Yuxarı

ABŞ dünyanın maliyyə sisteminə nəzarəti itirir

ABŞ dünyanın maliyyə sisteminə nəzarəti itirir

Dünyanın bank sektoru yeni ödəniş sisteminə keçir.Bu isə uzun zamandır dünya bank əməliyyatlarında mövcud olan Amerika Birləşmiş Ştatlarının (ABŞ) monopoliyasına son qoyulacağı anlamına gəlir.Belə ki, artıq bank sektoru, bitcoin daxil bir çox virtual pulların arxasında dayanan "blockchain” sistemini pul transferi şəbəkəsinə çevirir.Qeyd edək ki, bu sistem bu günə qədər yalnız "virtual kaşelok” kimi fəaliyyət göstərib.Görünən odur ki, artıq yaxın zamanlarda "blockchain” bu günə qədər pul göndərmək üçün istifadə olunan "Swift” sistemini sıradan çıxaracaq. Ardıq dünyanın ayrı-ayrı ölkələrindən 100-dən çox bank, "Ripple" şirkətinin bu sisteminə qoşulub. Qeyd edək ki, bu banklar arasında UBS, Unicredit, BBVA, Credit Agricole və Mizuho kimi qlobal miqyaslı banklar da var.

Əslində bu məsələnin iqtisadi tərəfi kimi siyasi önəmi də çox böyükdür.Nəzərə almaq lazımdır ki, "Swift” Avropada yaradılan sistem olsa da, birbaşa ABŞ-ın nəzarətində fəaliyyət göstərir.Bu sistemin bank sistemində alternativsiz olması ABŞ-a dünya ölkələri üzərində təzyiq etmək imkanı verir.Qeyd edək ki, ABŞ bu sistemin "üstünlüklərindən” bu günə qədər kifayət qədər yararlanıb.Məsələn, ABŞ-İran münasibətlərində yaranan gərginlikdən sonra Birləşmiş Ştatlar İranı bu sistemdən kənarlaşdırdı.İran bank sistemində yaranan problemlər, dünya bankları ilə əməkdaşlıqların kəsilməsi, pul köçürmələrinin mümkünsüz olması da məhz ABŞ-ın bu sistemi İran üçün bloklamasından irəli gələn amil idi.Digər tərəfdən, Rusiya-ABŞ münasibətlərində də ikinci tərəf bu proqramın verdiyi "imkanlardan” yetərincə istifadə etdi.Xatırladaq ki, Ukrayna məsələsində ABŞ və Rusiya arasında yaşanan gərginlik zamanı Birləşmiş Ştatlar Rusiyanı "Swift” proqramından çıxaracağı ilə təhdid edirdi.Məlumdur ki, bu sistemdən kənarlaşdırılan hər bir ölkənin bank sistemi tamamilə çökməyə məhkum olur.Bu misalları kifayət qədər artırmaq olar.Ancaq görünən odur ki, dünya ölkələri artıq ABŞ-ın bu təhdidindən xilas olmaq üzrədir."Swift” alternativ olaraq yaradılan yeni proqram ABŞ-ın dünya bank bazarında tutduğu güclü mövqeyi zəiflədəcək və monopoliyasına son qoyacaq.

Ancaq bunun müsbət tərəfləri olduğu kimi, mənfi tərəfləri də kifayət qədər çoxdur. Məsələn, hər hansı bir ölkə digərini işğal etmək istəyirdisə,  ilk olaraq ölkənin iqtisadi sabitliyini qorumağı düşünür. Dünya inkişaf etdikcə, yeni alternativlər yaradıldıqca, artıq böyük gücləri narahat edən heç bir səbəb qalmır.Əgər Rusiya "Swift”dən çıxmamaq üçün Ukrayna məsələsində çox dərinə getmədisə, artıq belə bir qorxusu qalmayacaq.Rusiya kimi digər güclər də artıq münasibətlərini iqtisadi sanksiyalarla deyil, məhz hərbi güclə aydınlaşdırmağa çalışacaqlar. Analitiklər hesab edir ki, bu məsələ dünyanın yenidən düzənlənməsinə səbəb ola bilər. Hərbi müdaxilələr artacaq, yeni münaqişə ocaqları yaranacaq, böyük güclər artıq sanksiya deyil, işğal siyasəti aparacaq.Ekspertlərin fikrincə, "Swift”ə alternativ olaraq yaradılan proqram bank sektorunun inkişafına töhfə versə də, hərbi-siyasi baxımdan yeni işğallara yol açacaq.

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov "Cümhuriyət” qəzetinə şərhində dünya iqtisadiyyatında, maliyyə sistemində ABŞ-ın hegemonluğuna son qoymaq üçün alternativ sistemlər yaradılacağını deyib:

"Çünki bütün sistemlər ABŞ-ın əlində cəmlənib. Dünyanın ehtiyat valyutası olan dollar ABŞ-ın, dünyanın ödəniş sistemi olan "Swift” əslində Avropada yerləşir, amma ABŞ-ın təsiri altındadır.Bilirik ki, Qərbi Avropa ABŞ-ın sözü ilə oturub durur.Ən nəhayət internet özü də ABŞ-ın nəzarətindədir.Amerika da müəyyən vaxtlarda bundan istifadə edir.Yəni, öz maraqlarını qorumaq üçün digər dövlətləri faktiki olaraq şantaj edir.Məsələn, ABŞ İranı "Swift”dən ayırıb.Buna görə də baxmayaraq ki, Rusiya və digər dövlətlər bu sistemdən kənarlaşdırılmayıb, onlar da artıq qorxmağa başlayıb.Ona görə də digər dövlətlər birləşərək bu sistemə alternativ axtarırlar.Son nəticədə təbii ki, bu baş verəcək. Artıq dollara alternativlər axtarılırdı və bitcoin yaradıldı, islam dövlətləri öz valyutasını yaratmaq istəyir, Rusiya, Çin və digər dövlətlər öz valyutaları haqqında düşünürlər. İnternetin Birləşmiş Millətlər Təşkilatının nəzarətinə verilməsi haqqında söz-söhbətlər var. Yəqin ki, bu da baş tutacaq və ya alternativ nəsə fikirləşəcəklər."Swift” də o, cümlədən.Çünki hal-hazırda müasir, qlobal dünya pul axınında "Swift”dən asılıdır.Bir tərəfdən ABŞ özü qloballaşmadan danışır, digər tərəfdən, istədiyi dövləti bu prosesdən təcrid edir.Buna görə də hesab edirəm ki, bu realdır.Ancaq yəqin ki, bu yaxın bir neçə ilin işi deyil.Proqramı hazırlamaq çətin deyil.Çətin olan həmin şəbəkəyə dövlətlərin qoşulmasıdır.Məsələn, bitcoin 2009-cu ildə yaradılıb, ancaq indi etimad qazanıb.Eynilə bu sistem də eyni prosesi keçəcək.Necə ki, ötən gün BMT Baş Assambleyasında çox müsbət bir hadisənin şahidi olduq.Dövlətlərin mütləq əksəriyyəti, 135 ölkə ABŞ-ın Qüdsün İsrailin paytaxtı olması haqqında qərarına qarşı çıxdılar. Ancaq bir neçə il əvvəl bunu təsəvvür etmək çətin idi ki, dövlət belə sayda birləşib ABŞ-ın əleyhinə səs verəcək. Bu eynilə digər sahələrdə də özünü göstərəcək”.

Vilayət Muxtar






Həftənin ən çox oxunanları