Yuxarı

Qazax lider "rus birliyi”ni silkələyir

Qazax lider

Qazaxıstan prezidenti Nursultan Nazarbayevin yanvarın 16-da ABŞ-a rəsmi səfər etməsi regional proseslərə ciddi təsir edə bilər. Analitiklərin fikrincə, ABŞ şirkətlərinin Qazaxıstana 7,5 milyard dollar investisiya yatırmasını nəzərdə tutan müqavilə Avrasiya İqtisadi Birliyi daxilindəki münasibətlərin dəyişməsinə gətirib çıxaracaq. Erməni politoloqlar bu məsələnin Ermənistana da təsirsiz ötüşməyəcəyini bildirir."Lragir.am” portalının yazdığına görə, Qazaxıstana iri məbləğdə maliyyə axını Ermənistanın da diqqətini cəlb edir.Bu baxımdan, AİB-ə üzv olan Ermənistanın da Qazaxıstanın siyasətini davam etdirmək istəyinə düşəcəyi gözləniləndir.

"Ermənistan bu məsələdə Qazaxıstanla rəqabət aparmır.ABŞ-Qazaxıstan münasibətlərinin və tərəfdaşlığının dərinləşməsi bir çox hallarda İrəvan üçün əlverişli bir inkişaf mühiti yaradlır.Birincisi, Qazaxıstanın iddialarının artması Avrasiya İqtisadi Birliyi daxilində Rusiyanın əleyhinə işləyən amilə çevriləcək.İttifaq daxilində gərginliyin artması isə Ermənistanın səsini qaldırması üçün şərait yarada bilər.ABŞ-la Qazaxıstan arasında əldə olunmuş yüksək səviyyəli razılaşmalar Ermənistan üçün əlverişli bir Avrasiya mühiti yaratmaq potensialına malikdir.Belə ki, Amerika sərmayələrinin cəlb edilməsi baxımından, Qazaxıstan Ermənistan üçün rəqib deyil, daha çox nümunəyə çevrilə bilər”.

Politoloq Natiq Miri isə hesab edir ki, Qazaxıstanla Ermənistanı müqayisə etmək və onları bərabər geosiyasi tərəziyə qoymaq düzgün deyil:

"Qazaxıstan dünya gücləri ilə balanslaşdırılmış siyasət yürüdə bilən bir dövlətdir. Avrasiya İqtisadi Birliyinin və MDB-nin üzvü olmasına və Rusiya ilə münasibətləri yüksək səviyyədə saxlamasına baxmayaraq, Qazaxıstan həm də Çin və Hindistan kimi böyük dövlətlərlə geniş əlaqələr qurub.Prezident Nazarbayevin Vaşinqtona dəvət edilməsi isə Qazaxıstanın Avrasiya İqtisadi Birliyinin üzvü olması ilə bağlı deyil.Burada əsas hədəf Çinin regionda artan siyasi və iqtisadi dominantlığının qarşısını almaqdır.Çünki bu gün ABŞ üçün əsas hədəf Rusiya deyil, Çindir.Rusiya ABŞ üçün ciddi təhdid yaratmır.Xüsusilə də iqtisadi cəhətdən belə bir təhlükə mövcud deyil.Ancaq Çin iqtisadi, hərbi və digər istiqamətlərdə Birləşmiş Ştatları sıxışdırmağa başlayıb. Bu proses yalnız Sakit Okean hövzəsi bölgəsində müşahidə olunmur. Eyni zamanda, Mərkəzi Asiyada və Avrasiya bölgəsində də Çinin iqtisadi və hərbi təsir dairəsi genişlənir. Amerika Qazaxıstana 7,5 milyard dollar həcmində investisiya qoymaqla Çinin Mərkəzi Asiyadakı təsirini azaltmağa çalışır. Çünki Qazaxıstan Mərkəzi Asiya regionunda ən böyük və güclü dövlətdir.Üstəlik, Qazaxıstan prezidenti Nursultan Nazarbayev beynəlxalq miqyasda yüksək nüfuza malik bir siyasətçi olduğuna görə ABŞ məhz bu ölkəyə diqqət ayırıb.Qazaxıstana yüksək məbləğdə investisiyaların qoyulmasını da məhz bu kontekstdə dəyərləndirmək lazımdır.Qazaxıstanı Ermənistana uyğun model seçməklə bağlı erməni analitiklərinin yanaşmalarına gəlincə, bu absurd və gülüncdür.Çünki Ermənistan həm iqtisadi, həm də geosiyasi əhəmiyyətinə görə ABŞ üçün o qədər də maraq kəsb etmir.Ona görə də Ermənistanla Qazaxıstanı bir tərəziyə qoymaq olmaz.Ermənistan Rusiyanın forpostu olaraq qalır.Ermənistanın Avrasiya İqtisadi Birliyi ilə sərhədləri belə yoxdur.Bu yöndə ermənilərin Qazaxıstanı özlərinə nümunə götürməsi onların məntiqsizliyindən xəbər verir”.

Müşfiq Abdulla 






Həftənin ən çox oxunanları