Yuxarı

Rusiyada fırtınaqabağı səssizlik

Rusiyada fırtınaqabağı səssizlik

Mart ayında  Rusiyada  prezident seçkiləri keçiriləcək. Hazırkı prezident Vladimir Putinin şansları yüksək qiymətləndirilsə də, alternativ namizədlər də seçkidə iştirak edir.Onların arasında şanslı namizədlər də var. Bu arada ölkədə siyasi fəallıq artıb. Müxalifət lideri  Aleksey Navalnının təşəbbüsü ilə aksiya keçirilib. "Seçicilərin tətili" adı altında keçirilən aksiyaya bir neçə min iştirakçı qoşulub.Məlumatlara görə icazəsiz mitinqlərin təşəbbüskarı, müxalifət lideri və Korrupsiya ilə mübarizə fondunun rəhbəri Aleksey Navalnı polis tərəfindən saxlanılıb.Maraqlıdır, Rusiyada keçiriləcək prezident seçkilərində nə gözlənilir?Seçkiqabağı hansısa təlatümlər yaşana bilərmi?

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə "Cümhuriyət” qəzetinə şərhində Putinə qarşı ciddi siyasi təzyiqlərin nəticə verəcəyinə inanmadığını deyib. M.Əsədullazadə həmçinin etirazlara Qərbin dəstəyinin də effektli olmayacağını deyib:

"Prezident seçkiləri yaxınlaşdıqca (Seçkilər martın 18-də keçiriləcək-red)  siyasi ehtiraslar qızışır. Müxalif blogger Aleksey Navalnının çağırışı ilə ötən gün Rusiyanın əksər şəhərlərində təşkil olunan etiraz aksiyaları kütləviləşir.Navalnının seçkilərə buraxılmaması etirazların formalaşmasını şərtləndirir.

Putinin bu  seçkidə favorit olması şübhəsizdi. Bütün vasitələrdən istifadə edərək, öz siyasi müxalif rəqiblərini sıradan çıxaran Putinə qarşı Navalnının hər hansı ciddi siyasi təzyiq göstərməsi real deyil.Düzdür, sosial-iqtisadi vəziyyətin ağırlaşması, inflyasiyanın dərinləşməsi, xalqda ciddi etiraz formalaşdırsa da bunun seçkiyə təsiri maksimum olmayacaq. Bu etiraz aksiyalarının genişlənəcəyi, seçki yaxınlaşdıqca Moskvada da böyük mitinqlərin keçiriləcəyi  istisna edilmir. ABŞ hazırda çalışır ki, etiraz aksiyaları bütün Rusiya ərazisinə yayılsın və Putinin reytinqinin kifayət qədər aşağı düşməsinə gətirib çıxartsın. Qeyd edim ki, Rusiyanın Ukrayna və Suriyada hərbi əməliyyatları imkan verdi ki, daxili faktor Putinin lehinə formalaşsın.Ona görə də bu aksiyalara əhalinin böyük bir hissəsi qatılmayacaq. Amma yenə də fors-major məqamda  kütləvi aksiyaları da istisna etmirəm. ABŞ çalışır ki, Xodorkovski timsalında Putinə rəqib ortaya çıxartsın.Amma peşəkar çekist olan Putin ABŞ-ın bu planlarının qarşısını alıb.Hesab edirəm ki, bir ay müddətində formalaşan etiraz aksiayaları effektli olsa da, Putini hakimiyyət küsüsündən endirməyə qadir olmayacaq.Proseslər mürəkkəb olaraq qalır.Navalnının başçılığı ilə formalaşan etirazlara Qərbin dəstəyi real görünmür”.

Siyasi-şərhçi Əhəd Məmmədli isə hesab edir ki, Putin seçkini maksimum alternativsiz keçirmək niyyətindədir:

"Dünən keçirilən nümayişləri nəzərdə tutursuzsa, gözlənildiyi kimi elə də izdihamlı alınmadı. Rusiyanın ərazi miqyasını, əhali nüfuzunu nəzərə alsaq, elə də  izdihamlı mitinqlər olmadı. Navalnının namizədliyinin qeydə alınmamasına görə heç kəs küçələrə axışıb inqilab edən deyil.Navalnının çağırışı ilə əvvəlki izdihamlı mitinqlər də ümümi sosial-iqtisadi vəziyyətə etiraza görə baş vermişdi.Rusiyada ciddi narazılıq var, amma bu narazıların yarısından çoxu Navalnını özlərinin lideri hesab etmir.Dünənki nümayişlərin zəif keçməsi də məhz buna dəlalət edirdi. Putinə prezident seçkilərində problem ola bilərdi. Lakin bu narazılığın, ola biləcək təlatümlərin arxasında gərək nüfuzlu və əksəriyyət tərəfindən qəbul edilmiş lider olmalıdır. Hələlik isə Navalnı daxil olmaqla Rusiyada belə lider yoxdur. Elə lider Xodorkovski ola bilərdi, o da hal-hazırda Rusiya hüdudlarından kənardadır. Bəlkə Navalnı rəsmi namizəd olsaydı, nəsə baş verə bilərdi, onun da namizədliyi qeydə alınmadı. Putin bu seçkiləri özünə  alternativsiz keçirməklə maksimum dərəcədə siyasi ehtiyatla davrandı. Üstəlik, Rusiya daxilində hələ də Putinin güclü avtoritetinin olduğunu qeyd etməliyik”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları