Yuxarı

Ermənistan inqilab ərəfəsində

Ermənistan inqilab ərəfəsində

Erməni politoloq Sarkis Artsruni bu ilin mart ayında keçiriləcək prezident seçkilərinə hazırlaşan Ermənistanda inqilabın baş verəcəyini iddia edib."Cümhuriyət” qəzeti xəbər verir ki, Ermənistanda fəaliyyət göstərən "1 in.am” saytında dərc olunan müsahibəsində politoloq xalqın kortəbii şəkildə mövcud Serj Sarkisyan hakimiyyətinə qarşı ayağa qalxacağını və bu siyasi rejimi devirməyə çalışacağını bildirib.

"Ermənistan müxalifəti ölkədə ciddi etiraz aksiyası təşkil etmək gücündə deyil. Ermənistanda hökumətin 2018-ci il planını dağıdacaq güc yoxdur. Serj Sarkisyanın istefasını və ya baş nazir olmasını parlament seçkisində tam olaraq məğlub olan qüvvələr istəyirlər.Ermənistanda hazırda müxalifət yox, xalq oyundan kənardadır.Ərəb ölkələri və İran təcrübəsi göstərir ki, oyundan kənarda olan xalqın davranışı qeyri-müəyyən olur. Polis alayının ələ keçirilməsi artıq siqnal idi, amma görünür hökumət bundan dərs çıxara bilmir”, - deyə Sarkis Artsruni qeyd edib.

Ermənistan yeni siyasi eranın başlanğıcında

2016-cı ilin aprel ayında Azərbaycanla döyüşlərdəki məğlubiyyət Ermənistanda zəlzələ effekti yaratdı. Xüsusilə, siyasi sistemi meydana gətirən ana xətdə qırılmalar baş verdi və hakimiyyət iki tirəyə bölündü. Hadisə İrəvanda qısamüddətli etiraz aksiyalarına da səbəb oldu.Keçən müddət ərzində Sarkisyan hökuməti səmərəsiz sosial-iqtisadi islahatlarla özünə qarşı formalaşmağa başlayan ümumxalq etirazlarının qarşısını almağa cəhd etsə də gizli şəkildə gedən təhlükəli prosesləri birdəfəlik dayandıra bilmir.Ermənistanda gedən ictimai-siyasi proseslərin ilginc tərəfi budur ki, etirazlara müxalifət yox, kortəbii şəkildə hərəkətlənən xalq kütlələri başçılıq edir.Ölkə miqyasında baş verən sosial-iqtisadi böhran, hakimiyyət orqanlarındakı korrupsiya halları, ayrı-ayrı siyasi qüvvələrin kənar qüvvələrlə işbirliyi, yaxınlaşan seçkilərdə ABŞ və Rusiyanın öz namizədləri ilə iştirak etmək səyləri ehtimal edilən inqilab üçün münbit şərait yaradır.Xüsusilə, cəmiyyətin siyasi proseslərdə aktivləşməsi də Sarkisyandan hakimiyyəti almaq üçün qollarını çırmalamış müxalifət üçün ideal şans verir. Rusiyadan aldığı dəstəyi böyük həcmdə azalmış siyasi sistemin zəifləməsi, ölkədəki böhranın müxalifəti gücləndirməsi, kənar dövlətlərin müdaxilələri, son zamanlarda Qərbdə Ermənistana artan geosiyasi maraq və bu baxımdan Rusiya ilə toqquşma ehtimalı, siyasi partiyalar, KİV-lər və QHT-lərin hakimiyyətə təsir imkanlarının genişlənməsi, hakimiyyət daxilində namizədlə bağlı anlaşılmazlıq və sistemin öz içində Serj Sarkisyana qarşı formalaşmış müxalifət, siyasi müxalifətin vahid platformada çıxış etmək ehtimalı və digər amillər Ermənistanda başlayan gərgin siyasi proseslərin daxili mexanizmini təşkil edir. Başqa sözlə, müxalifət və cəmiyyətin yeni siyasi lider axtarışları Ermənistanda Sarkisyan və komandasına qarşı inqilabi zəmin yaradıb.Yəni, mart ayında keçiriləcək prezident seçkilərinə hazırlaşan Ermənistan yeni siyasi dönəmin başlanğıcındadır.Seçkilərə vaxt azaldıqca, Qərb və Rusiyaya meyilli siyasi qüvvələrin öz fəallıqlarını artırmaları da vəziyyəti kritik həddə gərginləşdirir.

"Seçki ərəfəsində situasiya gərginləşəcək”

Politoloq Arzu Nağıyev "Cümhuriyət” qəzetinə açıqlamasında seçkilərdən əvvəl Ermənistanda gərginliyin artacağını istisna etməyib. Politoloq hesab edir ki, fəallaşan ayrı-ayrı siyasi qüvvələr ictimai rəyi öz maraqlarına uyğun formalaşdırmağa çalışırlar:

"Qənaətim budur ki, seçkilər yaxınlaşdıqca, belə çıxışların sayı çoxalacaq və müxtəlif iddialar ortaya çıxacaq. Çünki Ermənistanda müxtəlif seçki platformaları üzərində iş gedir. Birincisi, Qərb platforması, ikincisi, "Qarabağ klanı”, üçüncüsü, də Rusiyaya meyilli qüvvələrdir.Bu qüvvələrin hər üçü öz maraqlarını qabardır.Qüvvələrin bir hissəsi Sarkisyan rejiminin hakimiyyətdən getməsini, qalanları da qalmasını istəyirlər. "Qarabağ klanı”nın hakimiyyətdə qalması, Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi deməkdir. Yəni, bu prosesi uzatmaqla Dağlıq Qarabağla bağlı mövcud status-kvonu saxlamağa, eyni zamanda, öz hakimiyyətlərini uzatmağa çalışacaqlar.Bu proseslərə təsir edən amillərdən biri mart ayında Rusiyada keçiriləcək prezident seçkiləridir.Ermənistan Rusiyanın vassalı olduğuna görə çalışacaqlar ki, Moskvanı razı salan Sarkisyan rejimi hakimiyyətdə qalsın”.

Arzu Nağıyev İranda baş verən gərgin ictimai-siyasi proseslərin Ermənistana sıçramaq ehtimalının da yüksək olduğuna diqqət çəkib:

"İran məsələsincə gəlincə, İran Ermənistanla müttəfiq və siyasi portnyor olduğuna görə islam respublikasında hakimiyyət dəyişikliyi baş verərsə, bu, Ermənistana da təsir edəcək. Məlumdur ki, Ermənistanda ABŞ xüsusi xidmət orqanlarının geniş şəbəkəsi fəaliyyət göstərir və bu orqanlar Ermənistan ərazisindən İrana qarşı öz fəaliyyətlərini genişləndiriblər.Bu baxımdan, İranda ehtimal edilən dəyişiklik Ermənistana da təsir edəcək.Buna görə də Ermənistanda seçkilər yaxınlaşdıqca, müxtəlif iddialar ortaya atılacaq və ayrı-ayrı siyasi institutlar fəallaşacaqlar.İctimai rəyi öz maraqlarına uyğun formalaşdırmaq üçün də bu məsələlərdən istifadə olunur”.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları