Yuxarı

Trampı istefaya bu dəfə qadınlar aparır

Trampı istefaya bu dəfə qadınlar aparır

Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Donald Trampın ətrafında baş verən qalmaqallar səngimir.ABŞ prezidenti bu dəfə şou-biznes ulduzları ilə gündəmə gəlib.Xatırladaq ki, 2016-cı ildən bu günə qədər aralarında "ulduz”ların da olduğunu 10-dan artıq qadın Trampı cinsi təcavüzdə ittiham edib. Ötən gün isə Nyu-Yorkda keçirdikləri mətbuat konfransında həmin qadınlardan dördü - Cessika Lids, Samanta Xolvi, Raşel Kruks və Liza Boyn ABŞ Konqresini bu ittihamı araşdırmağa çağırıb. 

Xarici mətbuatın yazdığına görə artıq bir neçə senator Trampı istefa verməyə çağırıb. senatorlar Berni Sanders, Ceff Merkli, Ron Vayden, Kirsten Cilibrind və Kori Buker cinsi təcavüz qalmaqalına görə ABŞ prezidenti Donald Trampa istefa verməklə bağlı çağırış edib. Qeyd edək ki, Trampın prezident seçildiyi ilk gündən impiçment məsələsi gündəmə gəlib.Bir neçə dəfə Konqresdə müzakirə olunan bu məsələ hələ ki, Trampın xeyrinə işləyir.Maraqlıdır, bəs təcavüz qalmaqalı ilə gündəmə gələn Trampın aqibəti necə olacaq?

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə "Cümhuriyət” qəzetinə şərhində Tramp haqqında səslənən ittihamların qalmaqallara yol açacağını deyib. M.Əsədullazadə hesab edir ki, bütün bunlara baxmayaraq Tramp ABŞ prezidenti kimi 4 ilini tamamlayacaq:

"ABŞ-da prezident seçkilərində öz qalmaqallı açıqlamaları ilə gündəmə gələn Donald Tramp seçildikdən sonra da verdiyi bəyanatlarla gündəmdə qaldı. Trampın prezident seçilməsində Rusiyanın rolunun olması ilə bağlı məsələ  hələ ki gündəmdədir. Bu xüsusda araşdırma aparılsa da son nəticələr bir müddətdən sonra açıqlanacaq.İlk gündən ciddi şəkildə Rusiya ilə əlaqələrdə ittiham olunan Tramp ətrafında istefaların yaşanması, onun reputasiyasının zəifləməsi ilə nəticələndi. Tramp nəinki siyasi qərarlarında qalmaqalları ilə yadda qalır. Onun şou ulduzları ilə adının hallanması daha bir qalmaqala yol açır.Hesab edirəm ki, həm siyasi, həm də şou ulduzları ilə adı hallanan prrezidentə qarşı mənfi münasibət yaranacaq və konqresdə, eləcə də xalq arasında onun növbəti prezident seçkilərində iştirakı etirazla qarşılanacaq.Fikir versək görərik ki, Rusiya ilə bağlı xüsusi prokurorun apardığı istintaq yekunlaşmayıb, əgər sübutlar ortaya qoyulsa, Trampı çox ciddi hüquqi və siyasi problemlər gözləyir.

Siyasətdə naşı olan birinin prezident seçilməsi, bu kimi halların yaşanmasına gətirib çıxarmalı idi.Hazırda Tramp dünyada Şimali Koreya, İran və Qüdslə bağlı yürütdüyü qeyri-ciddi siyasəti ilə gündəmdədir.Hazırda Trampın Qüdslə bağlı verdiyi qərar dünyada rezonans doğurub.Bu qərar Yaxın Şərqdə və müsəlman ölkələrində yeni siyasi düzənin formalaşmasına səbəb olur.Hesab edirəm ki, Trampa qarşı şou aləmi ilə bağlı ittihamların senatorlar tərəfindən irəli sürülməsi yeni qalmaqala yol açacaq.Bu gün Tramp ABŞ-ın Yaxın Şərqdə siyasətini ortaya qoydu.Dünyada beynəlxaq münasibətlərin gərginləşməsini sürətləndirdi.Trampa qarşı irəli sürülən ittihamlar onun növbəti dəfə prezident seçilməsinin qarşısını alacaq.Qeyd edim ki, hazırda bu kimi qalmaqallar davam etsə də, prezident kimi dörd ilini tamamlayacaq.Baxmayaraq ki, onun impiçmenti hələ ki aktual olaraq qalır.Respublikaçılar öz nüfuzlarına və ABŞ-ın beynəlxaq imicinə görə Trampın impiçmentinə imkan verməyəcəklər”.

Vilayət Muxtar






Həftənin ən çox oxunanları