Yuxarı

Putin əsas rəqibindən qurtuldu

Putin əsas rəqibindən qurtuldu

Rusiya Mərkəzi Seçki Komissiyası müxalifət liderinin namizədliyini qeydə almayıb. Söhbət "Korrupsiya ilə Mübarizə Fondu”nun qurucusu Aleksey Navalnıdan gedir. "Cümhuriyət” qəzeti Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Rusiya Mərkəzi Seçki Komissiyası müxalifət lideri Aleksey Navalnının prezidentliyə namizədliyini qeydə almayıb. Səbəb kimi Navalnının məhkəmə hökmü altında olması göstərilib. Beləliklə, Navalnının prezidentliyə gedən yolu bağlanıldı. MSK və Rusiyanın hakimiyyət qolları onu korrupsiya hallarında yol verməkdə ittiham edir.

Navalnıdan boykot qərarı

Qeyd edək ki, son illərdə Rusiyada prezident Vladimir Putinə qarşı keçirilən etiraz aksiyalarının yeganə təşkilatçısı olan Aleksey Navalnı 2014-cü ildə fırıldaqçılıq ittihamı ilə həbs edilmişdi. Buna görə də MSK sədri Ella Pamfilova dəfələrlə KİV-lərə açıqlamasında Aleksey Navalnının namizədliyinin qeydə alınmayacağını bildirmişdi. Müxalifət lideri isə namizədliyi qeydə alınmayacağı halda, seçkiləri boykot edəcəyini açıqlayıb. O, cəmiyyətə müraciətində seçkilərin Putinin lehinə saxtalaşdırılacağını iddia edib və insanları seçkilərdə iştirak etməməyə çağırıb.

Nemtsovun qətli, Kasyanovun "porno videoları”

2016-cı ildə ABŞ-da keçirilən prezident seçkilərinə müdaxilə etməkdə ittiham olunan Rusiya hakimiyyəti gələn il ölkədə baş tutacaq seçkilərə kənar müdaxilələrin ola biləcəyindən narahatdır. Artıq Amerika bu istiqamətdə hərəkətə keçib.Görünən budur ki, öz oyunu Rusiyanın özünə qarşı oynanılacaq.Məsələn, namizədliyi qeydə alınmayan Aleksey Navalnı Rusiya hakimiyyəti tərəfindən "Qərbin agenti” olmaqda günahlandırılır.Əlbəttə, bu, Kremlin təzyiqləri altında olan rus cəmiyyətinin asanlıqla inanmağa məcbur edə biləcək iddiadır.Şübhəsiz ki, Aleksey Navalnı son dönəmlər Rusiyada adından ən çox bəhs olunan müxalifət lideridir. O, 2011-2013-cü illərdə Rusiyada gedən və "Rus baharı” adlandırılan gizli inqilabi proseslərin lideri kimi tanınır. Həmin illəri əhatə edən "Bolotnaya” adlanan hərəkata başçılıq edən Navalnı yüz minlərlə insanı Putin əleyhinə küçələrə çıxara bilmişdi.Hərəkat liderlərindən biri Boris Nemtsov da bu fəaliyyətinə görə qətlə yetirildi.Nemtsovun ölümü və bundan sonra Navalnının həbs edilməsi ilə hərəkata cəmiyyətin dəstəyi də kəsildi.

Beləliklə, hərəkat qarşısına qoyduğu məqsədə çatmadan - Vladimir Putini devirə bilmədən başa çatdı.Hərəkatın yeni lideri Mixail Kasyanovun şəxsi həyatına dair üzə çıxarılan görüntülər (porno videolar) də proseslərə öz təsirini göstərmişdi.Kasyanov da Navalnı kimi ABŞ-la gizli işbirliyində ittiham edilmişdi.Lakin Boris Nemtsov və Mixail Kasyanovun siyasi gündəmdən kənarda qalması Aleksey Navalnının müxalifət lideri kimi yüksəlişinə yol açdı. O, Kremlin təzyiqlərinə baxmayaraq, mövqeyini qorumağı bacardı. Hazırda da müxalifət təmsilçiləri arasında cəmiyyət daxilində ən böyük nüfuza sahib şəxs də odur.

Korrupsiya ilə mübarizə

Navalnı 2008-ci ildən bu günədək Rusiya hakimiyyəti daxilində saysız korrupsiya hallarını ortaya çıxarmağı bacarıb.Korrupsiya ilə mübarizə məqsədilə Haqların Müdafiəsi Komitəsini quran Aleksey Navalnı ROSPİL adlı təşkilatın da yaradıcısıdır.ROSPİL Rusiya dövlət büdcəsindən milyardlarla dollar maddi vəsaitin çıxarılmasının qarşısını almağı bacarıb.2011-ci ildə Korrupsiya ilə Mübarizə Fondunu təsis edən Navalnı mübarizəsini davam etdirir.Fondun Rusiya cəmiyyəti qarşısına ən böyük xidmətlərindən biri baş nazir Dmitri Medvedyevin milyardlarla dollar maddi vəsaiti mənimsəməsinə dair faktları üzə çıxarmasıdır.Lakin bütün fəaliyyətini hakimiyyətdəki korrupsiya hallarının aradan qaldırılmasına həsr edən müxalifət liderinin özü hökumət tərəfindən fırıldaqçılıq və dələduzluqda ittiham edilib.Bu ittiham əsasında da həbs edildi.Lakin o, həbsxanadan çıxar-çıxmaz 2018-ci ildə keçiriləcək prezident seçkilərinə hazırlıqlara başladı.

AntiAzərbaycan mövqeyi

Rusiyalı müxalifətçi Konstantin Borovoy hakimiyyətə qarşı radikal mövqedə dayanmış kimi görünən Aleksey Navalnının əslində hakimiyyətin öz adamı olduğunu iddia edib. Borovoy hesab edir ki, o, Kremlin siyasi layhəsidir: "Navalnı Rusiyada hakimiyyətə qarşı baş qaldırmış real etirazları yatırtmaq üçün ortaya atılıb. O, hakimiyyətin maraqlarına xidmət edən ifrat millətçidir, sovinistdir. Hakimiyyətlə gizli işbirliyinə görə Navalnı "Yabloko” ("Alma”) Partiyasından qovuldu”.

Borovoyon millətçi ittihamında həqiqət payı var. Aleksey Navalnı qatı millətçidir və antiAzərbaycan mövqeyi ilə də seçilir. O, Azərbaycanla yanaşı, Qafqazda yaşayan bütün xalqlara nifrət etdiyini gizlətmir. "Qafqazı bəsləməyə son qoymalıyıq”, onun məşhur şüarlarından biri belədir. Lakin müxalifət lideri Krımın Rusiyaya ilhaqını bir ara yumuşaq tənqid etsə də Kremlin Ukrayna siyasətinə haqq qazandırır.

Rusiyanın yenidən qurulması

Aleksey Navalnı Rusiyanın Qərb dəyərləri üzərində yenidən qurulması xəttini müdafiə edir.Bu baxımdan, onu ifrat millətçi kimi məhdudlaşdırmamaq da olar. O, Rusiyadakı fərqli siyasi ideologiyaların mərkəzində belə özünə dəstəkçi qazanmağı bacarıb. Navalnının əsas strategiyası Kremlin bacarıqsızlığını ifşa edib, hazırkı sistemi iqtidardan kənarlaşdırmaqdır.Beləliklə, sadə rusların öz dillərində danışmağı bacaran Aleksey Navalnı cəmiyyətin inandığı əsas siyasi liderdir.Korrupsiya ilə mübarizədə ən böyük dəstəyi də cəmiyyətdən alıb.Bu baxımdan, seçki prosesində Putinin əsas rəqibi olan Navalnı qarşısında nə qədər tab gətirəcəyi naməlum idi.Putin isə opponentini bu başdan sıradan çıxararaq, məsələni indidən həll etməyə çalışır.

"Cəmiyyət seçkiləri boykot edə bilər”

Politoloq Qabil Hüseynli "Cümhuriyət” qəzetinə açıqlamasında Navalnının namizədliyinin qeydə alınmamasının təsadüfi olmadığını və onun Putinə ciddi rəqib olduğunu deyib. Politoloq hesab edir ki, müxalifət liderinin qarşısına çıxarılan əngəllər Rusiyada seçki fəallığına mənfi təsir edəcək:

"Sergey Navalnı Vladimir Putinlə yarışa bilmək və ona opponent ola biləcək gücdədir. Şəffaf və obyektiv seçkilər keçiriləcəyi halda, Aleksey Navalnı Putinə qalib də gələ bilər.Buna görə də Putin vaxtında Navalnını sıradan çıxarmağa çalışır, qondarma ittihamlarla onu seçki prosesindən uzaqlaşdırdı.Bu başdan görünür ki, Rusiyada seçkilər obyektiv keçməyəcək, əvvəldən proqramlaşdırılmış ssenari üzrə baş tutacaq.Beləliklə, Putinin "zəfəri” təmin ediləcək.Navalnı Rusiya hakimiyyətinə görə Qərbin adamıdır.Navalnı Ukrayna uğrunda da mübarizə aparıb.Rusiyada Ukrayna üçün mübarizə aparan adamların hamısı "Qərbin adamı” kimi qəbul edilirlər.Lakin Aleksey Navalnı Qərbin Rusiyadakı "5-ci kolon”unun tapşırıqlarını yerinə yetirmir. O, Rusiyada vəziyyətin daha yaxşı olması üçün mübarizə aparır”. Qabil Hüseynlinin sözlərinə görə, müxalifət lideri Aleksey Navalnı seçkilərlə bağlı mövqeyini açıqlayıb, o seçkiləri boykot edəcək: "Prinsip etibarilə, Navalnının bu qərarı proseslərə təsir edəcək, seçkilərdə seçici fəallığı daha az olacaq, yəni, daha az insan prosesdə iştirak edəcək. Bu baxımdan, cəmiyyət tərəfindən də seçkilərin boykot edilməsi ehtimalı reallaşa bilər”.

Mənsur Rəğbətoğlu






Həftənin ən çox oxunanları