Yuxarı

ABŞ-dan seçki həmləsi

ABŞ-dan seçki həmləsi

Ağ Ev Konqresə Rusiya hökumətinə yaxın olan iş adamları və məmurlardan ibarət siyahının olduğu "Kreml hesabatı”nı təqdim edəcək. "Cümhuriyət” qəzeti xəbər verir ki, bunu "Kommersant” qəzetinə açıqlamasında ABŞ Dövlət Departamentinin sanksiya siyasəti üzrə keçmiş koordinatoru Daniyel Frid deyib. Fridin sözlərinə görə, bu siyahı əsasında gələcəkdə Moskvaya qarşı yeni sanksiyalar tətbiq ediləcək: "Bu siyahıya düşmək o demək deyil ki, hər kəsə qarşı avtomatik sanksiyalar tətbiq ediləcək. "Kreml hesabatı”na xarici işlər və müdafiə nazirlərinin əlavə edilməsi imkanları azdır. Bu, hesabatın məqsədinə cavab verməyəcək.

Siyahıda xüsusilə, Rusiya prezidentinin yaxın ətrafında olan və qeyri-qanuni sxemlərdə iştirak edənlərin adları yer ala bilər.Bu şəxslərdən bəzilərinə qarşı artıq sanksiyalar tətbiq edilib.Söhbət biznesmenlər Gennadi Timçenko və Arkadi Rotenberqdən gedir”. Daniyel Fridin fikrincə, "Kreml hesabatı” ABŞ Prezidenti Donald Trampın bir müddət əvvəl imzaladığı "ABŞ düşmənlərinə qarşı sanksiyalar vasitəsilə mübarizə haqqında” qanun (CAATSA) əsasında hazırlanacaq: "Bu hesabat ABŞ-ın və ilk növbədə Konqresin 2016-cı ildə Rusiyanın bizim ölkədəki seçkiyə müdaxiləsinə cavab olacaq. Bu, təkcə bizim seçkiyə yox, həm də Avropadakı siyasi proseslərdə iştiraka cavabdır”.

Trampın da qaşları çatıldı

Artıq son 3 aydır ki, Amerika tərəfindən Rusiyaya qarşı 10 yaxın sanksiya sənədi təqdim edilib.İşin ilginc tərəfi də budur ki, Konqresə təqdim edilən layihələrin əksəriyyəti prezident Tramp tərəfindən imzalanıb.Amerika başçısının özü də artıq Rusiyaya qarşı olan ritorikasını sərtləşdirib. Hakimiyyətinin ilk dönəmlərində özünü rusiyalı həmkarı Vladimir Putinlə dost olmağın yolunu axtaran şəxs kimi tanıdan Donald Tramp bir neçə gün əvvəl Rusiyaya qarşı açıq savaş elan etdi. O, hazırladığı yeni "Amerikanın Milli Təhlükəsizlik Strategiyası” sənədində Rusiyanın ölkəsinin maraqlarını təhdid etdiyini dedi. Həmçinin qeyd etdi ki, ABŞ onun maraqlarını təhdid edən Rusiya və Çin kimi dövlətlərə qarşı mübarizəni gücləndirəcək.
Görünən budur ki, artıq Konqreslə yanaşı, Tramp administrasiyası da Amerikadan Rusiyaya olan hücumlara qoşulub.Ekspertlər bu təzyiqlərin seçkilərə hazırlaşan Putinə qarşı olduğunu istisna etmirlər.Artıq Putinin seçkilərə qatılacağını elan etdiyi gündən Konqresə 5-ə yaxın sanksiya sənədi təqdim edilib və qəbul olunub.Növbəti sanksiyaların da seçkilərə hazırlaşan Rusiyaya təzyiq olduğuna şübhə yoxdur.Lakin Rusiyalı politoloqlar Amerikanın təkcə sanksiyalarla məhdudlaşmayacağını, alternativ vasitələrə əl ataraq gələn ilin martında keçiriləcək seçkilərə müdaxilə edəcəyini iddia edirlər.Söhbət seçkilərdən əvvəl Putinin şəxsi hesablarına kiber hücumlardan gedir ki, ABŞ KİV-ləri bu ehtimalı "Ağ Evin Kremlə cavabı” adlandırırlar. Yəni, Rusiyanın 2016-cı ildə Amerikada keçirilən prezident seçkilərinə müdaxiləsinə cavab olaraq, ABŞ kəşfiyyatı eyni addımı Putinin özünə qarşı ata bilər. 

ABŞ-ın kommunistlər və oliqarxlarla gizli işbirliyi

Politoloq Elşən Manafov "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, Rusiya artıq bir neçə ildir davamlı formada ABŞ və Avropa İttifaqının ağırlaşdırılmış sanksiyalarına məruz qalır. Amma politoloq hələlik bu sanksiyaların ABŞ-ın gözləntilərini doğrultmadığına diqqət çəkib:

"Seçki ərəfəsində Amerika tərəfindən Rusiya üçün nəzərdə tutulmuş sanksiyalar vaxtilə Rusiya hakimiyyətində təmsil olunmuş ayrı-ayrı dövlət adamları və oliqarxlara yönəlib. Amerika bununla bir sıra oliqarxların Rusiya hakimiyyətinə xəyanət edərək onun tərəfinə keçəcəyinə ümid edir.İlk dəfə deyil ki, ABŞ Putinin ətrafında olan oliqarxları öz tərəfinə çəkməyə cəhd edir.Rusiyada Putin administrasiyası və oliqarxiya arasındakı qarşıdurmanın gücləndirilməsinə səy göstərirlər. Artıq seçkilərə az vaxt qalır. Düşünürəm ki, Putin seçkilərdə qalib gəldikdən sonra bu sanksiyaların ciddi səmərəsi olmayacaq.Hesab edirəm ki, ABŞ bu baxımdan, Rusiyada hakimiyyəti götürə biləcək alternativ qüvvələrlə də təmasa girə bilər.Məsələn, niyə də Amerika heç kəsin gözləmədiyi halda, Rusiya kommunistlərini təmsil edən qüvvələrlə ittifaqa getməsin və onlara nələrisə vəd etməsin?Artıq kommunistlər Gennadi Zyuqanovla birlikdə yox, Rusiyanın ictimai-siyasi fikrində o qədər də tanınmayan şəxslə seçkilərə qatılacaqlar.Düzdür, bu, Rusiya Kommunist Partiyasının qurultay qərarı ilə verilib, amma gözlənilmədən kommunistlər Qərbin diqqətini cəlb edə bilərlər.Nəzərə alsaq ki, vaxtilə Vladimir Jirinovski ilə yanaşı, Gennadi Zyuqanov da bir sıra nüfuzlu oliqarxları öz partiyasının sıralarına qatıb, bu da Amerikanın diqqətini cəlb edə bilər”.

Elşən Manafov qeyd edib ki, Rusiyada keçiriləcək seçkilərin Qərbin maraqlarına uyğun olan siyasi qüvvələrin qələbəsi ilə yekunlaşacağına olan gözlənti zəifdir:

"Bunun üçün Amerika ən az seçkilərə bir il qalmış Rusiyaya qarşı olan sanksiyaları gücləndirməli idi. İnanmıram ki, seçkiyə qalmış iki ay ərzində ABŞ oliqarxları Putinə qarşı çevirib, ciddi nəticələr əldə edə biləcək.Amma gözlənilməz gedişlərin olacağı da istisna deyil.Düşünürəm ki, sistem müxalifəti seçkilərdə öz sözünü deyəcək. Amma Amerika bütün hallarda ciddi, çaxnaşmaya səbəb ola biləcək addımlar ata bilməyəcək. Bu baxımdan, Putinin seçkilərdə qələbə qazanacağı şübhə doğurmur”.

Mənsur Rəğbətoğlu






Həftənin ən çox oxunanları