Yuxarı

Rus qoşunları Suriyadan çıxmır

Rus qoşunları Suriyadan çıxmır

Rusiyanın Suriya münaqişəsinə müdaxiləsi  Yaxın Şərqdə ümumi mənzərəni dəyişdi. Bir müddət öncə Rusiya hərbi birləşmələrini tamamilə Suriyadan çıxaracağını bəyan etdi.Sonradan isə rəsmi Kreml "tamamilə” sözünü "qismən” sözü ilə əvəzlədi.Bu günlərdə isə Rusiyanın Suriyadan çıxmayacağı rəsmi səviyyədə öz təsdiqini tapdı.Rusiyanın müdafiə naziri Sergey Şoyqu dekabrın 26-da deyib ki, Rusiya prezidenti Vladimir Putin ötən həftə "əsas bazaların strukturu və heyətini təsdiqləyib” və Rusiya həmin bazalarda daimi qrup formalaşdırmağa başlayıb.Qeyd edək ki, bu bazalar Tartusdakı donanma obyekti və Latakya şəhəri yaxınlığında Rusiyanın idarə etdiyi "Khmeimim” hava bazasıdır.

Politoloq Nəzakət Məmmədova "Cümhuriyət” qəzetinə şərhində Rusiyanın Suriya siyasətinin bir sıra amillərdən asılı olduğunu deyib. N.Məmmədova hesab edir ki, burada ilk olan Rusiyada keçiriləcək prezident seçkiləridir:

"Müdafiə naziri Şoyqu prezidentə antiterror əməliyyatlarının uğurla başa çatmasını məruzə etdikdən  sonra ali baş komandan Putin Rusiya qoşun hissələrinə daimi dislokasiya yerlərinə qayıtmaq əmri verdi. Lakin Tarsus,  Hmeymim hərbi-hava bazasında və Türkiyə ilə razılaşdırılmış 4 dislokasiya zonasında Rusiya qoşun hissələrinin saxlanılması qərara alındı. Əvvəllər məsələn, Tarsus 1500-2000 nəfərlik Rusiyanın Suriyada hərbi-logistik mərkəzi idisə, indi o, faktiki olaraq Aralıq dənizində hərbi-dəniz bazasına çevrilib.Rusiya buradan Aralıq dənizi zonasına nəzarət əldə edib.Qoşunların əhəmiyyətli hissəsinin çıxarılması bir neçə səbəblə əlaqədardır. Bunlardan biri  Rusiyada 3 ay sonra keçiriləcək prezident seçkiləridir. Ölkə əhalisinin 49 faizinin qoşunların burada qalmasına etiraz etdiyi keçirilən rəy sorğularından görünür.Odur ki, Putin Suriyada anti-terror müharibəsinin qəhrəmanı olan sülhpərvər prezident kimi həm ölkə, həm dünya ictimaiyyəti arasında nüfuzunu artırmağa çalışır. Bununla əhalini seçkilərdə daha həvəslə iştiraka sövq etmək, böyük səs çoxluğu ilə qalib gəlmək  istəyir. Bu, həm də onu avtoritar, diktator adlandıran Qərbə demokratik yolla seçilmiş lider obrazının sübutu olardı”.

N.Məmmədovanın sözlərinə görə digər əhəmiyyətli səbəb xarici ölkədə saxlanılan orduya böyük vəsaitin sərf olunmasıdır:

"Suriyada hərbi iştirak hər gün üçün Rusiya büdcəsinə böyük xərclər hesabına başa gəlirdi. Sanksiyalardan əziyyət çəkən ölkə iqtisadiyyatı üçün bu böyük maliyyə itkisi idi.Odur ki, qoşunların çıxarılması iqtisadi cəhətdən də düzgün addım idi.Eyni zamanda, Rusiyanın ABŞ-a bir növ "şəxsi nümunə" göstərməsi idi.Yəni, Moskva vətəndaş müharibəsi, anti-terror əməliyyatları başa çatdıqdan sonra başqa ölkələrin Suriya ərazisində qalmasının qeyri-qanuniliyini göstərmək istədi.Digər tərəfdən, hərb tarixi göstərir ki, bir ölkə qalib gəldiyi müharibədən çıxmazsa, artıq geriləmə prosesi başlayır, həmin ölkənin qalibiyyəti ona qarşı olan narazı qüvvələrin qarşı çıxması ilə müşayiət olunur.Bu baxımdan Rusiya indiki qalib obrazı ilə Suriyadan çıxmaqla ona sərfəli olan status-kvonu saxlamaq istəyir.Rusiya bu proseslərdə iştirak etməklə Suriyada və ümumilikdə Yaxın Şərq bölgəsində öz geosiyasi, hərbi, iqtisadi maraqlarını təmin etmək istəyirdi və buna nail oldu. Suriyanın parçalanmasının qarşısını aldı, özünə sərf edən Əsədi hakimiyyətdə saxlamağa nail oldu, ABŞ başda olmaqla böyük dövlətlərin və onların göstərişi ilə hərəkət edən terror qruplaşmalarının planlarının üstündən xətt çəkdi, Türkiyə və İranla müttəfiqlik münasibətləri yaratdı və s. Üstəlik, bölgənin neft ehtiyatlarına iddialar üçün əsas qazandı. Ən əsası, Qətərdən Suriya vasitəsilə Avropaya çəkilməsi planlaşdırılan qaz xəttinin  qarşısını aldı, beləliklə də Avropa enerji bazarında monopolist mövqeyini qoruyub-saxlayaraq digər oyunçuların bu bazara daxil olmasına imkan vermədi. Beləliklə də özünün əlində nüvə silahı qədər təsirli vasitə olan enerji kartından istifadə edərək Avropanı təsir altında saxlamağa davam etmək imkanı qazandı.Bölgə ölkələri, o cümlədən, Türkiyə və Səudiyyə Ərəbistanı ilə S-400 satışı barədə razılığa gəldi. Bütün bunlar onu göstərir ki, Rusiya qoşunlarını Suriyadan çıxarsa belə, onun  iştirakı dünya siyasətində dərin iz buraxdı və yeni mərhələnin başlanğıcı oldu”.

Vilayət Muxtar






Həftənin ən çox oxunanları