Yuxarı

Qərbin Ermənistan planı

Qərbin Ermənistan planı

İrəvanı Tiflis vasitəsilə Rusiyadan qoparılır?

Ermənsitan prezidenti Serj Sarkisyanın Gürcüstana səfəri başa çatıb. Tərəflər iki ölkə arasında əlaqələrin vəziyyətindən razılığını ifadə edib. Yaxın aylarda isə Gürcüstanən baş naziri Georgi Kvirikaşvilinin İrəvana rəsmi səfər edəcəyi xəbər verilir. Son zamanlara qədər Gürcüstanla Ermənistanın münasibətləri o qədər də isti olmayıb. Ermənistanın Rusiya ilə hərbi-siyasi muttəfiq olması, eyni zamanda Moskvanın Gürcüstana qarşı işğalçılıq siyasətini davam etdirməsi, rəsmi İrəvanın isə bölgədə separatizmə dəstək verməsi Tiflislə münasibətlərdə məsafənin yaranmasına səbəb olub. Ona görə də Gürcüstan bir qayda olaraq, həm geosiyasi, həm də iqtisadi planda strateji tərəfdaş kimi Azərbaycanı seçib. Lakin rəsmi İrəvanın Gürcüstanla yaxınlaşmaya meyil etməsi diqqəti cəlb edir. Sarkisyan iqtidarının qeyd edilən təşəbbüsü əvvəlki illərdən fərqli olaraq, Gürcüstan hökuməti tərəfindən müsbət qarşılanıb.

İki ölkə arasındakı münasibətlərdə dəyişikliyin baş verməsi bir sıra amillərlə izah edilə bilər. Ermənistanın noyabrın 27-də Avropa Birliyi ilə "Genişləndirilmiş və Hərtərəfli Saziş”i imzalamasından sonra Cənubi Qafqazda Qərbin yeganə geostrateji müttəfiqi sayılan Gürcüstanla yaxınlaşmaq cəhdlərini artırmağa çalışır. Qərb də Gürcüstan vasitəsilə Ermənistanıla əlaqələri genişləndirməkdə maraqlı görünür. Gürcüstanın müdafiə naziri Levon İzoriya Serj Sarakisyanla Tiflisə səfər etmiş erməni həmkarı Viqen Sarkisyandan 2018-ci ildə NATO-nun "(Noble Partner) "Etibarlı tərəfdaş” və (Agile Spirit) "Çevik ruh” adlı təlimlərində iştirak etməyə dəvət edib. Xatırladaq ki, Ermənistan 2017-ci ilin sentyabr ayında NATO-nun Gürcüstanda keçirilən "Çevik ruh” təlimlərində iştiraka razılıq versə də sonradan bundan imtina etmişdi. Prezident Sarkisyan bu qərarını Ermənistan hərbçilərinin Azərbaycanla təlimlərdə iştirak etmək istəməməsi ilə əsaslandırsa da, gerçək səbəb Rusiyanın təzyiqlərinə görə geri çəkilməsi idi. Ancaq L.İzoriya Ermənistanın növbəti təlimlərə qatılacağına inandığını deyib.

Ermənistanın xarici siyasətində Qərbyönlü kursun axır vaxtlar müəyyən qədər önə çıxması Gürcüstan vasitəsilə Avropaya çıxış imkanlarının genişləndirilməsinə ehtiyac yaradıb. Avropa Birliyi 2020-ci ilə qədər Ermənistanla sadələşdirilmiş viza rejiminin tətbiqinə hazırlaşır. Bu baxımdan, Gürcüstan Qərbə çıxış imkanlarını artırmağa və Rusiyanın tam təsir dairəsindən çıxmağa çalışan Ermənistan üçün dəhliz rolunu oynayır. Eyni zamanda, Ermənistan ərazisindəki Rusiya hərbi bazası və "İsgəndər” raketləri NATO-ya üzv olmağa çalışan Gürcüstanın milli təhlükəsizliyi üçün ciddi təhdid yaradır. Ona görə də Ermənistanın Gürcüstanla müdafiə sahəsində əlaqələri artırması, eləcə  də Avropa Birliyinə və NATO-ya inteqrasiya istiqamətində atdığı hər bir addım təhlükəsizlik nöqteyi-nəzərindən rəsmi Tiflisin maraqlarına cavab verir.

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbərin fikrincə, Ermənistanın son vaxtlar Gürcüstanla yaxınlaşması ilk növbədə, düşdüyü regional vəziyyətlə bağlıdır. Digər tərəfdən, Ermənistanın Rusiyanın tam asılılığında olması rəsmi İrəvana ölkə daxlində ciddi problemlər yaradır: "Rusiyanın razılığı ilə Ermənisan rəhbərliyi son dövrlər Qərblə yaxınlaşma istiqamətində müəyyən addımlar atır. Bu, özünü həm Rusiyanın asılığından qurtulmaq görüntüsü yaratmaq üçün, həm də Avropa Birliyi və NATO ilə münasibətlərdə göstərir. İranla və Gürcüstanla əlaqələrin genişləndirilməsi də Rusiyanın daxili siyasətdə çətin vəziyyətə düşən Ermənistan hakimiyyətinə Rusiyanın verdiyi icazə ilə səciyyələnir. Ermənistanın həm Avropa Birliyi, həm İran, həm də demokratik dünyanın bir hissəsi olan Gürcüstanla yaxınlaşmasını bu kontekstdə dəyərləndirmək lazımdır. Ermənistan hələ 2013-cü ildə GUAM ölkələri ilə birlikdə Avropa Birliyinin Assosiasiya Sazişini imzalamağa hazır idi. Lakin Rusiyanın ciddi təzyiqlərindən sonra Ermənistan bu təklifdən imtina etdi və strateji seçim edərək Avrasiya İqtisadi Birliyinə qoşuldu. Bu, Ermənistan cəmiyyətinin Qərblə bağlılığından xəbər verir. İkincisi, nəzərə almaq lazımdır ki, Ermənistanın ən böyük lobbiləri Qərbdədir. Onlar Ermənistan hakimiyyətinə daima ciddi təzyiq göstərir. Ermənistanın həm kilsə, həm diaspor, həm də lobbilər vasitəsilə Qərblə ciddi əlaqələri var. Ona görə Azərbaycan unutmamalıdır ki, Ermənistan çox qısa zamanda strateji seçimini dəyişməklə Qərbə inteqrasiya istiqamətində çox sürətli addımlar ata bilər. Xristian Ermənistanın Qərbdə əzabkeş, əzilən millət obrazı yaratması , Vatikanla sıx bağlılığı və Qərbdə mütəşəkkil lobbisinin olması unudulmamalıdır.

ABŞ-ın post-sovet ölkələri arasında böyük səfirliyi Ermənistanda yerləşir. Rusiyanıın azacıq zəifləyəcəyi halda Ermənistan çox sürətlə Qərbə inteqrasiya edəcək. Nəticədə Ermənistan bu gün Rusiyadan aldığı yardımı, qısa müddətdə Qərbdən aldığı yardımla əvəz edəcək. Bunu nə rəsmi Bakı, nə də Azərbaycan cəmiyyəti unutmamalıdır. Çox təəssüf ki, Azərbaycan Qərblə əlaqələrin genişləndirilməsi istiqamətində xeyli illərini itirdi. Azərbaycan Rusiyanın regionda mövqeyinin güclü olmasını və Ermənistanın seçim edə bilməməsini nəzərə alıb Avropa Birliyi və NATO ilə yaxınlaşmaq istiqamətində mühüm addımlar atmalı idi. Çox təəəssüf ki, Azərbaycan bu addımı atmaq əvəzinə Rusiya ilə yaxınlaşmaq üçün Ermənitanla rəqabətə girdi. Rusiyanı bölgədən və Ermənistandan çıxartmaq üçün ona qarşı olan qüvvələrlə bir yerdə olmaq lazımdır”.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları