Yuxarı

Ərdoğana qarşı açıq savaş başladı

Ərdoğana qarşı açıq savaş başladı

Avropada prezidenti devirmək çağırışları artır

Böyük Britaniyanın keçmiş Avropa naziri Denis Makşeyn "The New European” saytında dərc olunmuş məqaləsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı sərt şəkildə tənqid edib. O, iddia edir ki, özünü diktator kimi aparan Ərdoğan ölkəni uçuruma sürükləyir və Qərb bunun qarşısını almalıdır. Denis Makşeyn məqaləsində yazır ki, Ərdoğan Türkiyəni Yaxın Şərq ölkəsinə çevirib. Məqalədə deyilir ki, 1960, 1970 və 1980-ci illərdə də Türkiyəni hərbi diktaturalar idarə edib, lakin indiki diktaturanı xalq özü seçib, üstəgəl, bu rejim biznes və onun korrupsiyasına bulaşıb. Lakin müəllifin fikrincə, Türkiyəni ram etmək elə də asan deyil. Çünki Türkiyədə diktatura Rusiya və ya Çindəki kimi xroniki xarakter daşımır.
Denis Makşeyn vurğulayır ki, Ərdoğan müasir Türkiyənin Mustafa Kamal Atatürkü olmaq istəsə də əsl Atatürkün adının belə çəkilməsinə dözmür: "Amma Ərdoğandan fərqli olaraq Atatürk ərəb əlifbasını ləğv edib, rakı içməyi xoşlayıb və qadınlarla rəqs edərək türkləri başa salmağa çalışıb ki, qadınlarla qol-qola, yanaq-yanağa rəqs edərək də əsl müsəlman kimi qalmaq mümkündür. Amma bu gün buna baxmayaraq Türkiyənin islamlaşması sürətlə gedir və Ərdoğan çox böyük sürətlə Mustafa Kamalın nailiyyətlərinin üstündən xətt çəkir. Bütün bunlar ona islamın qələbəsi üçün yox, özünün hakimiyyətdə qalmasına görə lazımdır. Onun ordunu zəif salmağı da bu niyyətdən doğur. Müəllif belə bir nəticəyə gəlir ki, Türkiyədə seçki kimi demokratik təsisatların hələ də mövcud olduğu bir vaxtda nə NATO, nə də Avropa İttifaqı bu ölkəni tək qoymamalıdır.

Ərdoğanı devirməyə çağırış

Britaniyanın Türkiyədəki keçmiş səfiri Peter Vestmakott isə Denis Makşeyndən daha radikal və kəskin mövqe ortaya qoyub. O, açıq formada Qərbi Ərdoğanı devirməyə çağırıb. O, "Atlantic Council” jurnalında yazdığı məqaləsində bildirir ki, Ərdoğanın avtoritarlığa yuvarlanmasını kimsə dayandırmalıdır, çünki başqa cür Türkiyənin siyasi təsisatlarını, hətta mədəniyyət və reputasiyasını qoruyub saxlamaq mümkün olmayacaq.

Qərbin açıq oyunu

Görünən budur ki, artıq Qərb Ərdoğana qarşı açıq oyun oynamaq qərarı verib və gərginlik açıq müstəviyə keçir. Hələ keçən ilin sonlarında NATO-nun Norveçdə keçirilən təlimlərində Türkiyə prezidentinin şəklinin poliqona "hədəf taxtası” kimi qoyulması da o ehtimalı yaratdı ki, 2016-cı illərin ortalarından Ərdoğanla münasibətləri tamamilə qırılan Qərb onun hakimiyyətdə qalması ilə razılaşmayacaq və alternativ varinatlara əl ataraq, iqtidarında son qoymağın yollarını axtaracaq. Lakin Qərbin belə tezliklə hərəkətə keçəcəyi də gözlənilən deyildi.

Qərbin Ərdoğana qarşı hansı addımları atacağına gəlincə, ona qarşı Türkiyənin daxili resurslarından istifadə ediləcəyinə şübhə yoxdur. Düzdür, ABŞ-da Türkiyəyə qarşı sanksiyaların tətbiq ediləcəyi məsələsi gündəmə gəlib, amma bunun da ölkə daxilində ictimai-siyasi vəziyyəti gərginləşdirmək üçün vasitə olduğuna da şübhə yeri yoxdur. Bu baxımdan, Qərbin Ərdoğanı küncə sıxışdırmaq üçün Türkiyə müxalifəti daxilində özünə yeni müttəfiq axtarışına çıxacağı ehtimal edilir. Hakimiyyət dəyişikliyi üçün bütün radikal addımlardan imtina edən CHP lideri Kamal Kılıçdaroğlu bu baxımdan Qərbin maraqlarına cavab verməsə də son zamanlarda Ərdoğanla münasibətləri tamamilə pozulan keçmiş prezident Abdullah Gül və Avropada nüfuzu kifayət qədər yüksək olan keçmiş baş nazir Əhməd Davudoğlu, həmçinin öz siyasi partiyasını quraraq Ərdoğana qarşı ciddi siyasi rəqib kimi ortaya çıxan Meral Akşener də Qərbə uyğun variantlar ola bilər. Təsadüfi deyil ki, son günlərdə Britaniya və Amerika KİV-ləri növbəti seçki ilinə qədər Akşenerin Ərdoğana qarşı ciddi fiqur kimi ortaya çıxacağını və hakimiyyət uğrunda əsas mübarizənin də bu şəxslər arasında gedəcəyini iddia edirlər.

"Kürd məsələsi” masaya qaytarıldı

Əlbəttə, Qərbin Ərdoğana qarşı seçə biləcəyi variantlar bunlarla kifayətlənmir. Məsələn, "kürd məsələsi” yenidən Qərbin masasına atılıb. Son günlərdə Avropa və Amerika KİV-lərində üzərində vurğu edilən əsas məsələ budur ki, Ərdoğan Türkiyədə yaşayan kürdlərlə bağlı verdiyi vədləri yerinə yetirmədi. İddia edilir ki, kürdlərə ana dillərində təhsil almaq, mədəni və siyasi haqlarının tanınmasını vəd edən Türkiyə prezidenti bunun yerinə, kürdlərə qarşı təzyiqləri sərtləşdirib.

Görünən budur ki, Türkiyədə kürd məsələsi ətrafında gərginliyi artırmağa çalışan Qərb yenidən PKK kimi kürd terror təşkilatlarının fəallaşmasına rəvac verə biləcək vəziyyət yaratmağa cəhd edir. Əlbəttə, PKK ilə yanaşı, Türkiyənin hərbi və siyasi sistemində kifayət qədər geniş şəbəkəsi olan fətullahçı terror təşkilatı - FETÖ-nün də Ərdoğana qarşı seçiləcək təzyiq vasitələri arasında olacağına şübhə yoxdur. Türkiyənin son xəbərdarlığını da gözardı edən ABŞ-ın təkidlə FETÖ lideri Fətullah Güləni mühafizə etməsini və Ankaraya təhvil verməməsini də bura aid etmək olar.

Mənsur Rəğbətoğlu






Həftənin ən çox oxunanları