Yuxarı

"Suriya yarası” yenidən qanayır

Üsyançılar Rusiyanın vasitəçilyini rədd etdilər

Suriya üsyançıları və müxalifəti Rusiyanın gələn aya təklif etdikləri sülh danışıqlarını, bir sözlə, vasitəçiliyini rədd ediblər. Artıq bu durum Suriyada müharibənin bitməyəcəyinə işarədir. Belə ki, Suriya üsyançıları və müxalifət qrupları Rusiyanın təklif etdiyi sülh danışıqlarında iştirak etməkdən imtina ediblər. Suriya müxalifəti hesab edir ki, Moskva öz müttəfiqi olan prezident Bəşər Əsədə münaqişəyə son qoymaq üçün təzyiq göstərmir. 40 üsyançı qrup, eləcə də siyasi müxalifət dekabrın 26-da verdikləri bəyanatlarda bildiriblər ki, gələn aya planlaşdırılan danışıqlar BMT-nin sülh prosesini pozmaq niyyəti güdür. Əslində, 2014-cü ildən başlanmış BMT prosesində də irəliləyiş əldə olunmayıb.

Maraqlıdır, Suriya müxalifəti və üsyançıları təlimatı kimdən alır?

Məsələ ilə bağlı AXCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə "Cümhuriyət” qəzetinə şərhində deyib ki, Rusiyanın hərbi müdaxiləsi nəticəsində Əsəd rejiminin məğlubiyyətdən qurtarması, regionda geosiyasi situasiyanın Moskvanın xeyrinə dəyişmiş oldu: "Rusiya prezidenti Vladimir Putinin Yaxın Şərqdə həlledici siyasəti əsasən ABŞ-ın bu regionda mövqeyinin zəifləməsi nəticəsində daha da inkişaf etdi. ABŞ-ın dəstəklədiyi silahlı müxalifət güclənib siyasi sabitliyi təhdid edə bilər. Rusiya hərbi hava qüvvələrinin İŞİD-ə qarşı uğurlu əməliyyatları  Türkiyə və İranla koordinasiyalı fəaliyyət nəticəsində ABŞ demək olar ki, Suriyada pat vəziyyətə düşdü. Rusiya prezidenti V.Putinin Suriyaya səfəri,  müharibənin sona çatdığını  və silahlı qüvvələrin Suriyadan çıxardığını elan etməsi siyasi müzakirələrin aparılmasına hesablanıb. Rusiyanın moderatorluğu Rusiya-Türkiyə və İranla birgə Astanada keçirilən görüşlər, BMT-nin Cenevrə üzrə danışıqlarını kölgədə qoymuş oldu.

Cenevrə danışıqları əsasən ABŞ-ın  Yaxın Şərqdə xüsusilə, Suriyada möhkəmlənməsinə hesablanırdı. Məhz silahlı Suriya müxalifəti Rusiyanın gələn ay Soçi sammitində iştirak etməməsi məhz ABŞ-ın maraqlarından irəli gəlir.  Suriya Milli Konqresi  Əsədin hakimiyyətdə qalması ilə keçici hökumətin təşkili və Rusiyanın siyasi xətti ilə sülhə nail olmağı hədəfləyib. Görünür, ABŞ bundan narahatlıq keçirir və dəstəklədiyi Suriya müxalifətini belə bir sammitdə iştirakına imkan vermir. Rusiya artıq bəyan edib ki, ABŞ Suriyada yenidən terrorçu qruplar hazırlayıb döyüşə göndərir. Suriyanın cənubunda belə bir hərbi baza  mövcuddur. ABŞ çalışacaq ki,  yeni adla silahlı qruplar halında yenidən Əsədə qarşı dirəniş göstərsin. Hesab edirəm ki, bundan sonra Əsədə hər hansı bir silahlı qrupun təzyiqləri nəticə verməyəcək.  Rusiya hələ ki öz siyasi istəyinə Suriyada nail olub”.

Alçina Amilqızı






Həftənin ən çox oxunanları