ də vahid mövqedən çıxış edə bilir. Tramp administrasiyasının qərarı həm də Birləşmiş Ştatların Avropa üzrə müttəfiqlərində də ciddi narazılıq və rezonans doğurub. Böyük Britaniya və Almaniyanın siyasi elitaları da artıq ABŞ-dan bu qərara yenidən baxılmasını xahiş ediblər. Birləşmiş Ştatların NATO-dakı müttəfiqi Türkiyənin mövqeyi daha ciddi təsir bağışlayır və prezident Ərdoğanın belə bir mövqedən çıxış edəcəyi birmənalı idi. Bəziləri Ərdoğanın bəyanatlarını onun Osmanlı layihəsini bərpa etmək planları ilə izah edir. Amma Ərdoğanın açıqlamaları təkcə Türkiyənin prezidenti kimi deyil, İslam dünyasının əsas liderlərindən biri olan dövlət xadiminin mövqeyi olaraq qəbul olunmalıdır.

Ətdoğan bir siyasətçi kimi öz baxışlarını gizlətmir. Ona görə də düşünürəm ki, Türkiyə də Ərəb Liqasının çağırışını dəstəkləyəcək. Əlbəttə, Fələstin Azadlıq Hərəkatının sabiq lideri Yasir Ərəfat zamanında işğalı pisləmək əvəzinə, ona bəraət qazandıran hərəkətlər də etmişdi. Ərəfat Ermənistanın prezidentini qardaş olaraq dəyərləndirmişdi. Lakin Azərbaycan üçün bu sayaq qərarlara münasbətin bildirilməsi həm də ona görə vacibdir ki, perspektivdə Donald Trapm Dağlıq Qarabağın da müstəqilliyinin tanınması ilə bağlı gözlənilməz addım ata bilər. Ümumiyyətlə, Tramp proqnozlaşdırılan siyasətçi deyil və onun qərarları dünyada gərginliyin artmasına səbəb olur. İranla, Şimali Koreya ilə münasibətlərdəki gərginlik, Qüds ətrafında yaranan çaxnaşma göstərir ki, Tramp öz sələflərindən fərqli olaraq, peşəkar siyasətçi deyil.

Əgər Ərəb Liqasında 22 dövlətin, İslam Əməkdaşlıq Təşkilatında isə 59 dövlətin üzv olduğunu nəzərə alsaq, bu say BMT üzvü olan ölkələrin yarısına qədərini təşkil edir. Ona görə də ABŞ onların etirazına münasibət bildirməyə bilməz. Trampın qərarı İsrailin, müəyyən qədər də Səudiyyə Ərəbistanının maraqlarına cavab versə də, Birləşmiş Ştatların ərəb dünyası ilə bağlı maraqlarına ziddir. Çünki ərəb-İsrail müharibəsi zamanı rəsmi Vaşinqton Təl-Əvivin mövqeyini dəstəklədiyinə görə ərəb dövlətləri elitalarının ciddi etirazı ilə üzləşmişdi. Həmin dövrdə ərəb dünyasında SSRİ-nin yüksək nüfuzu var idi. Sovet İttifaqının çökməsindən sonra Putin Rusiyanın itirmiş olduğu həmin mövqeləri bərpa etməkdədir. Trampın bu hərəkəti Rusiyanın ərəb-İslam dünyasındakı mövqelərinin daha da güclənməsinə səbəb ola bilər. Hər halda Tramp administrasiyasının bu qərara yenidən baxacağını istisna etmirəm". 

Siyasi ekspert onu da bildirdi ki, ABŞ prezidentinin qərarı Avropa Birliyinə daxil olan ölkələrin və onları təmsil edən transmilli şirkətlərin ərəb dünyasındakı maraqlarına zərbə vura bilər. Avropa Birliyi ölkələri ilə ərəb dünyasının hərbi-siyasi elitaları arasında gərginliyin yaşanacağı da gözlənilıəndir:

"Ərəb ölkələri Avropa bazarına neft və qaz ixrac edən əsas dövlətlərdir. 1970-ci illərdə ABŞ-ın İsraili dəstəkləməsi dünya enerji bazarında böhrana səbəb oldu. Bu böhran Avropada sağ-mərkəzçi partiyaların hakimiyyətdən getməsi, sol yönümlü siyasi təşkilatların isə iqtidara gəlməsi ilə nəticələnmişdi. Ona görə də düşünürəm ki, BMT-nin Təhlükəsizlik Şurası susmamalıdır. Hazırda ABŞ-ın birqütblü dünya yaratmaq cəhdlərinə qarşı dayanan Çin və Rusiya var. Rusiya və Putin iqtidarı ABŞ-la ərəb dünyasının münasibətlərində çox böyük çatın yaranması üçün istifadə edəcək". 

Müşfiq Abdulla






Həftənin ən çox oxunanları