Yuxarı

Erməni ordusunun mənzərəsi: İntihar, "dedovşina”, işgəncə...

Erməni ordusunun mənzərəsi: İntihar,

Azərbaycanın işğal altındakı ərazilərindəki erməni hərbi hissələrindən birində dözülməz vəziyyətə görə qaçan hərbi qulluqçuya işgəncə verilib."Cümhuriyət” qəzeti xəbər verir ki, bu barədə Ermənistanda fəaliyyət göstərən "Forrights.am” saytı məlumat yayıb. Sayt yazır ki, hərbi qulluqçu Edqar Akopyan dəfələrlə Qarabağdakı separatçı rejimin "hərbi komandanlığı” ilə imzaladığı müqavilədən imtina etməyə çalışıb, lakin hər dəfə rədd cavabı alan Akopyan hərbi hissədən qaçıb. Ələ keçdikdən sonra isə komandirin göstərişi ilə ona işgəncə verilib.

Qeyd edilir ki, Edqar Akopyan Əsgəran-Ağdam istiqamətindəki hərbi hissələrdən birində xidmət edib. O, hərbi hissədəki qeyri-insani şərtlərə dözməyərək elə xidmətin ilk aylarında böyrək xəstəliyi qazanıb, səhhəti ilə bağlı döyüş növbətçiliyinə çıxa bilməyib və dəfələrlə bu barədə hərbi hissənin komandirinə yazıb. Lakin hər dəfə komandir hərbi qulluqçunun ərizəsini cırıb atıb və Akopyanı zorla səngərə göndərib.Nəticədə Akopyan dözməyərək hərbi xidmət yerini özbaşına tərk edib, ancaq onu İrəvanda tutub geri qaytarıblar və hərbi hissədə komandir, habelə hərbi polis, o cümlədən, şəxsən istintaq şöbəsinin rəisi Akopyana işgəncələr verib, onu alçaldıb.

Valideynlər Sarkisyanı xəbərdar etmişdilər

Qeyd edək ki, işğal altındakı Azərbaycan ərazilərində dislokasiya olunmuş erməni hərbi hissələrində ağır şərtlər daxilində xidmət edən Ermənistanın hərbi qulluqçuları arasında son zamanlarda intihar halları və xidmətdən yayınmaq hallarının sayı artıb.Bir çox hallarda bu faktları gizlədə bilməyən Ermənistanın Müdafiə Nazirliyi bu qulluqçuların Azərbaycanla silahlı qarşıdurmalara həlak olduqları barədə yalan məlumatlar yayır.Lakin 2015, 2016 və 2017-ci illərdə İrəvanda Müdafiə Nazirliyi və Prezident Administrasiyasının qarşısında aksiya keçirən əsgər anaları faktların üzərini açdılar.Məlum oldu ki, ağır şərtlərə dözməyərək intihar edən əsgərlərin ölümləri ilə bağlı həqiqətlər hərbi rəhbərlik tərəfindən gizlədilir.Valideynlər aksiyalarda problemlər həll edilməyənədək öz övladlarını hərbi xidmətə göndərməkdən imtina edəcəklərini də diqqətə çatdırmışdılar.

İşğalçı ordunun problemləri

Şübhəsiz ki, Ermənistanın işğalçı ordusunun bu problemlərin kökü dərindir.Bu problemlər ordudakı "dedovşina” hallarından tutmuş hərbi-texniki təchizata və ordunun öz gücünə olan inamsızlığadək uzanır.Məsələn, canlı hərbi qüvvələrinin ümumi sayı 39 min hərbçi olan Ermənistan bu baxımdan Azərbaycandan dəfələrlə geridə qalır.İşğalçı ölkənin canlı qüvvəsinin sayı Azərbaycandan 37% azdır.Ermənistan müharibə vəziyyətində səfərbərliklə 150 min nəfərin xidmətindən istifadə edə bilər ki, Azərbaycanda bu rəqəm 350 mindən çoxdur.Ermənistan ordusunun silahlanmasına gəlincə, silahlı qüvvələri keçmiş sovet və Rusiya texnikaları ilə təchiz edilib.Ermənistanın 109 tankı, 98 zirehli texnikası, 130 ZPT-sinin də hamısı modernizasiya edilmiş sovet texnikalarıdır.Məhdud sayda Pilotsuz Uçan Aparatlara (PUA) sahib olan erməni ordusunun yeni və modern hava hücumundan müdafiə sistemləri (təyyarələr, qırıcılar, raketlər və s.) yoxdur.Ermənistan müharibə vəziyyətində keçmiş sovet istehsalı raketlərə, yaxud, Rusiyanın illər əvvəl imtina etdiyi raketlərə güvənə bilər."İsgəndər M” istisna olmaqla, 1991-ci ildə bu günədək Ermənistan 1 ədəd də yeni raket almayıb.Yalnız Rusiyadan silah almaq imkanına sahib olan Ermənistana bu ölkədən verilən kreditlərlə aldığı silahların siyahısında avtomatlar, bir neçə modernizasiya edilmiş tank və top daxildir.Son illərdə bir dəfə də döyüş təyyarələri və helikopterlər ala bilməyən Ermənistanın dövlət sərhədlərini və hava məkanını Rusiyanın bu ölkədəki hərbi bazasındakı (Gümrü, 102-ci baza) hərbi qüvvələri qoruyur.Şübhəsiz ki, Rusiyadan asılılıq erməni ordusunda baş qaldıran problemlərin əsas kökü sayılır.

Moskvadan İrəvana embarqo

Ermənistan rəhbərliyi uzun illər İsrail, ABŞ və Avropa dövlətlərindən silah almağa cəhd etsə də Rusiya buna imkan vermədi.Digər yandan, Ermənistana kreditlər ayıraraq bu pulların həcmi dəyərində avtomatlar, sursat və bir neçə tank verən Rusiya bununla bu ölkəni özünə borclandıraraq Silahlı Qüvvələrinə nəzarəti həyata keçirir. Azərbaycan qarşısına çıxarmaq üçün kifayət qədər canlı qüvvəsi və modern silahları, texnikaları olmayan işğalçı ölkə müharibə vəziyyətində Rusiyanın öz ərazisindəki hərbi bazasında olan 3 min hərbçisinə, 74 tank, 18 "MİG-29” qırıcısına və "S-300” raketləri ilə yanaşı, "İsgəndər M” raketlərinə arxalanır. Digər yandan, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olan Ermənistan bu ittifaqdakı müttəfiqlərinə (Belarus, Tacikistan, Qazaxıstan, Rusiya, Qırğızıstan) güvənsə də Rusiya istisna olmaqla, bütün üzvlər Azərbaycanla müharibə vəziyyətində Ermənistanı dəstəkləməyəcəklərini açıqlayıblar. Lakin 2 milayrd hərbi büdcəsi olan Ermənistan ehtiyatlıdır və hava məkanının təhlükəsizliyini Rusiyaya həvalə edib.

Azalan hərbi xərclər

Başqa sözlə, işğalçı Ermənistan silahlanma yarışına girdiyi Azərbaycana uduzur. Ən az bu ölkənin hərbi gücü Azərbaycandan 5 dəfə azdır. Coğrafi baxımdan dənizlərə çıxışı olmadığına görə hərbi dəniz donanması olmayan Ermənistan yalnız özünün hava və quru qoşunlarına güvənir.Lakin ciddi maliyyə böhranı içində olan Ermənistan rəhbərliyə buna görə hərbi xərcləri də azaldıb. Silaha olan ehtiyacın təmin edilməsi və köhnə texnikaların modernizasiyası üçün nəzərdə tutulmuş xərclər son 2 il ərzində 3 dəfə azalıb. 2011-2017-ci illər aralığında rəhbərlik modernizasiya və yeni silahların alınması üçün 1 milyard dollardan da az pul xərcləyib.

Köhnəlmiş sovet taktikası

Ermənistanın quru qoşunlarının əsas hissi Gorus, Vanadzor, Qarçapyur, Nubaraşen və Ehednadzorda yerləşir.Quru qoşunlarındakı qüvvələrinin sayı 30 mindən azdır.Orduya verilən təlimlər keçmiş sovet və Rusiya standartlarına uyğun aparılır. Rusiya istehsalı və modernizasiya edilmiş "T-72”, məhdud sayda olan "T-54” və "T -55” tankları ermənilərin quru qoşunlarının istifadə etdikləri əsas silahlardır. 190 ədəd PDM, 150 ədəd zirehli texnika, 110 ədəd ZTR, 20 ədəd BTR-70 və BTR-80 də hərbi birləşmələrinin sərəncamındadır. Ermənistan "GAZ-2975 Tigr” texnikalarını da Rusiyadan alır.60 ədəd "Uragan” və "Grad” da ordunun arsenalına daxil edilib. Orduda bir qayda olaraq Rusiya istehsalı "AK-74” və "K-3” döyüş avtomatlarından istifadə edilir. Bundan əlavə, Ermənistanın Hərbi Hava Qüvvələri "Krunk” qırıcıları, "MI-8”, "MI-24P” və "MI-2M” helikopterləri, "S-300”, "S-75” və "OSA” hava hücumundan müdafiə sistemləri ilə təzhiz edilib. İşğal altındakı Azərbaycan ərazilərində cəmi 15 min canlı qüvvəsi olan Ermənistanın buradakı ordu birləşmələri "T-72” və "T-55” tankları ilə təzchiz edilib. 

Müttəfiq çatışmazlığı

Ermənistanın Qarabağda hava hücumundan müdafiə sistemlərinin olmadığı bildirilir."Beynəlxalq Böhran” Qrupu ("İnternational Crisis Group”) Ermənistanın işğal altındakı Azərbaycan ərazilərindəki hərbi qüvvələrinin kifayət qədər zəif olduğunu açıqlayıb.İşğalçını Azərbaycanla müqayisədə kifayət qədər zəif rəqib kimi xarakterizə edən qrup müharibə vəziyyətində Ermənistanın Rusiyaya arxalanacağını diqqətə çatdırır.Qrupun mütəxəssisləri həmçinin müttəfiq məsələsində Azərbaycanın bəxtinin gətirdiyini - müharibə vəziyyətində Azərbaycanın Pakistan kimi nüvə gücü olan və Türkiyə kimi dünyanın 5 ən güclü ordusunun birinə sahib olan müttəfiq dövlətlərdən dəstək ala biləcəyini iddia edirlər.

Darmadağın edilən "əfsanəvi ordu”, "dedovşina”, maliyyə qıtlığı və inamsızlıq

Maliyyə böhranı içində olan Ermənistan rəhbərliyinin hərbi xərclər üçün nəzərdə tutduğu büdcəsi də yox dərəcəsindədir. Daha çox Rusiyadan ayrılan kreditlərə arxalanan İrəvan son iki ildə xərcləri hiss ediləcək səviyyədə azaldıb. Digər yandan, "dedovşina”, xidmətdənyayınma və intihar hallarının geniş yayıldığı Ermənistan ordusunun zabit və gizirlərinə maaşların verilməsi də gecikdirilir.Maliyyə problemləri hərbi texnologiyaların qoorunmasında da özünü göstərir.Erməni hərbçi-ekspertlər bu kimi halların cəmiyyətin orduya olan inamını azaldan əsas faktorlar arasında çəkirlər.Başqa sözlə, müdafiə büdcəsinin məhdudluğuna görə son illərdə Ermənistanın canlı hərbi qüvvələrinin sayı da kifayət qədər azalıb.Xüsusilə, 2016-cı ilin aprelində Azərbaycanla baş vermiş döyüşdən sonra Ermənistanda gənclər arasında xidmətdənyayınma hallarının sayı hiss ediləcək formada artıb. Hərbçilərə verilən 180 dollar maaş da erməniləri xidmətdən yayındıran amillərə daxildir. 

Ermənistanın hava qüvvələrinin lazım olacaq qədər texnikalarla təchiz edilməməsi də təsiredici faktordur. Bu, özünü aprel döyüşlərindəki ağır məğlubiyyətdə də büruzə verdi. Həmin tarixdə Azərbaycan ordusu Sarkisyan rejiminin yaratdığı "əfsanəvi erməni ordusu” mifini darmadağın etdi.Digər yandan, hava qüvvələrində xidmət edən mütəxəssislərin qeyri-peşəkar olmaları Ermənistanı narahat edən ən ciddi problemdir ki, siyasi rəhbərlik bu məsələni də Rusiyanın hərbi bazalarına arxalanmaqla həll etmək istəyir.Buna görə də Moskvanın birləşmiş Rusiya - Ermənistan hərbi birləşməsi qurmaq təklifinə müsbət cavab verən Serj Sarkisyan hökuməti başqa bir tərəfdən də rusiyalı mütəxəssisləri ölkəyə dəvət edərək ordunun peşəkarlığının artırılması yollarını axtarır.Ermənistan cəmiyyəti isə ölkəni tamamilə Rusiyanın caynağına vermiş Sarkisyandan narazıdır.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları