Yuxarı

Gürcüstan Ermənistanla ittifaq yaradır?

Gürcüstan Ermənistanla ittifaq yaradır?

Ermənistan prezidenti Serj Sarkisyanın Gürcüstana səfər edib. Səfər çərçivəsində Sarkisyan Gürcüstan prezidenti, baş naziri, parlament sədri və patriarx II İlya ilə görüşüb. 

Görüşlərdə iki ölkə arasında müxtəlif sahələri əhatə edən əməkdaşlıq məsələləri müzakirə olunub. Sarkisyanın səfərindən bir gün əvvəl isə Gürcüstanın müdafiə naziri Levon İzoriya erməni həmkarı Vigen Sarkisyanla görüşüb. Görüşdə nazirlər müdafiə sahəsində əməkdaşlıq məsələsini müzakirə edib, gələn il ölkələr arasında bu sahədə qarşılıqlı əlaqələrin daha da dərinləşəcəyini bildiriblər. Görüş zamanı hərbi tibbi əməkdaşlıq və təhsil sahəsinə xüsusi diqqət ayrılıb. 

Gürcü - erməni birliyi Azərbaycana qarşı?

Görünən budur ki, tərəflər arasında 1990-cı illərin əvvələrindən başlayan siyasi-iqtisadi, mədəni münasibətlər artıq özünə hərbi rəng qatmağa başlayıb. Söhbət, Gürcüstan və Ermənistan arasında hərbi əməkdaşlıq sazişinin imzalanmasından və qarşılıqlı öhdəliklərin götürülməsindən gedir. Beləliklə, Ermənistan - Azərbaycan münaqişəsinə (Dağlıq Qarabağ məsələsi) məsafəli yanaşma sərgiləyən və bu günədək bir dəfə də işğalçını öz adıyla çağırmayan Gürcüstan işğalçı dövlətlə hərbi sahədə də əməkdaşlıq etməkdə maraqlıdır. Müdafiə nazirlərinin görüşü və Sarkisyanın Tiflis səfərindən sonra artıq İrəvanda Gürcüstana müttəfiq gözü ilə baxmağa başlayıblar.

Gürcüstan - Ermənistan münasibətlərinin yeni mərhələyə keçməsinin Azərbaycanda müzakirə mövzusuna çevrilməsinə gəlincə, əlbəttə, müstəqil xarici siyasət yürütmək və müttəfiq seçmək müstəqil dövlət olan Gürcüstanın daxili işidir. Amma ortada olan bir sıra məqamlar var ki, sırf bunlara görə Gürcüstanın Ermənistanla məsafəli münasibət saxlamağa çalışması, xüsusilə, hərbi sahədə əməkdaşlıqdan uzaq durması həm Tiflisin, həm də Bakının maraqlarına uyğundur.

Tiflisin narahatlığı

İlk növbədə Gürcüstandan fərqli olaraq, Azərbaycan Rusiya işğalına qarşı Gürcüstanın ərazi bütövlüyünü tanıyır. Gürcüstanın isə Qarabağ probleminə yaxınlaşması ümumi xarakter daşıyır. Tiflis hər iki tərəfi bölgədə sülhü qorumağa çağırır. Lakin buna baxmayaraq, Azərbaycan Gürcüstanın ucuz neft, qaz və enerji tədarükçüsüdür. İqtisadi, siyasi və digər sahələrdəki asılılığı da nəzərə alsaq, Azərbaycanın bu ölkədəki investisiyası Gürcüstan dövlət büdcəsinin mütləq əksəriyyətini təşkil edir. Kanada iqtisadiyyatı ABŞ-dan, Ermənistan iqtisadiyyatı Rusiyadan hansı formada asılıdırsa, Gürcüstan iqtisadiyyatı da Azərbaycandan o qədər asılı vəziyyətdədir. Üstəgəl, bu ölkədə ictimai-siyasi proseslərdə aktiv formada rol almaq gücündə olan 1 milyona yaxın azərbaycanlı yaşayır. Borçalı bölgəsində yaşayan azərbaycanlıların Azərbaycana mədəni, tarixi, siyasi və milli bağlılıqları var. Həmçinin, Borçalı tarixi Azərbaycanın bir parçasıdır. Əlbəttə, bu amilin Tiflis tərəfindən gözardı edilmədiyi dəqiqdir.

Açıq formada desək, Gürcüstan Azərbaycandan asılı vəziyyətdədir. Hazırda ağır iqtisadi və sosial vəziyyət içində olan bu ölkənin Azərbaycana ödəyə bilməyəcəyi qədər xarici borcu var. Lakin Azərbaycan bunu tələb etmir, üstəgəl, ölkəni böhrandan çıxaracaq layihələrin investoru qismindən çıxış edir. Lakin buna baxmayaraq, işğalçı Ermənistanla hərtərəfli münasibətləri inkişaf etdirməkdə maraqlı olan Gürcüstan bu ölkədə yaşayan azərbaycanlılara qarşı assimiliyasiya siyasəti yürütməklə yanaşı, zaman-zaman Azərbaycana qarşı ərazi iddiaları (Zaqatala, Qax və Balakən) ilə çıxış edir. Təsadüfi deyil ki, ABŞ Dərin Dövlətinin ("CFR”, "PNAC Proyekti”) xəyali siyasi layihələrində ehtimal edilən regional münaqişələrdən biri Gürcüstan və Azərbaycan arasında nəzərdə tutulub. Həmin layihəyə görə Gürcüstandan Azərbaycana qarşı olan ərazi iddiası, hansısa qarışıq vəziyyət vaxtı məqsədlərin həyata keçirilməsi üçün fürsət yaradır. 

Yəni, Gürcüstanın Ermənistanla münasibətləri inkişaf etdirməkdə və hərbi müttəfiqliyə getməkdə maraqlı olmasında Azərbaycana qarşı separat münasibətinin payı var. Elə buna görə də Gürcüstan Azərbaycan ərazilərini işğal etdiyi üçün dünyadan təcrid edilən Ermənistanı bu blokadan çıxarmaq niyyətindədir. Hesab etmək olar ki, Tiflis Rusiyanın Abxaziya-Tiflis-İrəvan dəmiryolu xəttinin açılması təklif və tələbinə adekvat cavab versə, bu, işğalçının blokadadan çıxarılması demək olacaq. Uzun illərdir Rusiyanın bu təklifini rədd edən Gürcüstan artıq məsələnin müzakirəsi üçün masa arxasında oturub. Layihəyə milyardlarla dollar maddi vəsaitin ayrılması və daşınmalara görə böyük gəlirlərə şirniklənən Tiflis təklifə isti baxmağa başlayıb. Əlbəttə, məsələnin üzdə görünən tərəfi Gürcüstanın iqtisadi maraqları kimi görünsə də bu, Tiflisin Azərbaycana qarşı olan separat münasibətinin ən ciddi nümunələrindən biri sayıla bilər. 

Azərbaycanlılara qarşı "səssiz deportasiya” siyasəti

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Siyasi Şurasının üzvü, politoloq Əli Orucov "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, gürcülər ermənilər qədər separatizmə meyilli millətdirlər. Lakin AMİP yetkilisi hesab edir ki, bu gün gürcülərin müstəqil siyasət yürütmələrinin və dövlətçilik baxımından inkişaflarının bir təminatı da Azərbaycanla bağlıdır: "Buna görə də hesab etmirəm ki, Gürcüstan açıq şəkildə Azərbaycana qarşı olan qərəzli iddiasını ortaya qoyur. Gürcüstan Azərbaycandan bütün sahələrdə asılıdır. İqtisadi, siyasi və ticari sahələrdə bu asılılıq hiss edilir. Buna görə də Gürcüstan bir qədər Azərbaycanla ehtiyatlı davranır. Amma Gürcüstanda yaşayan azərbaycanlıların tarixinin silinməsi, azərbaycanlılara qarşı assimiliyasiya siyasəti bu gün də davam edir.

Gürcüstanda olan Azərbaycan toponimlərinin, ərazi adlarının hamısı dəyişdirilib, gürcüləşdirilib. Eyni zamanda, bu ölkədə yaşayan azərbaycanlılara torpaqlarını özəlləşdirməyə imkan vermirlər. Gürcüstanda yaşayan bütün millətlərə bu haqq verildiyi halda, azərbaycanlılara süni əngəllər yaradırlar. Halbuki azərbaycanlılar da Gürcüstan vətəndaşlarıdır. Üstəgəl, Gürcüstanda zaman-zaman Azərbaycana qarşı ərazi iddiası qaldırılır. Bu da bu günün məsələsi deyil. Azərbaycanın kəskin mövqe qoymaması, gürcülərin iştahalarını artıra bilər”. 

Əli Orucov hesab edir ki, Gürcüstan hakimiyyətinin Cavaxetiyada yaşayan separatçı ermənilərə münasibəti daha yaxşıdır: "Azərbaycanlılar üçün elə bir ağır vəziyyət yaradıblar ki, onlar bu ölkədə yaşaya bilməsinlər və Gürcüstanı tərk etsinlər. Nə azərbaycanlıların vəzifələrə çəkilməsinə icazə verilir, nə hansısa formada onların dövlət orqanlarında təmsil olunmalarına imkan yaradılır, nə də siyasi, iqtisadi, mədəni və digər konstitusion haqları tanınır. Bu o deməkdir ki, Gürcüstan azərbaycanlılara qarşı "səssiz deportasiya” siyasəti həyata keçirir. Amma Azərbaycan iqtidarı buna cavab verməlidir. Zaman-zaman da Gürcüstan hakimiyyəti Azərbaycana qarşı açıq qərəz nümayiş etdirir. Sarkisyanın Tiflisə səfəri və iki ölkənin müdafiə nazirlərinin görüşü də göstərir ki, ermənilər və gürcülərin ortaq maraqlarını əks etdirən məsələlər var. Amma Gürcüstan bu gün elə bir vəziyyətdədir ki, Azərbaycansız ayaqüstə dayana bilməz. Hətta, Gürcüstan və Rusiya arasında dəmir yolu xəttinin çəkilməsi istiqamətində danışıqlar gedir, bu, Ermənistanı blokadadan çıxarmaq deməkdir”. 

"Gürcüstan soydaşlarımızı qovmaq üçün fürsət gözləyir”

Politoloq xatırladıb ki, vaxtilə Azərbaycandan Ermənistanda yaşayan azərbaycanlılara qarşı aparılan assimiliyasiya siyasətində göz yumuldu, nəticədə azərbaycanlılar öz tarixi vətənlərindən qovuldular: "Biz Gürcüstan və Azərbaycan arasında dostluq münasibətlərinin dərinləşməsini istəyirik. Amma Gürcüstan da Azərbaycanla dost olduğunu göstərməlidir”.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları